zorakiliq

Sərhəd tanımayan qısqanclığın fəsadları

Baxış sayı: 1. 539

Kişilərin həyat yoldaşlarına qarşı qəddar davranışı ilə bağlı faktlar ildən-ilə artır. Vaxtaşırı mətbuatda ailədaxili zorakılıqla bağlı məlumatlar oxuyuruq. Bugünlərdə Şəmkir sakinin öz arvadını az qala ölənə qədər döyməsi bu baxımdan gündəmi zəbt edən hadisələrdən biri oldu. Bu hadisə ilə bağlı danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova qadınların daha çox hansı səbəblərə görə sığınacaq üçün müraciət etdiyini açıqladı.

Onun sözlərinə görə, sonuncu belə hadisə Şəmkir rayonunun Qaracəmirli kəndinin 1985-ci il təvəllüdlü sakini Gülnarə Kazımovanın başına gəlib. Hazırda o sığınacağa yerləşdirilib.

“Onun əri əyyaşdır. Əri tərəfindən döyülməsi ilk belə hal deyildi. Ancaq bu dəfə o xüsusi amansızlıqla şiddətə məruz qalıb. Qadının üz nayihəsinə araq şüşəsi ilə zərbələr endirib. Zərərçəkənin sözlərinə görə, əvvəl uşaqlara görə fiziki xəsarətlərə dözürdüsə, indi öz həyatına görə qorxur”, – deyə M.Zeynalova bildirib.

Onun sözlərinə görə, ər-arvad arasında olan münaqişələrin çoxu qısqanclıq zəminində baş verir. Elə də olur ki, uzun illər belə həyat yaşayan cütlüklərdə xoş hisslər əvəzinə, yalnız bir-birinə olan nifrət qalır.

Mehriban Zeynalova

M.Zeynalova ötən il qadın sığınacağının sakinlərindən birinin başına gəlmiş hadisə haqqında danışdı. Əri qadınlardan birini narkotik vasitələrin təsiri altında mütəmadi olaraq döyürdü. Qadının onu tərk etməsindən sonra hər dəfə üzrxahlıq edib, geri qayıtmasını istəyirdi. Ancaq bu əməlləri yenidən təkrarlanırdı.

Qadın yalnız üç övladına görə ərinin evinə qayıtmağa razılaşırdı. Üstəlik, o, maddi baxımdan ərindən asılı vəziyyətdə idi. Bundan başqa, o, ərinin qohumları və onun evində qalan doğma anasının təzyiqlərinə məruz qalırdı. Anası qızının sistemli olaraq döyülməsinə baxmayaraq, onun boşanmasını istəmir”, – deyə M.Zeynalova bildirib.

İctimai Birlik rəhbərinin sözlərinə görə, narkotik vasitələr və ya spirtli içkidən asılılığı olan kişilər daha aqressiv olmaları ilə seçilirlər:

“Onların bir növ şüuru dumanlanır, özlərinə və öz hərəkətlərinə nəzarəti itirirlər. Əlinə keçən istənilən əşya ilə qadını döyə bilər. Qışqırıq, yalvarış, hətta qan belə onu dayandırmır”.

M.Zeynalova qadının psixoloji təzyiqlərdən əziyyət çəkməsi ilə bağlı hadisədən də danışıb. Zərərçəkənin gözləri qarşısında əri özünə bıçaqla xəsarətlər yetirib. Qadın gördüklərindən şok vəziyyətinə düşüb. Əri ona heç vaxt əl qaldırmasa da, qadın güclü sarsıntı keçirib. O, uzun illər dözsə də, sonra evdən qaçıb.

İctimai Birliyin rəhbəri hesab edir ki, psixoloji təzyiqlərin müxtəlif növləri olur. Belə ki, fiziki zorakılıq halları ilə müqayisə edilsə, psixoloji təzyiqə məruz qalanların sayı zənn edildiyi qədər az deyil.

“Bir çox ərlər arvadlarını evdə bağlayırlar, heç yerə buraxmırlar, daima nəzarətdə saxlayırlar.  Qısqanclıq bəzən, həqiqətən də, sərhəd tanımır. Belə münasibət qadını daima təşviş içində saxlayır, çoxları buna tab gətirə bilmir. Elə hal da olub ki, ər həyat yoldaşının yazışdığını görüb və kiminlə, nə məqsədlə yazışdığını öyrənmədən onu evdən qovub.

Bir kişi arvadı və dörd uşağını evdən çölə atıb. Əsas olaraq onu gətirib ki, ailəsini dolandırmaqdan cana yığılıb. Ərini bu addımı atmağa qadının baldızı təhrik edib. Qadına isə özünə yeni ər tapmağı tövsiyə ediblər.

Təəssüflər olsun ki, bir çox qadınlar kömək üçün hara və kimə müraciət etməli olduqlarını bilmir və qəddar davranışlara dözməli olurlar”, – deyə Zeynalova bildirir.

Qeyd edək ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağı 30-40 nəfər üçün nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsının məlumatına əsasən, 2018-ci ildə Azərbaycanda ailə məişət zorakılığına məruz qalmış 135 qadın çıxış yolu kimi intihara əl atıb. Nəticədə, 11-i yetkinlik yaşına çatmayan olmaqla, 112 qadın həyatını itirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir