dersler

Şagirdlərə ev tapşırığı verilsinmi?

Baxış sayı: 160
Ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarında ev tapşırığının olmayacağı ilə bağlı Təhsil Nazirliyinin açıqlaması diqqəti həmçinin orta ümumtəhsil məktəblərində, o cümlədən liseylərdə, gimnaziyaların ibtidai siniflərində təhsil alan şagirdlərin ev tapşırığı məsələsinə yönəldib. Belə ki, kurikulim təliminə keçid şagirdləri ev tapşırığından azad etmək tələbi qoysa da, bəzi məktəblərdə hələ də şagirdlərə ev tapşırıqlarının verilməsi hallarına rast gəlinir. Hərçənd bəzi valideynlər “ev tapşırığı uşağın məsuliyyətini artırır, dərsə marağını çoxaldır” desə də, bəziləri övladının dərs yükünün ağırlığından şikayətlənərək “uşaq yorulur” deyə gileylənirlər.
Övladı S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının 4-cü sinfində təhsil alan valideyn Solmaz Əliyeva uşağına gündəlik çoxlu tapşırığın verilməsindən şikayətlənir: “Əgər kurikulum təlimidirsə, nə üçün müəllim bütün fənlər üzrə tapşırığı evə verir? Uşaq dərsdən gələndən sonra növbəti günün tapşırıqlarını həll edir. Demək olar ki, onun istirahət üçün boş vaxtı qalmır. Çalışmalar isə get-gedə çətinləşir. Biz də, uşaq da çətinlik çəkirik. İndiki məktəb, proqram və müəllimlər təkcə uşaqların deyil, valideynlərin də çiyninə ağır yük qoyurlar”.
Valideynin dedikləri ümumilikdə bu gün cəmiyyətdə yer alan “məktəblinin dərs yükü ağırdır” fikirləri ilə üst-üstə düşür. Yəni uşaqların dərs yükünün həddi və həcminin qeyri-müəyyənliyi uşaqları yorur, onlar gərginlik içərisində çalışırlar, zəif orqanizmləri bu yükü çəkə bilmir və s. Hərçənd ölkədə kurikulum təlimi tətbiq ediləndə də məqsəd dərs yükünün azalması və proqramların nisbətən dəyişdirilməsi olub. Yəni hər bir dərs təfəkkürün inkişafı istiqamətinə yönəldilməlidir.
Ancaq məsələnin digər tərəfi bütün çalışmaları sinifdə müəllimin nəzarəti və komanda şəklində həll edən uşaqlarla bağlıdır. Onlar evdə rahatca istirahət edir və ya dostları ilə oynamağa vaxt tapırlar. Onların artıq növbəti dərs gününə qədər “kitab-dəftər açmaq” adlı qayğısı yoxdur. Ev tapşırığının verilmədiyi məktəblərdə övladı təhsil alan bəzi valideynlər təbii ki, təfəkkürün inkişafına yönəlmiş sistemdən razılıq edərək müasir məktəbin yaddaş məktəbindən idrak məktəbinə çevrilməsini, nəzəri biliklərdən daha çox şagirdin bacarığı istiqamətində təhsil aparılmasını alqışlayırlar. Onlar hər şeydən əvvəl evdə övladlarının dərsinə vaxt sərf etməmələrindən də rahatlıq duyurlar.
Ev tapşırıqları olmamalıdır
“Müəllim şagirdi ev tapşırıqları ilə yükləməlidirmi, yoxsa şagird çalışmaları sinifdə etməli, evdə istirahətə daha çox vaxtı olmalıdır?” suallarına cavab axtararkən birmənalı olmayan fikirlərlə qarşılaşdıq. Belə ki, ölkə təhsilində 2006-cı ildən kurikulumun tətbiq edildiyini bildirən təhsil eksperti Kamran Əsədov hazırda birinci sinifdən doqquzuncu sinfə qədər şagirdlərin dərs vəsaitləri və tapşırıqlarının kurikulum sistemi əsasında həyata keçirildiyini qeyd etdi. Belə ki, kurikulum istər Azərbaycan təhsili, istərsə də müəllimi üçün yeni bir sistemdir: “Bu metod özü ilə müəyyən boşluqlar da gətirdi. İstifadə etdikləri dərs vəsaitləri və kitablar kurikulum əsasında yazılmasına baxmayaraq, hələ də müəllimlər ənənəvi formada həm tədris prosesini həyata keçirirlər, həm də hazırlıq prosesində tapşırıqları evə hazır şəkildə verirlər. Kurikulumun tələblərinə görə, ev tapşırıqları olmamalıdır. Dərsliklərdə olan tapşırıqların sayı ev üçün nəzərdə tutulmur. Bu tapşırıqlar sinifdə komanda şəklində işlənib müzakirə edilmək üçündür. Bu barədə hələ də təəssüf ki, Təhsil Nazirliyinin münasibəti ilə rastlaşmamışam”. Ekspert bildirir ki, kurikulumun tələblərinə görə, şagirdlərə ev tapşırığı verilərkən onların ağırlıq dərəcəsinə diqqət yetirilməlidir: “Tapşırıq var ki, şagirdlər tərəfindən təkbaşına evdə yazıla bilməz. Çox vaxt tapşırıqlar həddən artıq ağır olur. Bunun üçün uşaqların içərisindən biri çox vaxt tapşırığı yazır, o biri uşaqlar da dərsə tez gəlir və yoldaşlarından köçürürlər. Və yaxud informasiya texnologiyaları inkişaf etdiyindən şagirdlərdən hansı ev tapşırığını edibsə, sosial şəbəkələr vasitəsilə yoldaşlarına ötürür. Ona görə də kurikulumun tələblərində ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin marağını artırmalı, onları digər vasitələrdən istifadə edərək təhsildən uzaqlaşdırmamalıdır”. Ekspert hesab edir ki, dərsliklərdə idrakın inkişafına, həyat bacarıqlarına yiyələnməklə bağlı müsbət təsir göstərəcək kifayət qədər tapşırıq yer alıb: “Təəssüf ki, müəllimlərin böyük faizi hazırda da kurikulumun tələblərindən anlayışları olmadıqlarına, qısamüddətli kurs keçdiklərinə görə hələ də ənənəvi üsullardan istifadə edərək öz təlim üsullarını həyata keçirirlər. Tapşırıqların evə verilməsi heç də yaxşı nəticəyə gətirib çıxara bilməz. Eybi yoxdur, qoy uşaqlar tələb olunan tapşırıqları yerinə yetirə bilməsinlər, vaxtları çatmasın, amma hamısını sinifdə etsinlər”.
K.Əsədov hesab edir ki, təzə yazılmış dərsliklərdə tapşırıqlar kifayət qədər ağırdır. Belə ki, şagirdlər onları evdə təkbaşına yerinə yetirə bilməzlər. İbtidai sinifdə oxuyan şagirdlərin valideynləri mütləq şəkildə evdə uşaqlarının dərsi ilə, dərs hazırlıqları ilə məşğul olmalıdırlar: “Çünki onlar həm də yeni həyati bilgiləri öyrənirlər. Yuxarı siniflərdə isə valideynin şagirdlərin dərsinə nəzarət etməsi mümkün deyil. Çünki onların valideynlərinin təhsil aldığı dövrdə keçdikləri fənlər və oxuduqları kitablarla hazırkı dərsliklər arasında kifayət qədər ciddi fərq var. Artıq şagirdlərə məntiqi təfəkkür tələb edən tapşırıqlar verilir. Uşaq bəzən tapşırığın həlli üçün valideyndən kömək istərkən valideyn ona məsləhət verə bilmir. Nəticədə uşağın da fənnə marağı azalır. Ona görə də çətin tapşırıqlar evə verilməməlidir. Çünki şagird həmin tapşırığı edərkən həvəsdən düşəcək və yaxud internet resurslarından istifadə etməklə hazır cavabı əldə edəcək. Bu baxımdan bu tipli tapşırıqlar sinifdə, müəllimin nəzarəti altında həyata keçirilməlidir”. Ekspertin sözlərinə görə, kurikulumun tələblərindən biri də şagirdin özünün əlavə kömək olmadan dərslərini öyrənə bilməsi ilə bağlıdır: “Azərbaycan artıq bir nəsil kurikulum kitabları nəşr etdirib. Demək olmaz ki, bu dərsliklərdə kurikulumun tələbləri bütün detalları ilə əksini tapıb. İnanıram ki, növbəti nəşrlərdə düzəlişlər olacaq. Ona görə hesab edirəm ki, müəllimlər bu məsələdə çox diqqətli olmalı, uşaqları əlavə yükləməklə valideynləri pis durumda qoymamalıdırlar”.
Azacıq da olsa ev tapşırığı
60 saylı Klassik Gimnaziyanın ibtidai sinif müəllimi  Ulduza Ocaqova hesab edir ki, kurikulumun tələblərinə görə, şagirdlərə ev tapşırığı verilməməlidir. Bununla belə, hazırkı şagirdlərlə keçmişdəki şagirdləri müqayisə edəndə az miqdarda da olsa ev tapşırığı olmalıdır: “Xüsusən Azərbaycan dili və riyaziyyat fənni ilə bağlı ev tapşırıqları olmalıdır. Əlbəttə, bütün səhifədəki tapşırıqları verib uşağı yükləmək olmaz. Heç olmasa iki tapşırıq verilməlidir. Müəllim öz seçimi ilə əlaqədar ən yüngül tapşırıqları evdə həll etmək üçün şagirdə verə bilər. Ola bilər ki, informatika, riyaziyyat dərslərində hansısa bir tapşırığı sinifdə başa çatdıra bilməsinlər və onun ardını evdə həll etmək üçün şagirdə tapşırmaq olar. Kurikulum elədir ki, biz keçmişə qayıtmırıq, sabahkı dərsi keçirik. Ona görə 1-2 tapşırıq qalırsa, biz onu evə verə bilərik”. U.Ocaqovanın fikrincə, evə tapşırıq verən zaman valideyni də nəzərə almaq lazımdır ki, çalışmaların həllində uşağına kömək edə bilsin. Belə ki, hazırkı kurikulum müəlliminə şagirdlərə evdə tapşırığın verilməməsi tövsiyə edilsə də, şagirdlərə yüngül tapşırıqların verilməsi təqdirəlayiqdir: “Çünki evə tapşırıq verilməyəndə uşaq tənbəlləşir. Əsas problem odur ki, uşaqlar tənbəldir. Bu il artıq 9-cu siniflərin də kurikulumla işlədiyini nəzərə alsaq, müəllimə hesab edir ki, şagirdlər məsələn, evdə mütaliə etməlidirlər. Onların mütaliəsi zəifdir. Hamısı internetdən istifadə edirlər. Oxu səviyyələri aşağıdır. Bu baxımdan şagirdlərin xüsusən yuxarı siniflərə qalxdıqca evdə dərs hazırlamalarına da ehtiyac var».
Şagirdlərə ev tapşırığının verilməsi, çalışmaların həcm və həddi məsələsinə ikili münasibət əslində kurikulum islahatları mərhələsinin təhsildə yeni bir istiqamət açdığına dair ziddiyyətli mövqeni ortaya çıxarır. Yəni ənənəvi təlim metodları yeni təlim metodlarını hələ ki üstələyir. Hansının qalib gələcəyini və ya daha yaxşı nəticə verəcəyini isə yəqin ki, yeni təlim metodu tətbiq olunana qədər zaman göstərəcək. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir