efsane rustemova

“Sarı dərman” – “NATAMAM”

Baxış sayı: 1. 281

Üzündəki peşmanlıq qırışları 60 yaşın qırışlarından daha çox bəlirgin bir qadının həyat hekayəsinə qonaq oldum bu gün. İçəri girəndə böyük çantasından güzgü, salfetka, “sarı dərman”ını çıxarıb masaya qoydu. İlk dəfə idi bu qədər hazırlıqlı biri ilə rastlaşırdım. Sakit və təmkinlə başladığı cümlələrinin ani bir sual ilə duyğusallaşması qadının məndən gözləntisini daha da netləşdirdi.

– Belə olmasını istəməzdiniz? (Ucu açıq bir sual verdim, harasından istəsə davam edə bilərdi.)

– Heç istəməzdim… (Hönkürüb ağladı)

– (heç danışmadım… Bəzən susub icazə vermək lazımdır duyğuların bizi yönləndirməsinə)

– (uzun fasilədən sonra) heç istəməzdim… Doğrudur, uşaqlarımdan və yoldaşımdan olduqca razıyam. Naşükür də deyiləm. Yaxşı bir həyat yaşamışam.

– Peşmanlıq hissiniz nəyə dairdir ən çox?

–  Göz dəyər deyə gizlətdiyim hər şey köhnəldi, kifləndi, yararlılığını itirdi. Və mən əziyyətlə əldə etdiyim heç nəyin dadını çıxara bilmədim. Amandı, kiminsə gözü dəyər. Ay aman, birdən kimsə səhv başa düşər. Birdən kiminsə qəlbi qırılar deyə o qədər ləngitdim ki, xoşbəxtliklərimi yaşamağı. İndi ən çox bunlara peşmanam. Biri var, fürsət olmaya. Biri var, fürsət də olub, imkan da olub. Amma cəmiyyəti  düşünmək, hələ bir də mənim yaş dönəmim hər şeydən məhrum, tikan üstə yaşamaq… Buna yaşamaq demək olarsa. Təəssüf hissim həyatıma deyil ki, qızım. Təəssüf hissim ona görədir ki, daha yaxşı ola biləcəkkən, mental qayğılarıma görə bu yaş dönəmində rifahın zövqünü hiss etmək yerinə keçmişimlə boğuşuram. Əgər imkanım olsa (udqunub susur…) Ona görə indi uşaqlarım cəmiyyətlə ayaqlaşmayan, hər biri başqa aləmin balalarıdır. Doğrudur, bu da məni incidir, onlardan uzaq olmaq və onları görə bilməmək çətindir mənə. Amma yanımda bədbəxt olmaqlarındansa, məndən uzaqda, lakin xoşbəxt olduqların bilmək məni rahatladır. Mən onları öz əskiklərim üzərindən böyütdüm. Mənim sahib olmağa utandıqlarımı onlar yaşayır. Onların göz dəyər deyə həyatların gizlətməklərin istəmirəm.  İndi başa düşürəm ki, verən də, alan da Allahdır.  Mənim qayğım Yaradanın Rəhmətindən daha çox ola bilməz və o məni hər nə iləsə müjdələyib və ya imtahan edibsə, mənə də onu yaşamaq düşərdi, nəinki gizlədib qorumaq. Keşkə hamıya bunu izah edə bilsəm. Heç kəsə görə gerçək duyğunuzu yaşamaqdan imtina etməyin. (Göz yaşı peşmanlıq qırışı boyunca axmağa başlayır)

– Sizin üçün nəticəsi üzücü bir təcrübə olub əlbəttə. Amma nəfəs aldığımız hər an həyatımızı dəyişə biləcəyimiz bir fürsətdir. Siz bu fərqindəliklə daha sürətli gedə bilərsiniz bu yolu. Axı nə önəmi var neçə yaşınızda başladınız?! Bəzən bir ömür heç fərqinə varmadan bitir. Siz isə həm təcrübənin, həm fərqindəliyin ən gözəl yerindəsinizsə, nədir sizə mane olan?! Gənclik dönəmində etdiyiniz səhvi təkrarlamaq üçün uyğun zaman deyil (gülümsəyirəm)

– Haqlısınız. Əslində mən indiki dönəmdə də bunu etdiyimin fərqində deyildim. Haqlısınız əslində. (Nəyi isə tapmış birinin yaşadığı sevinc kimi bir ifadə ilə ayağa qalxdı. Gülümsəyərək təşəkkür etdi.)

– Fərqindəliyimi artırdınız. Çox bəhrələndim sizdən. Zamanınız olanda yenidən görüşək.

– Mütləq yenə gələrəm. (Gülümsəyərək çantasını yığıb otaqdan çıxdı)

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir