mekteb

Şagirdlərə fiziki güc tətbiq edilməsinin psixoloji təsirləri

Baxış sayı: 558

Ötən həftə Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdləri döyməsini əks etdirən video geniş müzakirə mövzusuna çevrilib. Məktəbdə şagirdlərin güc yolu ilə tərbiyəsi birmənalı qarşılanmayıb. Bəziləri məktəbdə şagirdlərin döyülməsini təhsilimizdə olan ənənə olduğunu bildirib bunu tərbiyə üsulu kimi qəbul edir, digərləri birmənalı olaraq təhsil müəssisələrində şagirdlərin döyülməsini düzgün saymır.

 

Döymək tərbiyə üsulu deyil!

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin psixoloqu Əziz Kərimov bildirir ki, məktəblərdə şagirdin şəxsiyyətini alçaldacaq hərəkətə yol verilməsi düzgün deyil. Psixoloqun sözlərinə görə, müəllimlər və direktor şagirdin qüruruna toxunacaq hərəkət etməməli, davranışında, danışığında bu amilə diqqət yetirməlidir. Müəllim və direktor şagirdlərə qarşı daha həssas davranmalı, onların problemlərini dinləməli, dəstək olmalıdır:

“Müəllim və ya ailə tərəfindən döyülən uşaqlarda problemlər ortaya çıxır. Döymək tərbiyə üsulu deyil”.

Ə.Kərimov bildirib ki, direktorların məktəblərdə nizam-intizama nəzarət etmək səlahiyyəti var:

“O, müəllimlərə bu işdə kömək etməlidir. Şagirdlərə fiziki güc tətbiq etməsi yolverilməzdir”.

Ə.Kərimovun sözlərinə görə, məktəb mühitində bu cür hadisələrin olması arzuolunan deyil:

“Məktəb təhsil ocağıdır. Bu məkanda döymə, döyülmə kimi hadisələrin baş verməsi düzgün deyil”.

 

Məktəblərdə psixoloji iş zəifdir?

Psixoloq Elnur Rüstəmov deyir ki, məktəblərdə baş verən hadisələr təhsil müəssisələrində psixoloji işin zəif aparıldığından xəbər verir. Onun sözlərinə görə, məktəblərdə psixoloji iş təkcə müəllim şagird arasında yox, valideynlər arasında da aparılmalıdır:

“Nazirlər Kabinetinin “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında 2020-ci il 30 aprel tarixli, 157 saylı qərarı var. Təhsil müəssisələrində bu qərardan irəli gələn məsələlər həll olunmalıdır. Təhsilalanlarla yanaşı təhsilverənlərlə də psixoloji iş aparılmalıdır. Həmin qərarda qeyd olunub ki, pedaqoji işçilərin də psixoloji biliklərə ehtiyacları ödənilməlidir. Təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühit formalaşdırılmalıdır”.

E.Rüstəmov deyir ki, məktəblərdə xoşagəlməz hadisələrin baş verməsi cəmiyyətdəki ümumi stres faktorundan qaynaqlanır:

“Dünyada baş verən proseslər, informasiya yükü, ailədə baş verən problemlər, zərərli vərdişlər stres faktoruna yol açır. Bu gərginlik məktəblərdə ona görə özünü daha tez biruzə verir ki, ölkəmizdə 1,5 milyon təhsilalan var. Məktəblərdə 200 mindən yuxarı təhsilverən var. Bu rəqəmlərin fonunda belə hadisələrin baş verməsi mümkündür. Ona görə də məktəblərdə psixoloji iş yeni dövrün qaydalarına uyğun aparılmalıdır”.

 

Psixoloq çatışmazlığı var

Psixoloq bildirir ki, istənilən halda şagirdə qarşı şiddət yolverilməzdir:

“Təhsil pedoqoji olmaqla yanaşı, həm də psixoloji prosesdir. Buna görə də təhsildə psixoloji işi yaddan çıxartmaq olmaz!”.

E.Rüstəmovun sözlərinə görə, məktəblərdə ixtisaslı psixoloq çatışmazlığı var. Bu isə təhsil müəssisələrində psixoloji xidmətin təşkilində qüsurlara səbəb olur:

“Paytaxt məktəblərində psixoloji iş daha peşəkar qurulmalıdır. Çünki, məktəblərdə şagird sıxlığı daha çoxdur. Bakının elə məktəbi var ki, orada iki-dörd min arası şagird təhsil alır. Ona görə də, məktəblərdə ixtisaslı psixoloqlar olmalı, qeyri-ixtisaslı olanlar isə yenidən hazırlanmalıdır. Hər il məktəb psixoloqları təkmilləşdirmə keçməlidir”.

 

Qanunlar da zorakılığa qarşıdır

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova isə bildirir ki, illər öncə məktəblərdə müəllimlərin şagirdləri döymə üsulu ilə tərbiyə etmək ənənəsi olsa da, artıq bu cür hallara yol vermək olmaz:

“Hətta müəllimlərin əllərində çubuqları olurdu, ondan uşaqları sakitləşdirmək üçün istifadə edilirdi. O dövrdə sosial şəbəkə olmadığından, bu cür hallar ictimailəşdirilmirdi. Nəzərə almaq lazımdır ki, məktəbdə şagirdlər şəxsiyyət kimi yetişmə dövrünü keçirlər. Bu zaman təhsillə yanaşı təlim-tərbiyədə də həssas yanaşma olmalıdır. Heç bir halda şiddətə yol vermək olmaz. Bizim hər birimizin zorakılıq göstərməyimizə qanun qadağa qoyur. Belə bir məsəl var ki, “Müəllimin vurduğu yerdə gül bitir”. Amma təəssüf ki, bu heç də həmişə belə olmur. Şiddətin nəticəsi travmadır. Bizim istəyimiz isə bununla mübarizə aparmaqdır”.

Şura sədri deyir ki, dünyanın heç bir yerində şiddət tərbiyə üsulu sayılmır:

“Uşaqlıqda aldığımız travmalar sonradan özünü biruzə verir. Biz ümumi cəmiyyətdə, harada baş verməsindən asılı olmayaraq, şiddəti sonlandırmalıyıq”.

G.Səfərovanın sözlərinə görə, İctimai Şura bununla bağlı fəaliyyət planları hazırlayıb:

“Bizim fikirimiz var ki, bir neçə məktəbdə psixoloji diaqnostika aparaq. Bundan sonra psixoloqların bu prosesə daha çox cəlb olunması nəzərdə tutulur”.

 

Şagird sayı çox, pxixoloq az

G.Səfərova deyir ki, məktəblərdə psixoloq sayı az, şagird sayı çoxdur. Ona görə də, psixoloqların bütün şagirdlərlə ünsiyyət qurması fiziki baxımdan mümkün deyil. Psixoloji yanaşma isə induivudallıq tələb edir:

“Hələ də bütün məktəblərdə məktəb psixoloqu yoxdur. İxtisaslı psixoloqlar məktəblərdən çox klinikalarda işləməkdə maraqlıdırlar. Çünki, psixoloji xidmət kifayət qədər bahalı xidmətdir. Məktəblərdə psixoloq işləmək sərfəli olmadığından, ixtisaslı kadrlar buna maraq göstərmir.

Məlumat üçün bildirək ki, G.Səfərova məktəb direktoru tərəfindən uyğun olmayan davranış nümayiş olunmuş şagirdlərlə və məktəb rəhbərliyi ilə görüşüb.

“Məktəb idarəçiliyində müasir yanaşmaların, təhsilverənlərə və təhsilalanlara qarşı düzgün münasibətin formalaşdırılmasının zəruriliyini nəzərə çatdırdıq, şagirdlərə müvafiq tövsiyələr verdik. Məsələnin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırıldığını nəzərə alaraq, araşdırmaların nəticələrinin qanunvericiliyin tələblərinə uyğun olacağına, müəllimin və məktəbin nüfuzunun qorunmasına, eləcə də müəllim-şagird münasibətlərinə xələl gətirən halların aradan qaldırılmasına xidmət edəcəyinə inanıram. Ona da inanıram ki, məktəb direktoru barədə ciddi tədbir görüləcək”, – deyə Şura sədri bildirir.

 

Döymək yox, qulaqburma vermək olar?!

Təhsil üzrə ekspert Nadir İsrafilov bildirir ki, şagirdləri döymək yox, qulaqburması vermək ənənəsi hər zaman olub:

“Biz bəzən yüngülvari cəzanı dramatikləşdiririk. Əlbəttə şagirdə zədə toxunduracaq səviyyədə şiddətə yol vermək olmaz. Amma məktəbdə nizam-intizama əməl etməyən şagirdə yüngül qulaqburması verilməsi halları həmişə olub”.

Ekspert deyir ki, bununla belə müəllimlərin etik davranış qaydaları var. Müəllimlər də şagirdlər də qaydalara əməl etməlidirlər:

“Fikrimcə, hər hansı sosial şəbəkədə müəllimin uşağı döyməsinə hüquqi qiymət verilmədən müəllimi az qala işdən çıxardırıq. Bu digər valideynlərə də əsas verir ki, müəllimi bu yolla şantaj etsin. Müəllim və məktəb nüfuzu qorunmalıdır. Hüquqi qiymət verildikdən sonra müəllim barədə qərar qəbul edilməlidir”.

N.İsrafilov deyir ki, əvvəllər müəllimə şagirdi tənbeh etməsinə görə bir söz deyən olmasa da, keçmiş dövrdəki ilə müqayisədə indi müəllim nüfuzu aşağı düşüb. Ona görə də, müəllimin hər davranışı müzakirə mövzusuna çevrilir:

“Əvvəl biz məktəbdə çalışan müəllimə övladımıza savad verən yeganə şəxs kimi yanaşırdıq. İndi artıq məktəb müəllimlərinə o qədər də ehtiyac qalmayıb. Şagirdlər repetitor hazırlığı ilə bilik əldə edirlər. Bu da müəllim nüfuzuna təsir edir”.

 

Direktorun izahatı alındı

Qeyd edək ki, artıq Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı izahatı alınıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən müvafiq təhqiqat araşdırmaları aparılıb:

“Tərəflərin izahatları alınıb. Məlum olub ki, məktəbin IX sinif şagirdləri mütamadi olaraq dərs davamiyyətinə əməl etmirlər. Həmin gün şagirdlər məktəbin ikinci mərtəbəsindən düşərək dərsdən yayınmağa çalışıblar. Məktəb rəhbərliyi tərəfindən onlar intizama dəvət ediliblər. Yaranan mübahisədə xəsarət və digər təhqir elementi yoxdur. Şagird və valideynlərlə söhbət aparılıb, onların heç bir şikayətlərinin olmadığı bildirilib”.

Xatırladaq ki, direktor Zinyət Əhmədovanın məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb.

 

Bakı məktəblərində psixoloq ştatı artırılacaq

Məlumat üçün bildirək ki, ötən il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib ki, Bakı məktəblərində psixoloq ştatının artırılması ilə bağlı addımlar atılacaq. Çünki bu sahədə boşluqlar var.

 

Bir məktəbdə neçə psixoloq olmalıdır?

Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqda qərarına əsasən isə dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib:

şagird sayı 1000-dək olduqda, 1 vahid;

şagird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid;

şagird sayı 3000-dən çox olduqda, 3 vahid.

Özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.

 

Psixoloqların da maaşı artırılıb

Onu da əlavə edək ki, ötən ilin dekabr ayının 17-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təhsil işçilərinin əməkhaqları artırılarkən, uşaq birliyi rəhbərləri və psixoloqların da maaşı 20 faiz artırılıb.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir