Efsane R

“Şad xəbər?!” – “NATAMAM”

Baxış sayı: 1. 719

“Müharibə qutardı! Xəbəriniz oldu yəqin.. Gördünüz də həmin günkü izdihamı. Hamı özü torpaqları alıbmış kimi sevinirdi. Ölkə olaraq bir dəqiqəlik belə sükut edib Şəhidləri yad etmədik. Yanıram doktor! İnsanları xoşbəxt görəndə içim yanmır, amma şəhid ailəsiyəm deyib xidmət qapılarında süründürməçilik görəndə içim yanır! Mən onsuz da qardaşımın nə ölüsün, nə dirisin tapa bilməmişdim də Şuşadan çıxanda! İndi də oğlumdan xəbər yoxdu! Müharibə qutardı, doktor! Müharibə qutardı! Amma mənim balamı hələ də geri qaytarmayıblar! Hərə də bir tərəfdən başqa avaz çalır. “Müharibədən sonra az-az çıxardıllar şəhidləri üzə!” İçim yanır! Ölürəm, doktor! Heç olmasa, bir xəbərin biləydim.. İnsan eyni dərdlə iki dəfə sınanarmı, ay başınıza dönüm?! Onsuz da İlqar deyəndə bağrım yanırdı. İndi bu yanğının benzini oldu Vüsal..!

O əsgərdən təzəcə gəlib işə düzəlmişdi. 3 dil bilirdi. Çox savadlı uşaq idi, dr. Baxın, mən belə keçmiş zamanda danışıram onun haqqında. Havalanacam bu gedişlə. Adam da öz- özünə nə qədər danışar?! Nə qədər geyinilməmiş paltarları iyləyər?! Ona dair bir nişanə axtarıram videolarda.  Ondan bir iz axtarıram internetdə. Bir ananın balasının cəsədini aşkarlamaq üçün videoları dondurub yaxınlaşdıraraq baxmağın nə demək olduğunu bilirsinizmi?! Mən hər gün ölürəm, dr. Hər zəngə, hər qapı taqqıltısına başımı yolaraq cavab verirəm! Çünki balam sağ olsa bir ALO deyərdi! Demədi, dr. Vüsal mənə bu 40 gündə bir ALO demədi! Sonra da deyirlər ki, Validə dəli olub, havalanıb. Validə ölüb eee, ölüb! Yerdə bir kəsik qız qabalası var deyə yalandan quru müqəvvası gəzir ortalıqda! Məni sizin yanınıza göndərdilər ki, sizin mənə köməyiniz dəyər. Sizin mənə nə köməyiniz dəyə bilər axı, ay dr?! Siz mənə Vüsal olaaqsınız?! Vüsaldan xəbər olacaqsınız?! Məni bundan sonra nə sakitləşdirə bilər axı?!!!”

Validəyə deyə bilmədim ki, biz gələ Rusların oyununu anlamaq, Türkləri oyuna daxil etmək mərhələsindəyik. Biz səni anlayacağımız yerə gəlməmişik hələ! Hələ “bezkraska” zarafatlar axtarırıq…

Sadəcə şanslısan demək istədim. Gözləri bərələrək mənə baxsa da, nitqimə davam etmək… Şanslısan ki, sənin bu acı təcrübən var. Nə etməli olduğunu bilirsən. İlqar sənin ciyərinə bu dərdin yolların dağlayaraq çəkib. Vüsal o yollardakı yeni çınqıllar olacaq sadəcə. Demədim! Deyə bilmədim! Onun yerinə “Oralarda  set olmur, düşmən məkan bəlirləyə bilməsin deyə bütün telefonları bağlayıblar. Vüsal istəsə də səni yığa bilməz. Bir az daha səbr elə. Hardasa bircə aya hamıya zəng gələcək. Yekə qızsan. Saçını səliqəyə sal. Üzünüz qızartılarına maz çək. Uşaq gəlib səni belə görməsin!” Ümidlənmişdi azca. Ən çox buna ehtiyacı var idi çünki. Saçını əli ilə səliqəyə salaraq yanağını qolu ilə sildi. İnandı mənə. inanmaq istədi. Mən də möhkəm dua etdim içimdən. Ona ŞAD xəbər gəlsin deyə..Şəhadətin də ŞAD xəbər olduğunu bildiyim halda.

Durub tələsik yerindən: Onda mən gedim. Evdə olum. Birdə uşağım evə zəng edər.

Qapıdan sevincək çıxırdı ki, ayaq saxlayıb:

“İLQARDAN DA ŞAD XƏBƏR GƏLƏRMİ GÖRƏSƏN, DR?!” dedi və getdi..

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir