xerite

Səyahət büdcəsini necə planlaşdırmaq olar?

Baxış sayı: 997

Tətilə getmək üçün yay aylarını gözləyənlər artıq hazırlaşmağa başlayıblar. Nə vaxt getməyinizdən asılı olmayaraq hamı tətil üçün ayrıca büdcə ayırmalıdır.

 

1)  Tətil xərcləri

Tətildə ehtiyacınız olan hər şey üçün xərclərin siyahısını hazırlayın. Xərclərinizi nəqliyyat, yaşayış, əyləncə, yemək, alış-veriş və s. kimi kateqoriyalara bölün və maksimal limit müəyyən edin. Gözlənilməz xərcləri qarşılamaq üçün ehtiyat büdcə də ayırın. Əsasən tətilə gedərkən çamodana yığdıqlarımız normadan çox, cibimizdəki pul isə lazım olandan az olur. Büdcənizə uyğun olmayan tətilə gedərək sonrakı rahatlığınızı pozmayın. Yəni ayağınızı yorğanınıza görə uzadın.

 

2) Ev kirayəsi

Artıq internet vasitəsilə bu informasiyanı əldə etmək də asanlaşıb. Gedəcəyiniz yerdə büdcənizə uyğun qalacağınız yeri müəyyən edin. Mütləq deyil ki, oteldə qalasınız. Ölkədaxili və xarici turlar üçün bəzən ev kiralamaq daha ucuz başa gələ bilər.

 

3) Ölkə xaricində tətil

Səyahət sığortası, hava limanı vergisi, viza xərcləri, muzey biletləri, əlavə tur ödənişləri kimi xərcləri əvvəlcədən öyrənib büdcənizə əlavə edin. Başınıza nə vaxt, nəyin gələcəyini bilmədiyiniz üçün həyat sığortasını etməyinizi məsləhət görürük.

 

4) Diqqət

Tətilə gedəcəyiniz şəhər/ölkə haqqında detallı araşdırın. “Getdiyim yerdən alaram” deməyin, orada ehtiyacınız olacaq əşyalar üçün də yer ayırın.

 

5) Bayramları gözləyənlər

Tətilə hər kəsin ehtiyacı var… “Pul var ki, tətilə də gedək?” deyərək öncədən planlaşdırılmır və yalnız bayramlarda, illik məzuniyyətlərdə planlaşdırılmamış xərclərlə tətil edirik.

 

6) Avtomobil yoxsa təyyara?

Ailə, dostlar yoxsa təkbaşına tətilə gedirsiniz? Gedəcəyiniz məkanlar haradır? Şəhər, bölgə gəzəcəksiniz yoxsa tək bir yerdə qalacaqsınız? Bu, tamamilə sizin planlarınıza bağlıdır. Ən yaxşısı odur ki, kağız qələmi əlinizə götürüb hesablayasınız.

 

7) Hər şey daxildir?

Hər şey daxil otel, hostel, ev kirayəsi… Seçimlər çoxdur. Səhər, axşam yeməyi və s. ilə vaxtınızı itirmək istəmirsiniz və tətilinizi yalnız hovuz və dəniz kənarında keçirmək istəyirsinizsə hər şey daxil otelləri seçə bilərsiniz.

Diqqət: İnternet saytlarında qarşınıza çıxan “son fürsət”, “son 2 yer”, “bayrama görə xüsusi fürsətlər” kimi elanları görərək tələsik qərar verməyin. Bu tip elanları görəndə nəfəs alın və “həqiqətən” fürsətdir deyə bir düşünün.

 

8) Nümunə götürün.

Tətil xərclərinin siyahısını hazırlayın. Tətil xərcləri sadəcə nəqliyyat, yemək və yaşayış xərcılərindən ibarət deyil. Çimərliyə giriş ödənişləri, SPF kremi, eynəklər… əhəmiyyətsiz görünən amma büdcədə yer tutan kifayət qədər məsrəflər var. Bunun üçün ötən ilki tətilinizi və ya oxşar şərtlərlə tətilə gedən dostlarınızın büdcəsini nümunə kimi götürün və hazır olun.

 

9) Tətil krediti

Tətildə olarkən geri dönəndə kredit ödəyəcəyinizi düşünməniz kefinizi pozacaq. Bəs dincəlməyə, yorğunluğunuzu çıxarmağa gəlmişdiniz? Tətil üçün borca girməyin, kredit götürməyin, pul yığın.

 

10) Bayramdan əvvəl
Yığım üçün heç vaxt gec deyil. Qurban bayramına tam 1 ay var. Məsələn, bayrama qədər hər gün 10 manat kənara qoysanız ən azı 300 manat yığa bilərsiniz. Bu da sizin bir sıra xərclərinizi qarşılamağa kömək edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir