Usaq

Sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürənlərə hansı güzəştlər oluna bilər?

Baxış sayı: 1. 365

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı stimullaşdırıcı güzəştlərin tətbiqi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təqdimatı və mətbuat konfransında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. Onun sözlərinə görə, bu güzəşt və dəstəkverici mexanizmlərin bir hissəsinin uşağa, digər hissəsinin  isə valideynə aid olması nəzərdə tutulur: “Təhsil haqlarında güzəştlərin olması, eyni zamanda Əmək Məcəlləsinə uyğun güzəştlərin tətbiqi, vergi güzəştlərinin olması da nəzərdə tutulur. Bundan əlavə, istərdik ki, onlara aylıq müavinətlər də ayrılsın. Yəni bir çox sahələr üzrə istər uşağın özü, istərsə də valideyn namizəd üçün güzəştlərin və dəstəkverici mexanizmlərin tətbiqi nəzərdə tutulur”.

A.Kərimov Azərbaycanda valideyn namizədlərin daha çox sağlam uşaqların övladlığa götürülməsi üçün müraciət etdiyini də açıqlayıb. Onun sözlərinə görə, övladlığa götürülmə üçün münasib olan təxminən 40 uşağın yarısının demək olar ki, sağlamlıq imkanları məhduddur.

 

Maraqlıdır, belə bir addımın atılması növbəti mərhələdə həmin uşaqların həm psixoloji, həm fizioloji inkişafına necə təsir edəcək və başqa hansı güzəştlərin tətbiq edilməsi arzu olunandır?

Image result for sağlamlıq imkanları məhdud uşaqlar

Sosial işçi Sara Ağayeva bildirdi ki, bu, dəstəklənəsi və yüksək dəyərləndiriləsi bir addımdır: “Ümumiyyətlə, son dövrlər övladlığaverilmə prosesi ilə bağlı görülən işlər həqiqətən təqdirəlayiqdir. Bundan sonra bu işin bir departamentdən idarə edilməsi, prosesi daha da asanlaşdıracaq. Həmçinin Ailə Məcəlləsində də müəyyən dəyişikliklərin edilməsi sevindirici haldır.  Digər tərəfdən, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı məsələyə gəlincə, hər kəs məlumdur ki, bu cür uşaqların hələ ki, övladlığa götürülməsi təcrübəsi yoxdur. Çünki bu istiqamətdə heç bir güzəşt yox idi. Sağlamlıq imkanları məhdud uşaqlara qulluq etmək, onların qayğısına qalmaq tipik uşaqlarınkından 2 dəfə daha çoxdur. Bunu həm fiziki, həm də psixoloji baxımdan qiymətləndirirəm. Belə ki, cəmiyyət hələ buna hazır deyil. Düşünün ki, bəzi valideynlər sağlamlıq imkanları məhdud doğma övladları ilə belə, insanlar arasına çıxanda müəyyən utancaqlıq, narahatlıq hissi keçirirlər. O ki qaldı övladlığa bu cür uşaq götürmək, daha böyük mənəvi güc tələb edir. Ona görə, sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı güzəştlərin tətbiq edilməsi çox yaxşıdır”.

Həmsöhbətim bu uşaqların övladlığa götürülməsinin onların həm psixoloji, həm sosial inkişafına müsbət təsir göstərəcəyini qeyd edir: “Həmin uşaqlar özlərini atılmış, kimsəsiz hiss etməyəcəklər. Onların da isti yuvaları, qayğılarına qalan valideynləri olacaq. Bu, uşaqlarda özünəinam hissinin  yaranmasına imkan yaradacaq. Əslində, cəmiyyətdə onlar üçün lazımı şərait yaradılarsa, bundan istifadə edərək özlərini inkişaf etdirə bilərlər. Uşaqların övladlığa götürülməsi onların həm psixoloji, həm sosial inkişafına müsbət təsir göstərəcək. İnternat məktəblərində qalanlar ancaq özləri kimi olan uşaqları görürlər və bu, onların sosiallaşmağında, cəmiyyətə adaptasiya olmağında problemlər yaradır. Bu isə həmin uşaqların yeni nələrsə öyrənməsinə, inkişafına əngəl olur. Düşünün ki, bir var, özümüzdən fərqli insanlardan, bir də var, özümüz kimi birindən nə isə öyrənək. Təbii ki, fərqli olanlardan öyrənəcəyimiz daha çoxdur. Bundan başqa, sağlamlıq imkanları məhdud uşaq ilə tipik uşaq birlikdə zaman keçirərsə, bu, onlar böyüdükdən sonra da problem yaratmaz. Yəni həmin tipik uşağın fiziki məhdudiyyətli dostuna münasibəti daha doğma olacaq. O, artıq bunu normal qəbul edəcək. Ona görə, bu cür uşaqların cəmiyyətə inteqrasiya olmağında, bir fərd kimi yetişməyində ailə mühitinin rolu əvəzedilməz olacaq. Bunun üçün də güzəştlər mütləq olunmalıdır”.

S. Ağayeva deyir ki, güzəştlər məsələsinə gəlincə, maddi tərəfdən olunan güzəştlər daha çox olmalıdır: “Həmin uşaqları övladlığa götürən valideynlərə maddi güzəştlərin genişləndirilməsinə ehtiyac var. Məsələn, bəzi dərmanların alınmasında, ictimai nəqliyyatdan istifadə edilməsində ciddi güzəştlər olmalıdır. Bundan başqa, bu uşaqlar övladlığa verildikdən sonra ailələrə mütəmadi dəstək olacaq psixoloji-pedaqoji heyətin olması vacibdir. Çünki sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən ailələrin demək olar ki, böyük əksəriyyəti bu uşaqlarla necə davranılacağını bilmirlər. Yəni adicə tipik uşaqları övladlığa götürərkən də, hər iki tərəfin bir-birinə adaptasiya olması müəyyən vaxt alır. Ona görə, onlar övladlığa götürüldükdən sonrakı dövrdə də mütləq şəkildə dövlətin nəzarətində olmalıdırlar. Yaxşı olar ki, həmin valideynlər üçün xüsusi təlimlər, seminarlar təşkil edilsin. Təbii ki, burada uşağın fiziki məhdudiyyətinin dərəcəsi də önəmlidir. Bunu da qeyd edim ki, güzəştlərə reabilitasiya mərkəzlərinin ödənişsiz olması da daxil edilməlidir. Həmin uşaqları övladlığa götürənlər üçün bu mərkəz pulsuz xidmət göstərməlidir. Çünki reabilitasiya prosesi uzun müddət çəkə bilər və valideynlərin bunu davam etdirməyə maddi gücü çatmaz. Bu kimi məqamlar da nəzərə alınsa, çox yaxşı nəticələr əldə edə bilərik”.

Image result for sağlamlıq imkanları məhdud uşaqlar

 

“Duyğu” sosial reabilitasiya ictimai birliyinin əməkdaşı, sosial işçi Elmir Valehli isə ilk olaraq həmin uşaqlara olan yanaşmanı dəyişməyin zəruri olduğunu bildirir: “Bu, olduqca yaxşı haldır, amma təəssüf ki, ölkəmizdə o istiqamətdə güclü bir ənənə yoxdur. Statistikaya əsasən deyə bilərik ki, ailələrin əksəriyyəti uşaqları qohumlarından götürürlər, nəinki uşaq evlərindən. Amma övladlığagötürmənin qanunvericilik halına salınması onu göstərir ki, ölkəmiz BMT-nin uşaq hüquqları haqqında qanunu ratifikasiya edib. Həmin qanundan irəli gələrək, biz də uşaq hüquqları ilə bağlı qanunlarımızı daha da təkmilləşdirməliyik. Son dövrlər bu istiqamətdə görülən işlərin nəticəsi olaraq övladlığagötürmə prosesi artıq kifayət qədər asanlaşıb. Sağlamlıq imkanları məhdud uşaqlara gəlincə isə bu, onların ailə mühitində böyüməyinə, inkişaf etməyinə müsbət təsir edəcək. İnternat evlərində olan uşaqlar həyata 0:2 geridən başlayırlar. Çünki onlara dayaq olacaq valideynləri yoxdur. Ona görə, həmin uşaqların da ailəyə ehtiyacı var. Amma uşaqları övladlığa verməzdən öncə, cəmiyyətdə xüsusi maarifləndirmə işi aparmaq lazımdır. Sağlamlıq imkanları məhdud olanları da bizdən biri kimi qəbul etməliyik. Hər kəs anlamalıdır ki, əlillik xəstəlik yox, haldır. Onların cəmiyyətə inteqrasiyası üçün biz də əlimizdən gələni etməliyik. Yəni ilk olaraq sağlamlıq imkanları məhdud uşaqlara qarşı olan yanaşmanı dəyişmək lazımdır”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir