seyahet

Səfər üçün alınan viza batdı, bəs ödənilən pul?

Baxış sayı: 666

Turizm həvəskarlarının planlaşdırdıqları səyahətlərlə bağlı mövcud durumda qarşılarına çıxan problem, təkcə təyyarə biletləri və otel rezervasiyaları ilə əlaqəli deyil. Məlumdur ki, müştərilər hava yolu şirkətlərinə və otellərə ödədikləri vəsaitin müqabilində hələ əllərinə nə pul, nə vauçer, nə hədiyyə kartı, nə də xidmətlərin başqa tarixə dəyişdiriləcəyi ilə bağlı tutarlı bir sənəd alıblar. Bu mövzuda suallar bitib-tükənməsə də, dəqiq və konkret bir cavab da yoxdur. Yalnız sorğulara standart və formal cavablardan başqa. Digər bir problem isə şengen ölkələrinə uzun-uzadı çətinliklərdən sonra alınan və istifadə olunmayan vizalarla (xarici pasportda edilən xüsusi qeyd və ya rəsmi icazə) bağlıdır. Hazırkı dönəmdə şengen ölkələrinə viza almağın çətinliyi isə hər kəsə bəllidir. Pasportundakı viza tarixçəsindən asılı olmadan, səfirliklərin münasibəti, müraciət edən şəxsə fərqli ola bilir. Bu mənada, təkcə, getdiyi ölkənin diplomatik nümayəndəliyindən çoxgirişli viza alanların deyil, eyni zamanda, səfər müddətini əhatə edən tarixə verilən vizanı da əldə edənlərin sevincini təsəvvür etmək çətin deyil. Yalnız o halda ki, vizanın verdiyi şansdan getdiyin istqamət üzrə yararlana biləsən, yəni səyahətin baş tutsun.

Təəssüf ki, COVİD-19 pandemiya elan olunandan sonra ölkələr sərhədlərini turistlərin üzünə qapatdı. Qalaq-qalaq sənəd toplayıb səfirliklərə təqdim edənlər, həm viza rüsumu, həm də tərəfdaş şirkətin xidməti üçün az olmayan məbləğdə pul ödəyib visa alanlar bu sevinci sonacan yaşaya bilmədilər.

Sual yaranır: pandemiya bitəndən, ölkələr öz qapılarını turistlərin üzünə yenidən açandan sonra səfirliklər istifadə edilməyən vizaların əvəzinə yenisini verəcəklərmi? Digər maraq doğuran sual isə viza verilməsindən ötrü həmin şəxsdən yenidən rüsumun alınıb-alınmayacağı ilə bağlıdır.

Mart ayında İtaliyaya səyahət etmək istəyənlərin təcrübəsindən çıxış edərək, məsələyə aydınlıq gətirməyə çalışaq. Qeyd edək ki, İtaliyanın  ölkəmizdəki  səfirliyinə və konsulluğuna viza üçün müraciət edənlər “VisaMetric” şirkətinə yaxınlaşırlar. Eyni zamanda, Almaniya səfirliyi də yalnız rəsmi tərəfdaş kimi bu servis şirkəti ilə əməkdaşlıq edir. Bu kənar servis şirkəti müştəriyə ərizə ilə müraciət etməkdə dəstək göstərir və sənədləri səfirliyə göndərir. Səfirlikdə viza müraciəti yoxlanılır və qərar verilir. Əlbəttə, servis xidməti pulsuz deyil. Şirkət xidmətini 21 avro dəyərində təklif edir. Hərçənd, bu məbləg viza üçün ödənilən məbləğlə (35 avro) bərabər müştəriyə artıq xərc kimi görünsə də,  səfəri xətrinə məcbur qalıb ümumilikdə 110 AZN ödəyir.

İtaliya səfirliyinə mart ayındakı səfəri ilə bağlı müraciət edən tanışlardan biri tərəfdaş şirkətə sənədləri təqdim edib pulu ödəsə də, bir həftə sonra “imtina” cavabı alıb. Səfirlikdən telefon açaraq “karantindən sonra müraciət edərsiniz və onda pul ödəməyəcəksiniz” deyə imtinanın səbəbini karantinlə əsaslandırıblar. Əlbəttə, bu cavab hələ şəxsin karantindən sonra viza alıb- almayacağına təminat vermir, sadəcə, ona pulsuz müraciət üçün ikinci şans qazandırır.

Digər bir tanışım da ailəlikcə, eyni tarixdə İtaliyaya səfər müddətini əhatə edən viza əldə edib. Başqa bir tanışım isə yay səfəri ilə bağlı sənədləri də əlavə etməklə, 6 aylıq  (90 gün) viza ala bilib. Ancaq səfərləri İtaliyada koronavirusun tüğyan etdiyi və ölkənin sərhədlərini qapatdığı vaxta təsadüf etdiyindən, səyahətlər təxirə düşüb. Belə ki, uçuşları da ləğv olunub, vizalarından da istifadə edə bilməyiblər. Hərçənd, ikinci tanışımın visa müddəti sentyabr ayında bitsə də, şengen ölkərinin sərhədləri açma ehtimalının nə qədər olacağı ilə bağlı suallar onun da aldığı vizadan istifadə şansını get-gedə azaldır.

Səfər üçün alınan viza batdı, bəs ödənilən pul?

 

Hazırda isə vizalardan yararlana bilməyənlərin qarşısında sual durur: eyni ölkəyə növbəti səfərlərində onlara viza mütləq qaydada və ən əsası, ödənişsiz veriləcəkmi? Qeyd edək ki, pandemiya başlayanda, İtaliya sərhədlərini bağlayanda İbu ölkənin Rusiyadakı səfiri “vizalarından istifadə etməyən Rusiya vətəndaşlarına karantindən sonra viza pulsuz veriləcək” xəbərdarlığını edib.

“Bu cür hallarda ümumi təcrübə yoxdur” deyə xarici səfirlikdə işləyən tanışlarımdan biri bildirir: “Bu qaydalar səfirliklərə görə dəyişə bilər. Yəni onların ölkələrində necə tələb olunarsa, elə də cavab verəcəklər”.

Niderlandın ölkəmizdəki səfiri Onno Kerversin cavabı da oxşardır: “İstifadə edilməyən şengen vizasının uzadıla bilməyəcəyinə dair göstərişlərimiz var. Bizim təlimata görə, yeni viza tələb olunmalı və pul ödənməlidir. Ancaq Bakıda viza vermədiyimiz və bunun İtaliya səfirliyi tərəfindən verildiyi nəzərə alıb, məsələ ilə bağlı onların mövqeyini soruşmalısınız”.

Yəni məsələyə səfirliklərin yanaşması fərqli ola bilər: viza verə də bilərlər, verməyə də. Yenidən pul ödəmək lazım ola da bilər, olmaya da.

Turizmçi-hüquqşünas Rəhman Quliyev də bu kimi narahatlıq doğuran suallarla vətəndaşların tirizm şirkətlərinə  müraciət etdiklərini bildirir: “Mart ayında viza üçün səfirliklərə müraciət edən vətəndaşlar oldu. Sənədləri viza şöbəsində baxılmaqda olan vətəndaşlar da vardı. Eyni zamanda, viza alıb səfərə gedə bilməyənlər də az deyildi. Bizə edilən müraciətlərdən sonra səfirliklərlə əlaqə saxladıq. Belə qənaətə gəldilər ki, pandemiyadan sonra vətəndaşlar yenidən müraciət edə bilərlər. Amma viza üçün lazım olan sənədlər yenidən toplanmalıdır. Yəni onlara eyni qaydada viza veriləcək”.  Turizmçi hesab edir ki, əgər vizanın girişi pandemiya dövrünə – martın 15-dən başlayan dövrə təsadüf edirsə, onlara  yenidən viza veriləcək. Fevral ayına təsadüf edən vizalara isə bu, şamil edilməyəcək.  R.Quliyev istifadə olunmayan vizalar üçün yenidən müraciət zamanı ödənişin edilib-edilməyəcəyindən məlumatsızdır: “Rüsum ödənilib-ödənilməməsi barədə bizə məlumat verilmədi. Hər halda, düşünürəm ki, səfirliklər insanların üzləşdikləri durumu nəzərə alacaqlar”.

Təbii ki, xarici ölkə səfirliklərinin bu tip məsələlərə yanaşması fərqli olduğundan, problemin həllini daha çox onların insafına buraxmaq lazım gəlir. Təyyarə biletləri və otel rezervasiyaları ilə bağlı yaşanan narahatlıqlardan sonra yeni bir narahatlıq yaşamamaq üçün səfirliklərin humanizminə ümid etmək qalır…

 

Təranə Məhərrəmova

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir