TOY

Şadlıq sarayları şadlıq edir: lakin “əmma”lar, “kaş ki”lər də var

Baxış sayı: 768
Nazirlər Kabinetinin qərarı ilə martın 6-dan şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti ləğv olundu. Buna qədərki dövrdə qonaq sayında məhdudiyyətin olması təkcə qohum-əqrəbanı küsdürmürdü, həm də toy edənin xərcini artırırdı. Halbuki pandemiyaya qədər toy edib xeyir götürənlər də az deyildi.Qonaq sayında limit tətbiq edildikdən sonra restoranların təqdim etdiyi qiymətlərdə də artım müşahidə olunurdu. İndi isə nə qonaq sayında limit var, nə də vaxt məhdudiyyəti. Görünür, pandemiyadan əvvəlki həyat yavaş-yavaş geri qayıdır. İşini itirmiş bir çox insanın fəailiyyət sahəsi bərpa olunur.

Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, toylarda say məhdudiyyətinin ləğv edilməsi ölkədə iqtisadi aktivliyin və məşğulluğun bərpa olunmasında ciddi rol oynayacaq: “Bu qərar toy biznesinin yenidən genişlənməsi ilə nəticələnəcək. Çünki digər məhdudiyyətlərdən fərqli olaraq, toylara şamil edilmiş məlum məhdudiyyət toyların sayının azalması ilə nəticələnmişdi. Ona görə ki, az sayda qonaqla toyun bütün xərclərini qarşılamaq praktiki olaraq mümkün deyil. Bilirik ki, toya nə qədər çox adam gəlsə, adam başına düşən vəsait də azalır. Nəticədə toplanmış vəsait ümumi xərcləri qarşılamaq gücündə olur”.

“Hətta bir çox hallarda toydan toplanmış vəsaitdən elə toy sahibinə qalan pay da olur. Buna görə də toylara icazə verildikdən sonra toy etmək məcburiyyətində qalanlar şənliklərini keçirsələr də, tələsməyən insanlar məhdudiyyətlərin aradan qaldırılacağı zamanı gözləməyi daha üstün tutmuşdular. Çünki toya xərclədikləri vəsaiti geri qaytara bilməyəcəkdilər”, – deyə həmsöhbətimiz bildirib.

O, sözügedən artımın iqtisadi təsirlərinə də toxunub:  “Toyların sayının artması o deməkdir ki, toy biznesinə xidmət edən digər sahələrdə də canlanma olacaq. Kirayə maşın, paltar verənlərin, gözəllik salonlarının fəaliyyətində canlanma olacaq. Toyda xidmət edən aşpazların, ofisantların, musiqiçilərin və digər kontingentin iş məşğulluğu da artacaq. Qida, xüsusilə də ət məhsullarına tələbat kəskin artacaq. Kommunal xərclərin ödənilməsində belə, artım yaranacaq. Qurumların fəaliyyətində bunun təsirini görəcəyik. Başqa sözlə, bu məhdudiyyətin aradan qaldırılması pul dövriyyəsinin, iqtisadi fəallığı artıran faktorlardır”.

Bəs şadlıq evləri bu qərarı necə qarşılayıb? Toylarda say məhdudiyyətinin ləğv edilməsi onların fəaliyyətinə necə təsir edəcək? Bu qərarın qiymətlərə təsiri olacaqmı? AYNA-nın suallarını elə şadlıq saraylarının (ad çəkməməklə) rəhbərliyində çalışan şəxslər cavablandırıblar.

Restorator Tofiq Ələkbərov: “Qərar çox ani verildi. İşlər tələsiyə düşdü. Yaxşı olardı ki, qərarı verməzdən bir-iki həftə əvvəl xəbər verərdilər. Bu gün axşam oturduğum yerdə bəy məni stolun başına çağırıb ki, gözün aydın, sabahdan say məhdudiyyəti götürülür. Çox şükür, azar-bezar getdi. Amma çox ani oldu.

Say məhduiyyəti ləğv olunduqdan sonra qonaq sayını ciddi şəkildə artıran olmayıb. Demək olar, əvvəlki saydır. Qonaq sayını artıranlar da maksimum 15-20 nəfər artırıblar. 150 nəfərə icazə verilən zaman 90 nəfərlə toy yazdıran adam məhdudiyyət aradan qaldırıldıqdan sonra da qonaq sayını artıran deyil.

7 ildir fəaliyyət göstəririk. Elə o vaxt da menyu 45-50 manat idi, indi də. Qonaq sayına limit götürülsə də, ətin qiymətini də əvvəlki kimi 9 manat etmirlər ki! Ət indi 13 manat 50 qəpikdir”.

Administrator Cahid Abbaslı: “Bu qərar fəaliyyətimizə çox yaxşı təsir edəcək. Ona görə ki, 150 nəfərin qazancı başqadır, 300 nəfərin qazancı başqa. 150 nəfər limit olanda menyuda qiymətlər baha idi. İndi bir neçə manat aşağı düşəcək. Təxminən 5-10 manat fərq olacaq. Çünki rəqabət artacaq. Bütün şadlıq evləri istəyəcək ki, yüksək saylı toylar tutsun. Buna görə də qiyməti aşağı salacaqlar. Şadlıq evlərinin çoxu kirayədir. Buna görə istəyirlər ki, ən azı ayda 10 dənə çoxsaylı qonaq olan toy olsun ki, qazana bilsinlər. Bu zaman da rəqabətdə təbii ki, qiymətlər aşağı düşür.

Əvvəldən edilmiş toy sifarişlərində bu günlərdə qonaq sayını artırmaqla bağlı müraciətlər almamışıq. Çünki insanlar artıq dəvətnamələrini paylayıblar. Martın 20-dən sonrakı tarixə təyin edilmiş toy sahiblərindən qonaq sayıyını 70-80 nəfər artırmaqla bağlı zənglər gəlir. Qonaq sayının artırılması yazılmış toylara qiymət baxımından təsir göstərməsə də, yeni götürəcəyimiz sifarişlərə təsir edəcək”.

Administrator Şakir Bağırov: “Say məhdudiyyətinin aradan qaldırılması çox yaxşı oldu. Amma bu qərar gec verildi. Sahibkarların əziyyəti bir qədər azalmış olacaq. Mən o vaxt da demişdim. Məkana uyğun limit qoymaq lazım idi. Qonaq sayının az olması qiymətlərə də təsir etmişdi. İndi qiymətlərin aşağı düşməsini müşahidə edəcəyik.

Qonaq sayını artıran çox az adam var. Burada elədir ki, limitli vaxtda çağırmadığın adamı məhdudiyyət aradan qaldırıldıqdan sonra çağırmaq da yaxşı çıxmır. İnsanlar inciyirlər. Buna görə əvvəldən desəydilər, daha yaxşı olardı.

Qonaq sayında məhdudiyyət ləğv olunsa da, bəzi qadağalar qalıb. Məsələn, tibbi maska tələbi hələ də qalmaqdadır. İki bacı bir evdə qalır, evdə tibbi maska taxmırlarsa, işdə niyə taxsınlar? Maska ilə nəfəs almaq çətindir. İnsanlar yorulurlar. Qapalı məkanda tibbi maska ilə işləmək daha çətindir. Ümid edək ki, bununla bağlı qadağa da aradan qaldırılacaq”.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir