rena bayramova

Şəkərli diabet haqda nələri bilməliyik? – MÜTƏXƏSİS AÇIQLAYIR

Baxış sayı: 212

Əgər sizin artıq çəkiniz və ya tərsinə kəskin şəkildə çəki itkisi varsa, susuzluq, ağızda quruluq,  xüsusən cinsiyyət orqanlarında qaşınma,  yuxululuq,  yorğunluq, tez-tez sidiyə çıxma, həmçinin yaraların gec sağalması kimi simptomlarınız varsa, mütləq endokrinoloq/dietoloqa müraciet edin. Çünki həm müalicə, həm də ömürlük diet olmalıdır. Qan analizi şəkərə, insulinə, qlikohemoqlobinə vermədən heç bir dərmanı həkim tövsiyəsi olmadan istifadə etməyin. Bu sözləri bizimlə söhbətində pediatr və kliniki dietoloq kimi fəaliyyət göstərən Rəna Bayramova dedi.

Son dövrlərdə geniş yayılan və hər kəsi narahat edən şəkərli diabet haqda bilməli olduğumuz nüanslardan da danışan mütəxəssis şəkərli diabetin endokrin xəstəlik olduğunu, mütləq və ya nisbi insulin çatışmazlığı səbəbiylə qanda şəkər səviyyəsinin xroniki artımının baş verdiyini diqqətə çatdırır.

Şəkərli diabetin klasifikasiyasından da bəhs edən Rəna Bayramova ümumilikdə 5 tip şəkərli diabetin mövcudluğunu bildirir:”İnsulindənasılı diabet (1-ci tip şəkərli diabet ) əsasən uşaqlarda və cavan adamlarda müşahidə olunur. İnsulindənasılıolmayan diabet ( 2-ci tip şəkərli diabet ) əsasən 40 yaşdan yuxarı , artıq çəkisi olan insanlarda müşahidə olunur. Bu ən çox rast gəlinən tipdir ( 80-85 % hallarda ) İkincili və ya simptomatik diabet. Hamilələrdə diabet və yetərsiz qidalanma ilə bağlı diabet mövcuddur.”

Həkimin sözlərinə görə, birinci tip şəkərli diabetdə mədəaltı vəz funksiyasının pozulması ilə əlaqədar mütləq insulin çatışmazlığı vardır.İkinci  tip şəkərli diabetdə nisbi insulin çatışmamazlığı müşahidə olunur. Mədəalti vəz hüceyrələri bu halda normal miqdarda insulin ifraz edirlər ( bəzən isə normadan artıq ). Ancaq hüceyrə divarlarında qan şəkərinin hüceyrəyə keçməsini təmin edən strukturların sayı azalır və ya onlar bloklaşır. Hüceyrələrdə şəkərin defisiti insulinin daha da çox ifraz olunmasına bir siqnaldır, lakin zaman kecdikcə bu bir effekt vermir və insulinin ifrazı azalır.

rena bayramova

Birinci və ikinci tip şəkərli diabetin yaranma səbəblərindən də bəhs edən Rəna Bayramova qeyd edir ki, şəkərli diabetin əsas səbəbi autoimmun prosesdir. Hansı ki immun sisteminin disfinksiyası və mədəaltı vəz hüceyrələrinə qarşı antitellərin ifraz olunması ilə xarakterizə olunur. Birinci tip şəkərli diabetin yaranmasına səbəb olan əsas faktor – genetik baxımdan meyilli insanlarda virus infeksiyalarıdır (məxmərək , su çiçəyi, hepatit, epidemik parotit , və s. )

Mütəxəssis deyir ki, ikinci tip şəkərli diabetin yaranmasına artıq çəki və genetik meyillilik səbəb olur. Bu iki faktor haqda da danışan Rəna Bayramova aşağıdakıları dedi: “Birinci dərəcəli piylənmə aşkarlandıqda şəkərli diabetin yaranma riski 2 dəfə , ikinci dərəcədə – 5 dəfə , üçüncü dərəcədə isə – 10 dəfədən çox artır. Diabet- daha çox piylənmənin abdominal formasında aşkarlanır – piy toxuması əsasən qarın nahiyyəsində yerləşdikdə. Genetik meyillilik məsələsinə gəlincə, valideyinlərdə və yaxın qohumlarda şəkərli diabet mövcudluğunda xəstəliyin inkişaf riski 2-6 dəfə artır.İnsulindən asılı olmayan diabet tədricən inkişaf edir və mülayim simptomları ilə xarakterizə olunur”.

İkincili şəkərli diabetin yaranma səbəbləridən də bəhs edən həkim bunun mədəaltı vəz xəstəlikləri ( pankreatit , rezeksiya , şişlər və s), hormonal xəstəliklər ( Kuşing sindromu , akromegaliya , diffuz toksiki ur , feoxromositoma ), kimyəvi maddələrin və dərmanların təsiri, insulin reseptorlarının dəyişkənliyi və müəyyən genetik sindromlar və s. kimi səbəblərdən baş verdiyini bildirir.

Rəna Bayramova sonda diabetin yaranma səbəbinin nə olmasından asılı olmayaraq nəticəsi bir olduğunu vurğuladı: “Bədən gida vasitəsilə aldiği şəkəri yetərincə istifadə edə bilmir , qaraciyərdə və əzələlərdə artıq şəkəri depolandırmır. İstifadə olunmayan şəkər artıq miqdarda qanda dolaşır ( qismən sidiklə bədəndən çıxır ) ki, bu da bütün orqan və toxumalara mənfi təsir göstərir. Hüceyrələr yetərincə şəkərlə təmin olunmadığı ücün, enerji mənbəyi kimi yağlar istifadə olunur. Nəticədə bədəndə artıq miqdarda toksiki maddələr yaranır , hansılar ki ilk növbədə baş beyinə təsir edir. Bunlar keton maddələrdir. Yağ , zülal və mineral mübadiləsi pozulur”

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir