qaz

Səssiz ölüm

Baxış sayı: 282
Son zamanlar dəm qazından zəhərlənmələr artıb. Təkcə son bir həftə ərzində dəm qazı 10-a yaxın insanın canını alıb. Bununla bağlı əhali arasında, eləcə də, sosial şəbəkələrdə fikirlər gəzir ki, Azərbaycan qazı zəhərlidir. İnsanların fikrincə, bu məsələ araşdırılmalı və “Azəriqaz” məsuliyyətə cəlb olunmalıdır.
Azərbaycanda dəm qazı daha iki uşağın ölümünə səbəb olub. Hadisə Bakıda İmran Qüdrətovun ailəsində baş verib. Evə gələn ata həyat yoldaşı və uşaqları Dinarə Qüdrətova və Binyamin Qüdrətovu halsız vəziyyətdə aşkarlayıb. O, dərhal arvadını və uşaqlarını xəstəxanaya yerləşdirib. Uşaqların həyatını xilas etmək mümkün olmayıb.
Ana hazırda xəstəxanadadır (“qafqazinfo.az”). Dünyasını dəyişən uşaqlar Astara rayonunun Şüvi kəndində dəfn olunublar.Eləcə də, martın 4-də Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından dünyasını dəyişib. Onlar – Rafiq Hüseynov (baba), Yeganə Hüseynova (nənə), Sara Rafiq qızı Hüseynova (ana) və onun 3 körpəsi Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.
Yeri gəlmişkən, bu günlərdə hüquq müdafiəçisi, “Femida” qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlu da dəm qazından boğularaq dünyasını dəyişib. Onun meyiti yaşadığı evdən tapılıb. Hadisə paytaxtın Nəriman Nərimanov rayonunda baş verib.

Baş verən hadisələrlə bağlı mənzillərə dəm qazı detektorunun quraşdırılması gündəmə gəlib. Bir qrup deputat təklif edib ki, “Azəriqaz” İstehsalar Birliyi qaz xətləri yeni qurulan zaman evlərdə sayğacla yanaşı, dəm qazını hiss edən avtomatik təhlükəsizlik qurğusu da yerləşdirsin. Nazirlər Kabineti isə bunu mümkün saymayıb.

Hökumətin cavabında bildirilib ki, dövlət vəsaiti və yaxud SOCAR-ın vəsaiti hesabına aparılan yeni qazlaşdırılma işləri məişət qaz sayğacının və mənzilə giriş qaz xəttinin quraşdırılması ilə məhdudlaşır (“modern.az”). “Mövcud qanunvericiliklə mənzildaxili qaz paylayıcı şəbəkəsinin qurulması, qaz işlədici cihazların qoşulması və qaz detektorunun quraşdırılması istehlakçının sifarişi və öz vəsaiti hesabına müvafiq sahədə xüsusi icazəsi (lisenziyası) olan podrat təşkilatlar tərəfindən icra olunur”,-deyə Nazirlər Kabineti bildirib.

1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirir ki, Toksikologiya şöbəsinə yanvarda 18 nəfər, fevralda 20 nəfər və martda 6 nəfər dəm qazı zəhərlənmələri ilə daxil olub. Onun sözlərinə görə, dəm qazından zəhərlənən xəstələrin hamısı evə buraxılıb. Müraciət edənlərin 70 faizi qadındır: “Yanvarda 2, fevralda 3, martda isə cəmi 1 uşaq dəm qazından zəhərlənib. Bu müddət ərzində şöbədə dəm qazından ölüm faktı qeydə alınmayıb”.

Maqsudov deyir ki, insanlar qaz cihazlarının yaxınlığında diqqətli olmalı, qaydalara riayət etməlidirlər: “Dəm qazından zəhərlənmiş xəstənin huşu özündədirsə, onu ancaq təmiz havaya çıxarmaq lazımdır. Dəm qazı zəhərlənmələri, əsasən, hamam otağında olur. Bədənin hərarəti düşdüyü üçün xəstənin üstünü örtmək və ona isti su vermək lazımdır. Huşu özündə olmayan insanların isə ağız boşluğunu açaraq seliyi təmizləmək lazımdır ki, nəfəs yolları açılsın. Bundan sonra isə mütləq təcili yardıma xəbər etmək lazımdır. Dəm qazı zəhərlənmələrinin qarşısını almaq mümkündür. İşarə verən xüsusi qurğular var, onlar qaz cihazlarına yerləşdiriləndə dəm qazı əmələ gələrkən işarə verir və qaz verilişi dayanır”.
Onun fikrincə, qaz cihazlarına işarə verən qurğular yerləşdirilərsə, dəm qazı zəhərlənmələri baş verməz (APA).

Azad İstehlakçılar Birliyinin (AİB) kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov  bildirir ki, Azərbaycanın təxminən 8 milyon yarım əhalisi qazdan istifadə edir: “Qaz zəhərli olsaydı, onda insanların hamısı ölərdi. Qadınlar bütün günü “dördgöz” qazın qabağında yemək bişirir. Qaz zəhərlidirsə, onlar niyə zəhərlənmir? İnsanların dəm qazından zəhərlənməsinin səbəbi qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməmələri, məsuliyyətsizlik, arxayınlıq, səhlənkarlıqdır”,- deyən
Qasımov bildirib ki, tüstü bacaları təmizlənmir, qaz sobaları, tüstü boruları düzgün quraşdırılmır, bu işlər naşı adamlara həvalə edilir. Müxtəlif yerlərdə tək-tək adamlar qazdan düzgün istifadə etmədiklərinə görə ölür.

Dediyinə görə, Azərbaycan Gürcüstan, Türkiyə, İran, Bolqarıstana qaz satır: “Qaz zəhərli olsaydı, onda həmin ölkələrdəki insanlar da həlak olardı. Azərbaycanda qazın zəhərli olması barədə fikirlər cəfəngiyyatdır. Tək bizdə deyil, digər ölkələrdə də dəm qazından zəhərlənmə halları baş verir. Məsələn, Amerikada 21 nəfər, Ukraynada 8 nəfər, Belçikada 6 nəfər dəm qazından dünyasını dəyişib”.

Ekspert vurğulayır ki, qaza zəhərli qatqılar əlavə olunsaydı, kütləvi surətdə zəhərlənmə olardı: “500-10000 adam birdən zəhərlənərdi. Qazpaylayıcı stansiyalarda qaza metil merkaptanla yanaşı metanol da vururlar ki, yüksək təzyiqdən aşağı təzyiqə keçəndə donma əmələ gəlməsin. Metanol zəhərli maddədir, amma insanların zəhərlənə biləcək həddə vurulmur. Çünki sutkada 10 milyon kubmetr qaz işlənir. Min kubmetrə 8 qram verəndə zəhərlənmə verə bilməz. Bakı şəhərində qeyri rəsmi statistikaya görə 4 milyon yarım adam yaşayır. Qaz zəhərli olsaydı, qazdan zəhərlənmə qaçılmaz olardı. Təəssüf ki, kimyanı bilməyənlər belə, ekspert kimi qazdan danışırlar. Bunlar hamısı cəfəngiyyatdır”.

Qasımovun fikrincə, evləri istilik batareyaları ilə isitmək mümkün olsaydı, əhalinin dəm qazından zəhərlənməsi minimuma enərdi: “”Azəristiliktəchizat”ın verdiyi istilik əhalini qane etmir. Camaat qeyri-qanuni yollardan istifadə edib evini qızdırırlar. Tüstü borusu olmadan da qaz sobalarından istifadə edənlər olur. Bundan başqa, “dördgöz” qazın üstünə dəmir, onun da üstünə kərpiclər qoyaraq əhali evini isitməyə çalışır. Bu zaman isə yanan qazın tərkibindəki radioaktiv radon maddəsi divarlara
keçir, nəticədə bədbəxt hadisələr baş verir”.

Qasımov deyir ki, hamamxananın təhlükəsiz istifadə qaydalarına görə ölçüləri 7,1 kubmetr olmalıdır: “2,2 metr hündürlüyü olmaq şərtilə. Təbii işıq mənbəyi, pəncərə gözlüyü olmalıdır, qapısı bayıra açılmalıdır, qapısının aşağısında deşiklər olmalıdır. Çox adam qapının aşağısındakı deşiklərin nə üçün olduğunu başa düşmür və həmin deşiklərdən soyuq hava gəlməsin deyə bağlayırlar. Bu, tamam yanlış fikirdir. Qapının aşağısında ondan ötrü deşiklər qoyurlar ki, bir kubmetr qazın yanması üçün 9,1 kub metr hava lazımdır. Bu hava çatışmayanda, yaxud artıq olanda metan qazı yanan zaman Karbon 4 oksid əvəzinə karbon monoksid ayrılır. Karbon 4 oksid zəhərsizdir, lakin karbon monoksid zəhərlidir. Əgər hamamxanaya və yaxud otağa 0,1 faiz dəm qazı yığılırsa, konsetrasiyadan və insanın sağlamlığından asılı olaraq orda 7 dəqiqədən 30 dəqiqəyə qədər nəfəs alan adam öz həyatına son qoyur. Ona görə də burada ventilyasiya kanalı və tüstü ötürücüsü olmalıdır. Tüstü ötürücüsünün diametri 10 sm-dən 11 sm-ə qədər olmalıdır. Tüstü ötürücüsü damdan 50 sm yuxarı çıxarılmalıdır ki, külək vurub dəm qazını geri qaytarmasın. İnsanlar özləri də tüstü bacasının necə quraşdırıldığını yoxlaya bilər. Yanan kibriti və ya yanan kağızı tüstü bacasına yaxınlaşdırdıqda məşəl tüstü bacasına doğru əyilməlidir. Əgər əyilmirsə, düz durursa və yaxud əks tərəfə əyilirsə, onda tüstü bacası işləmir. Belə olan halda həmin cihazdan istifadə etmək olmaz. Bunu dəfələrlə deməyimizə baxmayaraq, yenə də vətəndaşlarımız bu sadə, primitiv qaydalara əməl etmirlər. Ona görə də öz həyatlarını təhlükə altına atırlar”.

Bilmək lazımdır ki, qazdan çürümüş yumurta iyi gəlir. Dəm qazının da spesifik iyi var. “Bəzi mütəxəssislər deyir ki, dəm qazının iyi yoxdur. Amma var. Dəm qazının sarımsaq iyinə bənzəyən iyi və gözyaşardıcı xüsusiyyəti var. Otağa dəm qazı dolanda gözlər yaşarmağa başlayır. Dəm qazı karbohidratların yanmasından əmələ gəlir”.

Onun sözlərinə görə, əhalinin dəm qazından zəhərlənməsində “Azəriqaz”ın təqsiri yoxdur: “FHN də bununla bağlı maarifləndirmə işləri aparır və bunun sayəsində dəm qazından zəhərlənmə hadisələri azalır. 2016-cı ilin statistikasına nəzər salsaq, 470 nəfər dəm qazından zəhərlənmişdirsə, ötən il 272 nəfər dəm qazından zəhərlənib”.
İstifadəçilər arasında qazın hava ilə verilməsi şayiələrinə gəlincə, ekspert bu fikirləri əsassız sayır: “Əvvəlcə qaz borusundan hava çıxır, sonra qaz. Bunun zəhərlənməyə heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır.
Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur.

Aynurə MƏMMƏDOVA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir