seker xesteliyi

Şəkər xəstəliyinə tutulmamaq üçün nələrə diqqət etməliyik?

Baxış sayı: 3. 274
Bu gün dünyada 415 milyona yaxın şəkərli diabet xəstəsi var və 2040-cı ildə bu sayın 642 milyon olması gözlənilir. Bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek deyib. Onun sözlərinə görə, Azərbaycanda bu il üçün son hesablamaya görə, 212 min 577 nəfər şəkərli diabet xəstəsi rəsmi qeydiyyatdadır. B.Salek vurğulayıb ki, onlardan 28 924 nəfərdə I, 183 653 nəfərdə isə II tip şəkərli diabet müşahidə olunur.
I tip xəstələr arasında 1 150 nəfərin uşaqların təşkil etdiyini deyən direktor müavini bildirib ki, onların 99 faizi insulindən asılıdır: “Bu ilin dövlət büdcəsindən diabetlə bağlı dövlət proqramına 40,1 milyon manat ayrılıb. Xəstələrin sayında artım və cavanlaşma müşahidə olunur. Dünyada bu gün 500 mindən artıq uşaq I tip şəkərli diabet xəstəsidir. Əvvəllər II tip xəstəliyə 45-50 yaş arasında rast gəlinirdisə, indi 30 yaşında bu xəstəliyə rast gəlinir. Hətta bir yaşında uşaqlarda belə, bu xəstəlik aşkarlanır. Dünyada hər 11 nəfərdən biri şəkərli diabet xəstəsidirsə, 2040-cı ildə bu göstərici hər 10 nəfərdən biri olacaq. Hər 6 saniyədən bir xəstə şəkərli diabetin fəsadlarından vəfat edir. Bu ya infarkt, ya insult, ya da böyrək çatışmazlığı səbəbindən olur. Dünyada 46,5 faiz insanın (yəni hər iki nəfərdən biri) öz xəstəliyindən xəbəri yoxdur. Bundan başqa, doğuşa qəbul edilən hər 7 hamilə qadından birində şəkərli diabet olur”.
B.Salek qeyd edib ki, 2-ci tip şəkərli diabet xəstəliyinin erkən aşkarlanması fəsadların qarşını almağa yardım edir. Onun sözlərinə görə, şəkərli diabet zamanı ağırlaşmaların vaxtında araşdırılması, skrininqlər xəstəliyin gedişatını yaxşılaşdırır: ”Diabetin göz, qan-damar, böyrək, sinir, sisteminə təsiri nəticəsində ağır problemlər meydana çıxır. Korluq, miokard infarktı, insult kimi xəstəliklər, hemodializ müalicəsi, amputasiya erkən əlilliyə və ölümə səbəb olur. Diabeti olan insanlarda ürək qan-damar xəstəliyindən və insultdan 2-3 dəfə, korluqdan 10 dəfə, nefropatiyadan 12-15 dəfə, aşağı ətrafların qanqrenasından 20 dəfə daha çox ölüm halı müşahidə edilir. Şəkərli diabet ölüm hallarına görə 4-cü yeri tutur. Belə olan halda, ancaq erkən diaqnoz və müdaxilə fəsadların qarşısını ala bilər. Şəkərli diabet zamanı ilkin tibbi xidmətin düzgün təşkili də bu problemin həllində mühüm rol oynayır. Göz və göz dibinin ildə iki dəfə müayinəsi mühüm əhəmiyyət kəsb edir”.
Bəs görəsən şəkər xəstəlikdən əziyyət çəkənlərin sayının günü-gündən artması nə ilə əlaqədardır? Yarım milyona yaxın uşağın şəkərdən əziyyət çəkməsi dəhşətli faktdır. Ümumiyyətlə, şəkərin  bu qədər cavanlaşmasının əsas səbəbi nədir?
Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı deyir ki, şəkər xəstəliyinin cavanlaşmasının əsas səbəbi müasir həyat tərzidir: “Xüsusilə gənclər arasında fiziki aktivliyin azalması, düzgün qidalanmamaq və tərkibində kimyəvi inqredientlər olan qidalardan daha çox istifadə şəkərin yaranmasına səbəb olur. Bütün bunların fonunda mədəaltı vəzin funksiyasında dəyişiklik yaranır və o, daha çox insulin ifraz etməyə başlayır. Daha çox insulin ifrazı isə həm çəki artımına səbəb olur, həm də gələcəkdə şəkərin artmasına zəmin hazırlayır. Təəssüflər olsun ki, xəstəliyin qarşısını almaq üçün cəhd göstərilmir. Uşaqlarda və yeniyetmələrdə saydığımız simptomlar davam edir. Xüsusilə də qaraciyərin piylənməsi və funksional qabiliyyətinin pozulması, onun ölçülərinin artması şəkər xəstəliyinin  yaranmasında çox önəmli rol oynayır. Əsas səbəblərdən biri də valideynlərin yeniyetmə və uşaqlarda bu xəstəliyə diqqət yetirməmələridir”.
Ş.Namazlı bildirdi ki, hər kəs ildə bir dəfə müayinələrdən keçməlidir. Həkimin sözlərinə görə, əgər vaxtında üstünə düşülməzsə, şəkər sonradan daha ciddi fəsadlar ortaya çıxa bilər: “Qarşısı alınmadıqda yavaş-yavaş qaraciyər sıradan çıxır.  Bildiyiniz kimi qaraciyər qanda olan qlükozanı qlükogenə çevirir. Qaraciyər özü yük altında olduqca, bu gələcəkdə tədricən şəkərin yaranmasına səbəb olur. İştahan artması, gecə qidaların qəbulu insulinin artması ilə müşahidə olunur. İnsulin artımı isə bir neçə ildən sonra artıq şəkərin artmasına səbəb olur. Əlbəttə, bəzi xəstələrdə anadangəlmə şəkər xəstəliyi var. Lakin burada söhbət ikinci tip şəkər xəstəliyindən, yəni mahiyyətində qaraciyərin və mədəaltı vəzin quyruq hissəsində ifraz olunan insulinin çoxluğundan gedir. Ümumiyyətlə, orqanizmdə sağlam həyat və qida tərzinin hormonal mübadilə kimi əsas faktorların pozğunluğu nəticəsində şəkər xəstəliyinin artması və cavanlaşması müşahidə oluna bilər. Təəssüflər olsun ki, bu dinamika yüksələn xətlə davam edir. Əgər biz valideynlər, həkimlər həyəcan təbili çalaraq insanlarımızı bu yolun başlanğıcından qaytarmasaq, təbii ki, bu, gələcəkdə daha böyük fəsadlar törədə bilər. Bu durum həm də gələcəkdə sağlam körpələrin dünyaya gəlməsi baxımından çox təhlükəlidir. Çünki şəkər irsi olaraq da ötürülə bilən xəstəlikdir”.
Uzman diyetoloq Leyla Zülfüqarlı son günlər şəkər xəstəliyi ilə bağlı böyük bir ajiotaj yarandığını vurğuladı. Dietoloqun sözlərinə görə, dünyada və Azərbaycanda şəkər xəstələrinin sayının kəskin artması hər kəsi maraqlandırır: “Statistik rəqəmlərə baxdıqda adamı dəhşət bürüyür. Əslində şəkər xəstəliyi qidalanma ilə birbaşa əlaqəlidir. Sonradan qazanılan şəkər xəstəliyinin əsas səbəbi genetik ötürülmə faktorudur. İkinci əsas səbəb isə düzgün bəslənməyə əməl edilməməsidir. Bir dəfə ilə heç nə olmaz deyərək, öz vərdişlərimizdən imtina edə bilmirik. Xəmir xörəkləri və çoxlu karbohidrat qəbulu isə  gələcəkdə şəkər üçün əlverişli mühit yaradır. Təəssüf ki, bu, bizdə artıq ənənə halını alıb. Xüsusilə xəmir xörəklərinə daha çox meyilliyik. Bu stereotiplər mütləq qırılmalıdır”.
Dietoloq qida rejimində korrektələr və ciddi islahatlar aparılmalı olduğunu vurğuladı: “Biz metobolik xəstəliklərdən daha çox əziyyət çəkən xalqlar qrupuna aidik. Fikir versək görərik ki, qonşu ölkələr içərisində də şəkərdən ən çox əziyyət çəkən məhz bizik. Çünki gündəlik qidalanma rejimimizdə adi çayı az içsək, yaxud heç içməsək belə, səhər tezdən şirinçay mütləq içirik. Biz bunun nə qədər də ziyanlı olduğunu desək belə, bir çoxları “dədə-babadan şirinçayla böyümüşük, heç nə olmaz” deyib yenə də qida rasionuna diqqət etmir. Əsas problem insanların bunu birmənalı qəbul etməməyidir. Əslində düşmənimiz yağ yox, şəkərdir. Adətlərə çox meyilli olmağımız qidalanmada olan müəyyən səhvləri artıq adət halına çevirməyimizə gətirib çıxarıb. Ümumiyyətlə, biz xalq olaraq yeməkdən böyük zövq alırıq. Lakin gələcəkdə övladlarımız üçün bir sıra xəstəlikləri, xüsusən şəkəri irs qoyduğumuzu qətiyyən düşünmürük. Şəkər xəstəliyi nəsildən-nəslə keçən xəstəliklər qrupuna aiddir. Bu gün ölkə əhalisinin 90 faizi insulin dirəncindən əziyyət çəkir. İnsulin dirənci isə məhz qida pozğunluğu nəticəsində yaranan sindromdur ki, sonda karbohidrat pozğunluğuna gətirib çıxarır. Əgər ölkədə ildən-ilə şəkər xəstələrinin sayı artırsa, problemi mütləq özümüzdə axtarmalıyıq”.
Azərbaycanın baş endokrinoloqu Rafiq Məmmədhəsənov deyir ki, 2000-ci ildə dünyada belə xəstələrin sayı 171 milyon olub: “2005-ci ildə şəkərli diabetlə bağlı dövlət proqramı hazırlananda Azərbaycanda 56 min nəfər belə xəstə var idi. Proqram qəbul olunduqdan sonra xəstələrin sayı durmadan artıb. Hazırda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 220 mindən çoxdur. Bu da onunla bağlıdır ki, əvvəllər insanlar xəstəliklərini gizlədirdilər”.
R.Məmmədhəsənov vurğulayıb ki, insanların gün boyu qəbul etdiyi qidaların əksəriyyəti karbohidratdır. Onun sözlərinə görə, şəkərli diabetdən əziyyət çəkənlərin 10 faizi I tip, yerdə qalanları isə II tip xəstədir. II tip şəkərli diabetin əsas səbəbi hipodinamiya (hərəkətsizlik), piylənmə-düzgün olmayan qidalanma və stressdir: “Qlükozanı yandırmaq üçün hərəkət etmək mütləqdir. O cümlədən stress, genetik amillər də rol oynayır. Misal olaraq, atada şəkərli diabet xəstəliyi varsa, bunun övlada ötürülmə faizi 35-dir. Anadan bu xəstəliyin ötürülmə faizi isə iki dəfə azdır”.
Baş endokrinoloq əlavə edib ki, amputasiya olunan xəstələrin təxminən 25 faizi şəkərli diabetdən əziyyət çəkənlərin payına düşür. Görmə qabiliyyətinin itirilməsinin 25-30 faizinin də məhz bu xəstəliklə əlaqəli olduğunu deyən həkim vurğulayıb ki, hemodializ alan xəstələrin təxminən 50 faizi şəkərli diabet xəstəsidir: “Şəkərli diabetin fəsadları çoxdur. Dövlətin qayğısı nəticəsində bu gün şəkərli xəstələrin orta yaşama ömrü çox uzanıb. Komada olan xəstələrin çox az hissəsi tələf olur. Azərbaycanda pəhrizə fikir verən demək olar ki, yoxdur. Xəmir yeməklərini də çox sevdiyimizdən, bu xəstəliyin sayında artım müşahidə olunur. Məsələn, qara çörəyin 100 qramının 42 qramı, ağ çörəyin isə 50 qrama yaxını şəkərdir”.
Şəbnəm Mehdizadə          



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir