BAYRAQ

Şəhid ailələri və qazilərin sosial təminatı ilə bağlı yeni təkliflər

Baxış sayı: 1. 019

Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləğini açıqladı.

Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi statusu almış hərbçilər üçün psixoloji və maddi güzəştlərin tətbiqi nəzərdə tutulur. Şəhid və qazi ailələri üçün yardım təqaüd formasında olacaq. Belə ki, şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat müəyyən edildi.

Qeyd edək ki, bu rəqəmlər cəmiyyətdə narazılığa səbəb oldu və əsasən də sosial şəbəkədəki aktiv kəsim vətən üçün canından, sağlamlığından, doğmalarından keçənlərin aylıq təminatında  bu məbləğin yetərsiz olduğunu qeyd etdilər.

Müzakirələrin ardınca, nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı açıqlama yayaraq bildirdi ki, bu rəqəmlər, sadəcə, təqaüdlərin məbləğini müəyyən edir. Lakin şəhid ailələri, müharibə əlilləri və döyüş iştirakçıları üçün başqa ödənişlər də nəzərdə tutulur: “Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri isə məlumatsızlıqdan irəli gəlir. Onlar digər sosial ödənişlərlə (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunurlar.

– Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.

– Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.

Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:

– Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);

– Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;

– Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;

– Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;

– Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;

– Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;

– Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;

– Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;

– Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dək avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir.

Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır”.

QAZILER: Rey Kərimoğlu: "Vətən sevginizi xırda hisslərə qurban verməyin" - VİDEO

Mövzu ilə bağlı danışan Qarabağ qazisi Rey Kərimoğlu bildirdi ki, əslində nazirliyin açıqladığı rəqəmlər bütün qazilərə və şəhid ailələrinə aiddir, biz illərdir həmin təqaüdü alırıq: “27 sentyabr döyüşünə qədər qazilərin və şəhid ailələrinin aldıqları pensiya və Prezident təqaüdüdür. Yeni heç nə yoxdur. Ümid edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni dönəm üçün yeni artım paketi hazırlayıb Ali Baş Komandan, cənab Prezidentə təqdim edəcək. Açıqlanan rəqəmlər yeni deyil, neçə ildir ki, həmin pensiya və təqaüdü alırıq, artım olduqca gəlib həmin məbləğə çatıb.

Burada digər bir məsələ odur ki, bizim 18-20 yaşlı qazilərimizə pensiya verilmir. Çünki pensiya haqqında qanunda iş stajı olan şəxslərə əmək pensiyası hesablanır. Onlar müavinət alacaqlar, müavinətin məbləği isə çox cüzidir.  I qrup əlillər üçün müavinət 150 manat, II qrup üçün 130 manat, III qrup üçün isə 110 manatdır. Yəni əmək stajı olmayan gənc qazilərimiz müavinət+təqaüd alacaqlar. Bu məbləğ isə azdır. Bundan başqa bir vəsait də verilmir”.

R.Kərimoğlunun sözlərinə görə, nazirlik verilən evləri və avtomobilləri nəzərdə tutsa da, bu heç də hamıya verilmir: “Mənzil və maşın növbəsinə durmaq buna hüququ çatan insanlara aiddir. Ümid edirəm ki, bu məsələdə də dəyişiklik olacaq. Çünki avtomobili bütün Qarabağ əlillərinə vermirlər. Qazilər Birliyinin sədri, mərhum baş qazimiz Etimad Əsədovun rəhbərliyi ilə Heydər Əliyevlə 1994-cü ildə görüş oldu və həmin ilin 26 avqustunda 193 saylı fərman imzalandı. Avtomobillərin verilməsi o vaxtdan başladı və dövlətin büdcəsi zəif olduğu üçün Qarabağ əlillərinin hamısına yox, ancaq hərəkət məhdudiyyəti olan şəxslərə verildi. Bu gün bir gözünü itirən qazilərə komissiya maşın almaq hüququ vermir və deyir ki, sənin başında travma var, maşın sürə bilməzsən. Ancaq hər iki gözdən əlil olana verirlər ki, həyat yoldaşı, oğlu və ya qardaşı onun üçün sürə bilər. O məntiqlə bir gözü əlil olanın da qardaşı, oğlu sürə bilər. Bu, Nazirlər Kabinetinin qərarıdır və dəyişilməlidir. Avtomobillər əlillik dərəcəsindən asılı olmayaraq bütün Qarabağ əlillərinə verilməlidir. Necə ki, sovet dövründə II Dünya müharibəsi əlillərinə verilirdi”.

Qarabağ qazisi qeyd etdi ki, şəhid ailələrinə verilən aylıq 300 manatlıq təqaüd də azdır: “Çünki bir çox hallarda həmin vəsait bölünür. Əgər şəhid ailəli idisə, xanımı varsa, valideynləri də həyatdadırsa, 300 manat 3  yerə bölünür. Şəhidin atası və anasına hərəsinə 100 manat, xanımına da 100 manat verilir. Şəhid övladları da 18 yaşına çatana qədər müəyyən ödəniş alır. Bu qaydalar mütləq yenilənməlidir, Milli Məclisdə qazilərlə bağlı, veteranlar və şəhid ailələri ilə bağlı qanun qəbul edilməlidir. Bu yoxdur. Şəhidlik haqqında qanun var, veteranlarla bağlı var, qazilərlə bağlı qanun isə yoxdur. Bütün bunları ümumiləşdirib şəhid, qazi və  veteranlar haqqında vahid qanun qəbul etmək lazımdır. Bu qanunda da dediyimiz məsələlər öz əksini tapmalıdır. Müavinət məsələsi aradan qalxmalı, Qarabağ qazilərinə verilən pensiya və ya Prezident təqaüdü qrupundan asılı olaraq eyni olmalıdır. 18-20 yaşlı gənclərimiz var ki, müharibədə ayağını itirib gəlib, lakin o 30 yaşlı qazi ilə bərabər sayılmır, pensiya ala bilmir. Bu ədalətsizlikdir. Milli Məclisdə bu məsələ öz həllini tapmalıdır”.

Rey Kərimoğlu bu sosial qrupun problemlərinin operativ həlli üçün dövlət komitəsinin yaradılmasını vacib sayır: “Bütün bu problemlərin köklü həlli üçün şəhid ailələri, müharibə veteranları və qazilərin problemləri ilə bağlı dövlət komitəsi olmalıdır. Bu komitə olmasa biz hər gün icra hakimiyyəti və ya hansısa qurum tərəfindən bir qazinin, şəhid ailəsinin hüququnun pozulduğunu görəcəyik. Bütün bunların həlli üçün bir dövlət komitəsi olmalıdır. Necə ki, qadın və uşaqlar üçün var, qaçqın və məcburi köçkünlər üçün var. O komitə  yarandıqdan sonra problemlərin 90 faizi həllini tapacaq. Bu gün şəhid ailələrinin, qazilərimizin qarşılaşdığı problemlər hamısı həll edilə biləndir. Sadəcə, onları həll etmək üçün bir dövlət komitəsi və ləyaqətli bir neçə məmur lazımdır. Biz də Qarabağ Qaziləri Birliyi olaraq təmənnasız, o komitənin fəhləliyini etməyə, işçi qrupu kimi fəaliyyət göstərməyə hazırıq”.

Rəşad Həsənov: “Azərbaycanın gəlirlərində neqativ meyllər müşahidə edilə bilər”

İqtisadçı ekspert Rəşad Həsənov da mövzunu şərh edərək qeyd edir ki, bu rəqəmlərdə yeni heç nə yoxdur: “Hələ 2019-cu ildə ”Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında fərmanlarda dəyişikliklər edilib və müvafiq təqaüdlərin məbləği aşağıdakı səviyyəyə çatdırılıb.

I dərəcə əlilliyi olan şəxslərə – 250 manat,

II dərəcə əlilliyi olan şəxslərə – 230 manat,

III dərəcə əlilliyi olan şəxslərə – 210 manat,

Şəhid ailələri üçün – 300 manat.

Bu gün mediada yayılan və ciddi ictimai müzakirələrə yol açan müharibə iştirakçıları və şəhid ailələrinə veriləcək təqaüdlər yeni məlumatlar deyil. Bu günədək qüvvədə olan qanundur.

Lakin bugünkü müzakirələr göstərdi ki, Azərbaycan xalqı bu məbləğlərlə razı deyil və artırılmasını tələb edir. Nəzərə alsaq ki, ictimai vəsaitlərin hara xərclənməli olduğu ilə bağlı fundamental hüquq xalqa məxsusdur, o zaman  xalqın səsinə qulaq asmaq lazımdır”.

İqtisadçı təklif edir ki, yaxşı olar ən qısa zamanda deputatlar Milli Məclisdə “Qarabağ Müharibəsi İştirakçıları və Şəhidləri haqqında Azərbaycan Respublikasının Qanunu” layihəsini hazırlayıb qəbul etsinlər: “Yeni qanunda müharibə iştirakçılarının, qazilərin və şəhid olanların ailələrinin hüquqi statusu, sosial güzəştləri, iqtisadi üstünlüklərini əks etdirən bütün məqamlar detallı şəkildə əks olunmalıdır. Məsələn, Şəhid yoldaşına minimum əmək haqqının 2 misli həcmində ömürlük, himayəsində olan və 18 yaşına çatmamış hər bir uşaq üçün isə minimum əmək haqqının 70 faizi məbləğində 18 yaşı tamam olanadək təqaüd təsis edilsin. Bununla diferensiallıq da təmin edilmiş olar. Necə olur ki, ailə üzvlərinin sayı 1 və yaxud 4 nəfər olan şəhid ailəsinə eyni məbləğdə (300 manat) təqaüd ödənilir? Qazilərin müavinətləri və təqaüdləri ilə orta aylıq əmək haqqı arasında konkret asılılıq kimi dayanıqlı mexanizmlər tətbiq edilsin. Əlillik dərəcəsinin fərqləndirilməsi məsələsi yenidən öyrənilsin. Maraqlıdır, kim necə müəyyən edib ki, I qrup əlillə II qrup əlilin təqaüdü arasında cəmi 20 manat fərq olmalıdır? Axı I qrup əlillərin işləməsi adətən fiziki cəhətdən mümkün deyil”.

R.Həsənov da yuxarıda sadalanan sosial qruplar üçün xüsusi statuslu xidmət mərkəzləri yaradılmasını təklif etdi: “Xidmət mərkəzləri müvafiq sosial qrupların müraciət və şikayətlərinin təcili həllini təmin etmək funksiyasını həyata keçirə bilər. Bundan başqa, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməlidir ki, qeyd edilən sosial qrupun nümayəndələrinə qarşı edilmiş istənilən növ cinayət, hüquqpozma üzrə nəzərdə tutulan ümumi cəza tədbirlərinə 1.5 əmsalı tətbiq edilsin. Əminəm ki, hər bir vergi ödəyicisi bu gün Azərbaycan xalqının şərəfi, ləyaqəti, nisgili, qüruru və ərazi bütövlüyü üçün qeyd-şərtsiz xidmət göstərən bu insanlar üçün canla-başla xidmət göstərməyə hazırdır”.

 

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir