toy

“Şadlıq sarayının böyüklüyü, keyfiyyətsiz yeməklərlə dolu süfrələr xoşbəxt ailə həyatını qarantiya etmir”

Baxış sayı: 368

Azərbaycan o ölkələr arasındadır ki, toyda sonra qız və oğlanın valideynləri illərlə kredit ödəmək məcburiyyətində qalır. Hətta bəzən olur ki, cütlük ayrılır, amma kredit bitmək bilmir. Sanki hamı bəhsə-bəhs daha yaxşı, göstərişli toy etməyə çalışır. Süfrəyə qalaqlanmış fərqli çeşidlərin bəzisi heç yeyilmir də. Bəzisinin keyfiyyəti o qədər aşağı olur ki, yeməyə qorxursan ki, zəhərlənərsən. Amma toy bitəndə ödəməli olduğun məbləğ əl yandırır…

Niyə xalq olaraq bu adət-ənənəyə son qoymağa çalışmırıq?

Bizə haradan gəlib bu ənənə?

eyyub huseynov

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov  bildirir ki, Azərbaycanda babaları nəvələrinin başını sığallayıb demirlər ki, “səni universitetə daxil olan, təhsil alan görüm”, deyirlər ki, “sənin toyunu görüm”. Ekspertin fikrincə, nə qədər ki, bu düşüncə babaların, nənələrin beynində var, toy biznesi əcaib şəkildə inkişaf edəcək.

“Mən çox adamla söhbət etmişəm. Bu biabırçı biznes Azərbaycana çox uzaq ölkədən gətirilib. Azərbaycanın az sayda xalqlar yaşayan bir hissəsində Şimal bölgəsində başlayıb bu biznes. Müğənni Cavanşir Məmmədov mənə demişdi. Sonra yavaş-yavaş Azərbaycana yaydılar bu biznesi. Çox təəssüf ki, burada əcaib hal var. Ağıllı gəlin, ağıllı bəy heç vaxt valideynlərini elə böyük xərcə salmaz. Onlar lazım olsa, necə deyirlər “komsomol” toyu edərək də, xoşbəxt ailə qura bilərlər”-deyən ekspert təəssüflə bildirib ki, bu anormal hal davam edir.

“Toya gedən insan məcbur olur ki, 10 il bundan qabaq toyuna gəlib 50 manat ödəniş etmiş adamın toyuna gedib 300-400 manat versin”-deyən Eyyub Hüseynov hesab edir ki, sanki şadlıq evləri ilə müğənnilərin bir gizli əlaqəsi var. İnsanların verdiyi pul yeməyə yox, o müğənnilərə, mənasız konsertlərə gedir.

“Bu vəziyyəti dəyişmək lazımdır. Alternativ müasir çadır toyları başlamalı, o çadır toylarında əl yuyan yer və tualetlər olmalıdır. Və elə alternativ modellər təyin olunmalıdır ki, əhali buna keçid edə bilsin.

Mən İranda şahın sarayına getmişəm, keçmiş şadlıq sarayına. İndiki ölkəmizdə şadlıq evləri həmin şahın sarayından 4 dəfə dəbdəbəlidir. İrandakı saray iki mərtəbəli balaca bir binadır. Ölkəmizdə izafi xərclər var. Toy yiyəsinin soyulması var, “ağılsız” bəy-gəlinin valideynlərini yüksək xərcə düçar etməsi kimi cahil hallar var. Bu səfehliyə son qoyulması mütləq vacibdir. Xoşbəxt ailənin təntənəli toyla heç bir əlaqəsi yoxdur.

Mənim yanıma şikayətə gələn olub. Qızla anası gəlmişdi, toyla bağlı. Kiçik bir məsələdə, razılaşmada bir problem olmuşdu. Mənə dedi ki, “bizim nişanımızı qaytaracaqlar”. Dedim ki, “tez gedin nişanı qaytarın, qurtarın bu məsələni. Əgər xırda bir şeyin üstündə elə məsələ varsa, orada xoşbəxt ailə ola bilməz. Tez gedin, qaytarın nişanı. Özünüzü bədbəxt etməyin”. Yəni belə biabırçı hal var.

Toyxanalar ən təhlükəli yeməklərin verildiyi insanların soyulduğu bir yerdir. Toy edənlər düşünür ki, onlar üçün təntənəli bir toy edirlər. Lakin başa düşmürlər ki, orada hər şey alqoritm olaraq hesablanıb. Səsin temberi, içəridəki temperatur və xidmət göstərənlərin davranışı ona hesablanıb ki, insanlar buradan tez çıxıb getsinlər. Axırda da külli miqdarda pul verilir. O pula da konsert çeki verilmir”-deyən ekspert hesab edir ki, vergi orqanlarının əməkdaşları da, bu toyxanalarda yeyib- içirlər, bunları da görürlər.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir