saat

Saatların çəkilməsi insanlara necə təsir edir? – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 1. 714

Oktyabrın 25-dən etibarən qış vaxtına keçidlə əlaqədar Azərbaycanda saatlar bir saat geri çəkildi. Saatların geri çəkilməsi bəzi insanlar tərəfindən ildə iki dəfə təkrarlanan adi hadisə kimi qəbul olunsa da, mütəxəssislər yay və qış vaxtına keçidin çox əhəmiyyətli olduğunu deyirlər. Həkimlərin dediklərinə görə, saatların geri çəkilməsi insanların səhhəti ilə bağlı müəyyən problemlər yarada bilər. Bunlar hansı problemlərdir? “Gencaile.az” Aile.lent.az-a istinadən  mövzu ilə əlaqədar mütəxəssislərin fikirlərini təqdim edir.

Terapevt Emin Dadaşzadə deyir ki, vaxtın dəyişdirilməsi hər 5 insandan birinə mənfi təsir göstərə bilər: “İnsan orqanizminin öz bioloji saatı var. Qış vaxtına keçidlə əlaqədar olaraq bəzi insanlarda təzyiq bir qədər də qalxa bilər. Çox xəstələr bunu bir müddət hiss edir. Amma müəyyən müddət sonra, təxminən bir-iki həftəyə bu dəyişiklik keçib gedir. Əqrəblərin çəkilməsi uşaqlara, məktəblilərə də nəzərə çarpacaq dərəcədə təsir edir. Xroniki ürək-damar və mədə-bağırsaq xəstəlikləri olan insanlar da belə dəyişikliklərdən bir müddət əziyyət çəkirlər”.

Psixoloqlar da hesab edirlər saatların çəkilməsi insanların davranışına təsir göstərir. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, insanlar yay vaxtına uyğunlaşdıqlarından, saatların çəkilməsi onların psixologiyasına mənfi təsir edir: “Yuxusuzluq yaradır və insanların davranışlarına təsir edir. Bəzi insanlar həmişəki vaxtlarında yuxudan qalxırlar. Bu isə adaptasiya prosesində insanların sinir sisteminə mənfi təsir edir. Təxminən bir həftə bu proses davam etdikdən sonra insanlar rejimə uyğunlaşırlar”.

Psixoloq bildirir ki, əgər saatların çəkilməsi iş gününə düşərsə, bu, insan psixologiyasına mənfi təsir edər: “Qış vaxtına keçid zamanı saatlar ayın son həftəsinin bazar günündə geri çəkilir. Bu isə insanlara yeni rejimə öyrəşməyə imkan yaradır. Yəni insanlar saatları geri, yaxud irəli çəkməsindən asılı olmayaraq bazar gününü evdə keçirdiklərindən bazar ertəsinə –  növbəti iş gününə qədər saatlarını tam qaydaya salırlar. Bununla belə saatların geri çəkilməsinin meteohəssas insanlara təsiri daha böyükdür. Digər insanlar isə psixoloji cəhətdən hazır olduqlarından, onlar bu prosesə çox tez öyrəşirlər”.

Həmsöhbətimiz dərman qəbul edən insanlarda da saatların irəli, geri çəkilməsinin bir qədər narahatçılığa səbəb olduğunu dedi.

İqtisadçı Qadir İbrahimli qış vaxtına keçidin elektrik enerjisinə və qaza qənaət etməyə imkan verdiyini söyləyir: “Saat əqrəblərinin qabağa və geri çəkilməsi elektrik enerjisinə qənaət etmək məqsədi daşıyır. Bu üsuldan bir sıra dünya dövlətlərində istifadə edilir. Proses əsasən iqtisadiyyatı güclü olan dövlətlərdə həyata keçirilir. Çünki həmin dövlətlərdə enerjidən çox istifadə olunur. Saatların bir saat geri çəkilməsi müxtəlif müəssisə və idarələrdə çalışan insanlara imkan verir ki, onlar elektrik enerjisindən çox az istifadə etsinlər. İş saatı günün günəşli vaxtına təsadüf etdiyindən, onlar elektrik enerjisinə olan tələbatlarını günəş enerjisi ilə ödəyirlər. Bu isə milyonlarla kilovat saat enerjiyə qənaət etmək deməkdir. Saatların geri çəkilməsi gündən səmərəli istifadə etməyə də imkan verir. Bu, insanların iş potensialını artırır”.

Alimlərin hesablamasına görə, bir sıra ölkələrdə saatın dəyişilməsi adambaşına 16 kilovatsaat elektrik enerjisinə qənaət edilməsi deməkdir. Azərbaycanda da bununla bağlı hesablamalar aparılıb. Məlum olub ki, saatın geri çəkilməsi ölkə əhalisi üzrə 10 milyon manat qənaət olunmasına gətirib çıxarır.

Qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi qərarı ölkəmizdə 1997-ci ildə verilib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir. İlk dəfə saatların əqrəbinin 1 saat irəli və geri çəkilməsi hadisəsi isə 1908-ci ilə təsadüf edir. Hazırda bu ənənəyə 200-dən artıq dövlət əməl edir. Bu qərar barədə Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının icraçı katibliyinə və MDB ölkələrinin müvafiq təşkilatlarına məlumat verilir. Bununla da ölkədə qış vaxtına keçilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir