semeni

Səməni necə cücərdilir? – DÜZGÜN QAYDASI

Baxış sayı: 402

Novruzun əsas atributlarından, simvollarından biri səmənidir. Novruzu səmənisiz təsəvvür etmək qeyri-mümkündür. Bəs evdə səməni necə qoyulur? “Gencaile.az” səməninin cücərdilmə qaydası və tarixi barədə maraqlı məlumatı diqqətinizə çatdırır.

Bəzi müəlliflər öz əsərlərində “səməni” sözünü “çəmən” və “saman” sözüylə bağlayırlar. Bu qəbildən olan sözlərə hindlilərin “sumani”- buğda sözünü, rusların “semena” – toxum sözlərini də aid etmək olar. Avestanın və Riqvedanın diqqətlə təhqiqi səməni anlayışını və “soma” (Riqveda) və ya “xaoma” (Avesta) bitkisinin və ilahi içkisinin sirlərini açmağa imkan verir.

Rus və başqa xalqlar üçün “yolka” necə əzizdirsə, səməni bizim üçün ondan da əzizdir. Səməni nəinki bizim süfrəmizin, evimizin bəzəyidir, eyni zamanda Novruz bayramının simvoludur.

Səməni bolluq simvoludur. Məhsulun həmin il necə olacağını məhz səməni ilə müəyyən edirlər. Əgər səməni yaxşı bitibsə, boy atıbsa, deməli, məhsul həmin ili bol olacaq.

Səməni zəriflik simvoludur. Hər bir evdə səməni ilin başlanğıcında yetişən ilk zərif bitkidir ki, özünə hörmət, ehtiramla yanaşmaq tələb edir.

Səməni xeyirxahlıq simvoludur və heç vaxt xeyirxah olmayan adamların yaxınlığında bitmir.

Səməni təmizlik simvoludur, həm fiziki, həm də mənəvi cəhətdən təmiz olmayan adam onu yetişdirə bilməz. Səməni hər evə şadlıq, sevinc gətirir, çünki ona baxan qoca da, cavan da qeyri-ixtiyari xeyirxah olur, daxilən şadlanır.

Səməni yetişdirmək üçün bəzi adətləri yerinə yetirmək lazımdır. Əgər sən həm fiziki, həm də mənəvi cəhətdən təmiz deyilsənsə, yaxşı olar ki, səməniyə yaxın gəlməyəsən, çünki belə olan halda səməni, ümumiyyətlə, bitməyəcək, şişmiş buğda toxumu sadəcə olaraq çürüyəcək. Səməni qoymazdan əvvəl qapı-bacanı təmizləmək, tər-təmiz yuyunmaq, pis və naqis fikirlərdən uzaq olmaq, sizin qarşınızda günahkar olanları bağışlamaq, xeyirxah olmaq lazımdır. Ancaq belə olan halda səməni yaxşı yetişər. Yadda saxlamaq lazımdır ki, bütün bu dediklərimizə riayət etmək nəinki səməninin yetişməsinə, eyni zamanda həmin ildə məhsulun inkişafına da təsir edir. Səməni qoyulmuş otağa ancaq xeyirxah fikirlərlə daxil olmaq lazımdır. Ümumiyyətlə, Novruz bayramı bütünlüklə, tam xeyirxah olmağı tələb edir. Novruz günlərində ancaq yaxşı niyyətlə, xeyirxah münasibətlə bir-birinə hədiyyə vermək, şirin, səmimi söhbətlər etmək lazımdır. Belə halda il şirin olacaq.

 

Səməni necə cücərdilir?

Adətən səməni Novruz bayramına 10-15 gün qalmış qoyulur. Düzgün qulluq etsəniz, bu vaxt səməninin bayrama qədər hazır olmasına kifayət edir.

Bildiyiniz kimi, əsl səməni əksər hallarda buğdadan qoyulur. Ancaq başqa toxumlardan qoyulan səmənilər də var. Buna misal olaraq arpa və vəzəri toxumundan qoyulan səməniləri göstərmək olar. Fərqli toxumlardan cücərdilən səmənilərin görkəmi buğdadan qoyulmuş səmənidən fərqlənir. Sadə, düz səməniyə sahib olmaq istəyirsinizsə, səməninizi buğdadan qoyun.

Səmənini qoymaq istədiyiniz qabı seçib ona uyğun miqdarda buğda götürün. Buğdanı əvvəlcədən arıtlayın. Xarab buğdaları sağlamlardan seçin ki, cücərməyən buğda az olsun, daha çox buğda cücərsin və səməniniz dolu görünüşlü olsun. Daha sonra başqa hər hansı bir qaba həmin buğdaları tökün və üzərini keçəcək qədər su əlavə edin. Buğdanı cücərməsi üçün günəşli bir yerdə, pəncərə kənarında yerləşdirin. Vaxtlı-vaxtında ona su əlavə edin ki, susuz qalmasınlar və cücərə bilsinlər. Buğdaları otaq temperaturunda saxlayın. Bir neçə gündən sonra buğdaların azca şişdiyini və cücərməyə başladığını görəcəksiniz. Bundan sonra onların suyunu yaxşıca süzün və səmənini qoymaq istədiyiniz qaba köçürün. Buğdaları qabın içinə hər tərəfdə bərabər miqdarda sərin. Üzərini yaş tənzif və ya yaş pambıq parça ilə örtün və quruduqca üstdən sulayıb örtüyü yenidən isladın. Cücərtilər bir az uzandıqdan sonra tənzifi götürün və səməninizi vaxtı-vaxtında sulayın. Qurumasından asılı olaraq 1-2 gündən bir sulamaq lazım gələcək. Yaxşı olar ki, səmənini qoyduğunuz qabın altında deşiklər olsun. Misal üçün marketlərdə satılan bir istifadəlik plastik qabların altında dəliklər açaraq səməninizi həmin qablarda qoya bilərsiniz. Səməninizin bir tərəfə əyilmiş istiqamətdə böyüməməsi, simmetrik olması üçün onu vaxtlı-vaxtında fırladın. Çünki cücərtilər daim günəş gələn tərəfə meyl edəcəklər. Səmənini vaxtında çevirdikdə isə onun bütün tərəfləri eyni ölçüdə olur.

Bayrama qədər buğda 8-12 sm qalxır. Bu zaman səməni hazırdır və onun perimetri boyunca səliqə ilə qırmızı lent bağlayırlar, səməninin ətrafına isə müxtəlif rəngli 7 ədəd şam düzürlər. Sonra səmənini masanın üstünə qoyurlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir