Srrqiyye Huseynova

Şərqiyyə Hüseynova: “Şəxsi həyatım karyeram qədər uğurlu olmadı”

Baxış sayı: 151

Qeyri-adi səsi, mükəmməl diksiyası onun karyerasını əsaslı şəkildə dəyişib və bizə tanıtdırıb. Uşaqlıqdan ölkədə və dünyada baş verən yenilikləri, rus dilində olan verilişləri onun səsi ilə dinləmişik. Ömrünün 37 ilini televiziyaya həsr edən, “mavi ekran”ın məşhur diktorlarından Xalq artisti Şərqiyyə Hüseynovanın həyat hekayəsinə nəzər salaq.

“Anamın danlaqları qulağımdadır”

Ş.Hüseynova Bakıda dünyaya göz açıb. Atası hərbçi, anası həkim olub. 5 uşaqlı ailənin ilkidir. Deyir ki, ailəsi bir ay artıq Almaniyada yaşasa idi, alman vətəndaşı olaraq dünyaya gələcəkdi: “Atam keçmiş hərbçi idi. Müharibəni Almaniyada Berlində bitirib. Müharibə bitəndən sonra KQB xətti ilə orada saxlayıblar. 1947-ci ilin yayına qədər Berlində qalıb. Anam isə hospitalda işləyirdi. Rus dilini bildiyinə görə 22 yaşında hospitalda yatan əsgərlərin məktublarını tərcümə etmək üçün KQB xətti ilə gecə ilə Berlinə göndəriblər. Müharibədən sonra, 1946-cı ildə atamla anam Almaniyada görüşürlər. Bir-birlərini sevir və evlənirlər. Mən Almaniyada da anadan ola bilərdim. Lakin 1947-ci ildə anam hamiləliyinin doqquzuncu ayında Bakıya qayıdır. Ailədə beş uşaq olmuşuq. Atam hərbi xidmətdə yüksək çinli zabit dərəcəsinədək ucaldı. Sonra hərbdən tərxis oldu. Uzun müddət əvvəlki oktyabr rayonunda “Rayon İcraiyyə Komitəsinin” rəhbəri, trest rəisi işlədi. Atam hərbdə olarkən biz Sovet respublikalarında və bir çox xarici ölkələrdə yaşadıq. Buna görə də rusdilli məktəblərdə oxumaq məcburiyyətində qaldım”.
Balaca Şərqiyyə dəcəl uşaq olub. Anasının tənbehləri, danlaqları hələ də qulağındadır: “İndi də yadımdadır, anam məni tez-tez tənbeh edirdi. Uşaqlıqdan ev işlərini çox sevirdim, anamın paltarlarını kəsib oyuncaqlarıma paltar tikirdim. Onda pionerlər evi var idi, uşaqların məşğuliyyəti çox olurdu, dəcəlliyə vaxt qalmırdı. Evdə qalsaydım, bəlkə də anamın bütün paltarlarını kəsib-doğrayıb kuklalarıma paltar tikərdim”.

“Bəlkə də yaxşı həkim ola bilərdim”

Həmsöhbətimizin məktəb həyatı da sakit keçməyib. Deyir ki, müəllimləri “ölü 3”ü yazana kimi adamın “canını” alırdılar: “Əvvəlki 174 saylı məktəbi bitirmişəm. Müəllimlərimin çoxu yəhudi idi. Yəhudilərlə işləmək çox çətindir. Onlar ölü “3”ü yazana qədər adamın canını alırdılar. İstədin-istəmədin yaxşı oxumalı idin. Şagirdin pis oxumağa ixtiyarı yox idi. Yaxşı qiymət almaq üçün dəridən-qabıqdan çıxırdıq”.
Həmsöhbətimiz deyir ki, anası həkim olmasını istəsə də, o, incəsənət yolunda addımlayıb: “Anam həkim olmağımı çox istəyirdi. Amma heç vaxt bizim sənət seçimimizə mane olmayıblar. Müasir və ziyalı ailədə böyümüşəm. “Bizim ailədə qız uşağına “bu olmaz, o olmaz” deyə bir şey yox idi. Çünki özünü pis aparmaq istəyən hər yerdə pis aparacaq. Anam onun sənətini davam etdirməyimi istəsə də, mən həmişə teatrşünas olmaq istəyirdim. İki bacım anamın yolu ilə getdi. Amma mənim buna həvəsim yox idi. Bir dəfə bizim efirdə ilk dəfə tok-şou oldu. Ölkədə cəmi bir kanal var idi və diktor az olduğu üçün bizi hamı tanıyırdı. Canlı yayım idi. O vaxt mən dedim ki, anamın istəyi ilə getsəydim, bəlkə də məndən yaxşı həkim olardı. Çünki ürəkli insanam. Efirə bir kişi zəng vurdu, dedi ki, “Şərqiyyə xanım, mən həkiməm, amma böyük məmnuniyyətlə, sizinlə yerimi dəyişərdim. Onun sözləri indiyə qədər mənim yadımdadır. Başqa sözlə desəm, sənəti sevirəm və yaxşı ki, bu sənətdəyəm”.

“Dil bilməməyim başıma bəla oldu”

Həmsöhbətimizin televiziya macərası ikinci kursdan başlayıb. Deyir ki, İncəsənət Universitetində aktyorluq fakültəsinə qəbul olsa da, heç vaxt səhnəyə çıxmayıb: “İncəsənətə meylim çox deyildi. Amma bütün qızlar kimi səhnəni, televiziyanı xoşlayırdım. Çünki evimizdə teatra, musiqiyə xüsusi maraq var idi. Atam aşıq musiqisini çox sevərdi. Heç yadımdan çıxmaz, bir dəfə bizi yığıb filarmoniyaya apardı. Aşıq musiqilərindən ibarət konsert idi. Onda da aşıq musiqisinə yaxşı geyimdə gəlirdilər. Hələ də yadımdadır: Aşıq Əkbərlə Aşıq İmranın deyişməsi oldu. Atam rus dilində oxuyan və Azərbaycan dilində çox yaxşı danışa bilməyən övladlarına aşıq musiqisini, muğamatı belə sevdirdi. Atamla anamın incəsənətə meylliliyi sayəsində mən İncəsənət Universitetinə daxil oldum. Teatrşünaslıq fakültəsini istəsəm də, imtahana gedəndə Rza Təhmasib, Adil İsgəndərov çox təkid etdilər ki, aktyorluq fakültəsini seçim. 1967-ci ildə birinci kursda oxuyanda televiziyada diktor qəbulu ilə bağlı müsabiqə elan olundu. Müəllimim Müxlis Cənizadə məsləhət gördü ki, mən də öz gücümü sınayım. O, mənimlə məşğul oldu və 300-ə qədər adamın iştirak etdiyi müsabiqəyə qatıldım. Müsabiqə 3 turdan ibarət idi. Müsabiqəyə tələb olunan bunlar idi: rusca, azərbaycanca mükəmməl bilmək, ali təhsil diplomu və yaxud institutda oxumaq, səs, bir də, xarici görünüş. Əfsuslar olsun ki, rus dilimi və səsimi bəyənsələr də, Rusiyada yaşadığımız üçün Azərbaycan dilində danışığım bərbad idi. Rus dilini bildiyimə və səsim yaxşı olduğuna görə, 3 ay təcrübəçi kimi televiziyada işləməyə başladım. Lakin dilimizi yaxşı bilməməyim başıma bəla oldu”.
3 aylıq televiziya macərasında dili bilmədiyi üçün əngəllə üzləşib: “Televiziyada hansısa konsert proqramlarını açıb, bağlayırdım. Dili bilmədiyim üçün nisbətən kənarda qalmağa çalışırdım. Bir gün Ramiz Həsənoğlu mənə dedi ki, qar yağdığı üçün aparıcı işə gecikir. Ona görə həmin mətni efirdə sən oxumalısan. Dedim, “Ramiz, gör nə boyda mətndir, mən onu oxuya bilmərəm”. Rusca olsaydı yenə vəziyyətdən çıxardım, Azərbaycan dilində mənə çətindir. Dedi “45 dəqiqəlik verilişdir, mütləq efirə getməlidir”. Mətni götürdüm, suyum süzülə-süzülə studiyaya getdim. İndi təsəvvür edin ki, o mətnin başına nə oyun gətirdim. Mən heç düzgün danışa bilmirdim, nəinki mətn oxumaq. 3-4 ay idi işləyirdim. Efir bitəndə mənə dedilər ki, sənə bir yaxşılıq edə bilərik: öz istəyinlə ərizəni yaz, çıx. Sonra gələn il yenidən müsabiqədən keçib gələrsən. Ramizə də şiddətli töhmət verdilər. Sonra yenidən müsabiqədə iştirak etdim, dilimi mükəmməl şəkildə öyrəndim. Hətta dili o qədər gözəl bilirdim ki, İncəsənət Universitetində nitq mədəniyyətindən dərs deyirdim. İllər keçdi, biz Ramizlə eyni vaxtda – 2006-cı ildə Xalq artisti adını aldıq. İndi də bir yerdə Prezident təqaüdünə layiq görüldük. Baxın, həyatda belə təzadlar olur. İlk dəfə efirdə əlim-ayağım əsirdi, bumbuz olmuşdum. Yəni, mikrofon, kamera adamı sıxır. Məsələn, proqram aparanda mütləq yanımda təcrübəli diktor olurdu ki, məni sığortalasın. Efirlə zarafat etmək olmaz”.

Geriyə dönmək şansım olsa…

Şərqiyyə Hüseynova uşaqlıqdan sevdiyi insanla ailə həyatı qurub. Həyat yoldaşını vaxtsız itirsə də, xoşbəxt ailə həyatı yaşayıb: “Mənim həyat yoldaşım öz xalam oğlu idi. Sevgisiz yaşamaq mümkün deyil. Biz uşaqlıqdan sevirdik və bilirdik ki, ailə qurub bir yerdə olacağıq. Belə də oldu. Özü də yoldaşımın xasiyyəti və xarici görünüşü də çox gözəl idi. O cür insanı sevməmək mümkün deyildi. Ali təhsilli, çox mədəni bir insan idi. Çox xoşbəxt ailəmiz olub. 1969-cu ildə evləndik, 1971-ci ildə övladımız Mehriban dünyaya gəldi. Amma təəssüflər olsun ki, yoldaşım 49 yaşında dünyasını dəyişdi”.
Həmsöhbətimizin şəxsi həyatı karyerası qədər uğur olmayıb. Yoldaşından sonra gənc yaşında tək qızını itirən müsahibimiz, həyatdan itirdiyi qızından başqa heç nə istəmir: “Yoldaşımdan sonra qızımın faciəsi ilə üzləşdim. 2014-cü ildə yeganə qızımı itirdim. İndi nəvəmlə bir yerdə yaşayıram, onun 16 yaşı var. Bütün həyatımı nəvəmə həsr etmişəm. İstəyirəm ki, həyatda çoxlu nailiyyətlər qazansın, həyatdakı tək varlığım olan nəvəmin uğurlarına sevinim. Karyeramda bütün zirvələrə çatmışam, nə lazımdırsa, Allah mənə bəxş edib. Amma şəxsi həyatım karyeram qədər uğurlu olmadı. İşimi qiymətləndirdiyinə görə dövlətimizə, millətimizə təşəkkür edirəm. Amma şəxsi həyatımda faciələrlə üzləşdim, bu da Allahın işidir, heç nə deyə bilmərəm. Əgər geriyə dönmək şansım olsa idi, həyatdan övladımı geri istəyərdim. Həyatımda başqa heç nəyi dəyişməzdim”.

Ana olmaq asan deyil…

Sonda gənclərə məsləhət verən müsahibimiz deyir ki, gənclər tutduqları yoldan dönməsinlər: “Gənclərə məsləhətim odur ki, inadkar, dözümlü olub, tutduqları yoldan dönməsinlər. Pis vərdişlərdən uzaq olsunlar. Dost da, rəfiqə də seçəndə diqqətli olmaq lazımdır. Gənc valideynlərə tövsiyəm odur ki, uşaqları ilə məşğul olsunlar. Kiminsə uşağı həyatda nailiyyət qazananda deyirlər ki, yəqin, yəhudi anası var. Yəhudi analar uşaqlarına çox böyük diqqət yetirirlər, bütün həyatlarını övladlarının təhsilinə həsr edirlər. Uşaq sual verəndə ana oturub seriala baxıb demir ki, “al, telefonla oyna, başın qarışsın”. Ana olmaq asan deyil, çətindir. Amma siz istəyirsinizsə, övladınız nəyəsə nail olsun, uşağınızın təməlini düzgün qoymalısınız”. (Kaspi.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir