icki

Şəkər xəstəsi spirtli içki içərsə… – XƏBƏRDARLIQ

Baxış sayı: 1. 057

Bəlkə də çoxunuz bu ifadəni eşitmisiniz – “diabet xəstəlik deyil, həyat tərzidir”. Yəni müəyyən qaydalara əməl etdikdə insan xəstəliyin onun həyatına mənfi təsirini minimuma endirə bilər. Ancaq həmin qaydalara əməl olunmazsa, şəkərin səviyyəsi qanda daim yüksək olarsa, bu, orqanizmin bir çox orqan və sistemlərində müxtəlif ağır pozulmalara, hətta komaya səbəb ola bilər. Bu qaydalar sırasında pəhriz və düzgün qidalanma önəmli yerdə durur. Xəstə hansı qidaları yeyib-yeməyəcəyini dəqiq bilməli və buna ciddi riayət etməlidir. Ona görə də qidalanma şəkərli diabet xəstələrini düşündürən mövzudur. Şəkər xəstələrinin həkimə ən çox verdiyi suallardan biri isə budur – spirtli içki qəbul etmək olarmı?

Endokrinoloq Nadirə Ağazadə deyir ki, şəkərli diabet xəstələrinə spirtli içki qəbul etmək məsləhət görülmür: “Hər bir diabetli xəstə içki qəbul edərkən çox diqqətli olmalıdır. Çünki alkoqol xəstənin hər gün qəbul etdiyi şəkərsalıcı dərmanlar və ya vurduğu insulinin müalicəvi effektinə təsir göstərərək, qan şəkərinin yüksəlməsinə və ya normadan çox düşməsinə -hipoqlisemiyalara səbəb olur. Əsasən də alkoqol qəbulu qan şəkəri tez-tez düşən, kontrolsuz hiperlipidemiyası – yağları çox olan xəstələrdə ağır hipoqlisemiyalar, ketoz, pankreatit və s. ciddi ağırlaşmalara gətirib çıxara bilər”.

Alkoqol qəbul edən şəkər xəstələrinə bəzi məsləhətlər də verən həkim bildirir ki, spirtli içkilər ac qarına içilməməli, yeməklə bir qəbul olunmalıdır. Sürətlə yox, yavaş-yavaş içilməlidir. Şirniyyatla yanaşı qəbul olunmamalıdır: “Spirtli içki qəbul olunan gün və onun səhərisi xəstənin qan şəkəri ölçülməli, əgər ciddi durum varsa, bu barədə həkiminə məlumat verilməlidir. Ətrafınızda olan insanlardan hər hansı biri sizin şəkərli xəstə olduğunuzu bilməlidir. Yaxşı olar ki, üzərinizdə sizin şəkərli diabet xəstəsi olduğunu bildirən bir sənəd olsun”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir