ilg

Uşağı necə böyütmək lazımdır?

Baxış sayı: 1. 868

Ekologiyanın çirkliliyi, qidaların tərkib etibarilə sağlamlıqdan uzaq olması, düzgün yaşanmayan həyat tərzi dünyaya gələn körpələrin də tam sağlam olmamasına səbəb olur. Vaxtında hərəkət edə bilməmə, yeriməmə, diş çıxarmama, inkişaf zəifliyi, əksər yaşıdlarından geri qalmaq və s. fəsadlarla dünyaya gələn körpələrin valideynlərinin tək istəyi uşaqlarının normal inkişaf etməsi, yaşıdlarından geri qalmaması və aktiv-sağlam olmasıdır.

Bunun üçün həkimə müraciət etdikdə isə nəticə hər zaman eyni olur: lazımlı, lazımsız dərmanlar, uzunmüddətli müalicələr və əksər hallarda əldə edilməyən nəticələr. Ümumən, uşaq pediatrları bu fikirdədirlər ki, insan 2 mərhələli həyat keçirirsə, onun birinci mərhələsində tam inkişaf edərək, olduqca sağlam yekunlaşdırması vacibdir ki, ikinci mərhələ sadəcə var olan sağlamlığı möhkəmləndirmək olsun. Uşaq ilkin mərhələdə düzgün böyüməlidir ki, dünyaya gəldikdən sonra onun sağlamlığı haqqında düşünmək mümkün olsun. Amma təəssüf ki, hazırkı həyat şərtləri, valideynlərin passivliyi və bir çox amillər körpənin ana bətnində normal böyüməsinə və sağlam dünyaya gəlməsinə imkan vermir. Buna baxmayaraq pediatrlar həyəcan təbili çalır və bildirir ki, dünyaya gələn körpələrin sağlam böyüməsi üçün onları normadan artıq qorumaq lazım deyil. Buraxın, əzilsin, yaralansın, yıxılsın və əgər onun ayağa qalxması üçün kifayət qədər səbirli olub kömək etməsəniz, demək, uşaq sağlamlığı üçün ilkin təməl qoyulub. Valideynlər isə bu fikirdə deyil. Ana bətnindən kifayət qədər zəif dünyaya göz açan uşaqları bir də valideynlərin qoruması və onlara həddindən artıq həssaslıq zamanla uşaqların sağlamlıq cəhətdən daha da yararsız olmasına səbəb olur.

Pediatr Xatirə İsayeva deyir ki, uşaqları ayaq açmamış andan idmana öyrəşdirmək lazımdır. Hətta yeriyə bilməyən körpəni valideynləri daim idman etdirməli, masaja öyrətməlidir. Yeridikdən sonra yaşına uyğun məşğuliyyətlərə qoyub onları, necə deyərlər, özbaşına buraxmalıdırlar: “Körpənin vaxtında yeriyə bilməsi, dişlərinin çıxması üçün ana bətnindən etibarən kalsiumla zəngin olması vacibdir. Ana sağlam qidalanmadıqda uşaqda kalsium deposu boş qalır və o, dünyaya gəldikdən sonra südlə qidalandığı üçün yenidən kalsium boşluğu yaşayır. Uşağı daim bələyirik, eyni vəziyyətdə qalan körpənin 5 dəqiqə olsun əl-ayağını açmağa imkan vermirik, qucaqdan yerə qoymuruq və müəyyən aya çatdıqda körpənin boynunu saxlamamasından, yeriməməsindən, oturmamasından şikayət edirik. Sümüklər boşdur və onların bərkiməsi üçün heç nə edilmirsə, bu, təbii haldır. Uşaqları hər bələkdən açdıqdan sonra ən azı yarım saat bələməyin, masaj edin, əl-ayaqlarını uşaq yorulub ağlayana kimi hərəkət etdirin. Yeridiyi andan etibarən yıxılmasına, əzilməsinə imkan yaradın, qucağa almayın, sürünənə qədər iməkləyib yorulmasına izin verin. Ayaq üstə durandan etibarən məşğuliyyətə yazdırın. Onun nəsə öyrənməsi vacib deyil, əsas odur ki, uşaqla maraqlanıb onun hərəkət etməsi üçün məcbur edən müəllimləri mütləq olacaq”.

Uşaq böyüdükcə passivliyini dərk edir və yaşıdları arasında da özünü acız və kiçik görür. Cılız, zəif, bədən və ruh etibarilə digər iri uşaqlardan seçilmək onlar üçün anlaya bilmədikləri hisslər ortaya çıxarır ki, bu da vaxtında inkişafı zəif gedən körpələrin sonradan özünü isbatı kimi problem yaradır. Uşaqların belə davranışlarına adətən məktəbəqədər və kiçik məktəbli dövründə rast gəlinir. Bu uşaqlar müəllim və tərbiyəçi üçün çətin, rahat olmayan uşaq kimi, oxumaq, yazmaq nitqin inkişafı, qavrama qabiliyyəti və s. kimi işlərdə problemlər yaradır. Ancaq bunları nevroloji və psixi xəstəliklərin əmələ gəlməsi hesab etmək olmaz. Son dövrə qədər psixoloqlar və nevropatoloqlar bu qeyri-adi hərəkətlərin hansı səbəbdən yaranmasını öyrənə bilmirdilər. Ancaq son illər məlum olur ki, bütün bu tip çətin uşaqların beyinləri prinsipcə normaldır. Amma hərəkətləri diqqətini tənzimləməkdə bir qədər gecikir. Bu isə valideynlərin həddindən artıq qoruyucu olması, özünə bağlaması, valideynsiz uşağın aciz olması vəziyyəti yaratmasından irəli gəlir.

Psixoloq Emil Behrudinin fikrincə, uşaq öz sərhəddində azad olmalı və valideyn ona ziyan verməyən məsələlərdə həssaslığı kənara qoymalı, soyuqqanlı olmalıdır: “Uşağa imkan verin ki, öz enerjisini sərf edə bilsin. Ən faydalısı fiziki aktivlikdir. Bu, təmiz havada uzunmüddətli gəzinti, qaçmaq, idman hərəkətləri və s. ola bilər. Torpaqla oynama, heyvanların arxasınca düşmə və bu kimi halları normal qəbul edin. Tərləməsi, xəstələnməsi, üşüməsi və bu kimi fikirləri beyindən atın və ona öz imkanları daxilində azad olması üçün şərait yaradın. Sağlam uşaq sərbəst böyüyən uşaqdır. Qorunan uşaqların 90%-i ən yaxşı halda ayda 1 dəfə mütləq xəstələnir”.

 

Günay Ramizqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir