sarimsaq

Sarımsağı belə yemək daha faydalıdır! – DİETOLOQDAN

Baxış sayı: 2. 076

Diyetoloqun sarımsaqla bağlı söylədiyi maraqlı fikirləri  təqdim edirik:

Selen baxımından zəngin olan sarımsağın sağlamlıq üçün çox faydalı olduğunu hər kəs yaxşı bilir. Diyetoloq isə sarımsağın yeyilmə qaydası haqqında maraqlı məlumatlar verib:

“Sarımsağın tərkibində maqnezium, B 6, C, B 1 vitaminləri, kalsium, fosfor və mis var. Sarımsaq xolesterini və təzyiqi aşağı salır, ürək və damar sağlamlığını qoruyur, infarkt riskini azaldır, tərkibində olan allogenik sayəsində qanın laxtalanmasının qarşısını alır.

Antibakterial xüsusiyyəti sayəsində bakteriya və virusların səbəb olduğu xəstəliklərin sağalma prosesini sürətləndirir. Bağırsaq və mədə xərçəngi başda olmaq üzrə bir çox xərçəng növündən qoruyur. Mədə qazına yaxşı təsir edən bu qızıl qida həzmi də asanlaşdırır. Antioksidant xüsusiyyətə malikdir.

Bahar aylarında ortaya çıxan soyuqdəymədən qorunmaq və ya xilas olmaq üçün də sarımsaq olduqca təsirli qidadır. İmmun sisteminizi gücləndirir və bədənin müqavimətini artırır.

Soyuqdəymə olduqda sarımsaq yeyərək yaxşılaşma prosesini sürətləndirmək mümkündür. Ancaq sarımsağın qanı durulaşdırıcı təsiri olması səbəbindən menstruasiya dövründəki xanımlar, əməliyyata hazırlaşanlar bu qidanı istehlak etməməlidir. Həmçinin təzyiqi normaldan aşağı olan insanlar bu qidadan uzaq durmalıdırlar. Çünki qan təzyiqi aşağıdırsa, sarımsaq təzyiqi daha da aşağı salaraq insanın halsız olmasına, hətta huşunu itirməsinə də səbəb olar. Yüksək təzyiqin müalicəsi üçün müntəzəm dərman istifadə edənlər mütləq həkimlə məsləhətləşərək bu qidanı qəbul etməlidirlər.

Bəzi insanlar sarımsağı gündəlik həyatlarında sevə-sevə, həm də bol-bol yeyirlər. Sarımsaq faydalı olsa da, həddindən artıq istifadə etmək yorğunluğa səbəb olur. Xüsusilə qan azlığından (anemiya) şikayəti olanlar çiy sarımsaq istehlakından uzaq durmaları lazımdır”.

Sarımsaq qoxusunu necə aradan qaldırmaq olar?

Mütəxəssis bildirib ki, süd içdikdə sarımsağın qoxuya səbəb olan maddələri bağırsaqda bölünmür. Bu səbəbdən də tər və ya nəfəslə xaric olunmur.

Əgər sarımsağı yeyərkən süd içməmisiniz və artıq ağızdan xoşagəlməz qoxu gəlirsə, iyi xalq təbabəti üsulları ilə aradan götürmək olar. Məsələn, sarımsaq yedikdən sonra qoz ləpəsini çeynəmək və yetərincə əzildikdən sonra tüpürmək lazımdır. Bunu 2-3 dəfə təkrarladıqda yaxşı effekt verir.

Sarımsağın iyini aradan götürmək üçün yeməkdən sonra cəfərinin gövdəsini, yarpaqlarını və ya köklərini çeynəmək olar. Yeməkdən sonra dişləri, damaq və dili  üçün vasitələrlə fırçalamaq da iyi azaldır. Limon, portağal və ya narıncı qabığı çeynəmək də kömək edir.

Mixək, darçın çeynəmək də qoxunu aradan götürür.

Sarımsağı necə yeməli?

Qidalanma mütəxəssisi sarımsağın faydasını görmək üçün çiy olaraq istehlak edilməsini təklif edir. Ancaq çiy sarımsaq yeməyi sevmirsinizsə, bişirdiyiniz yeməyi ocaqdan almazdan əvvəl (3-4 dəqiqə) bir neçə dənə dilimlərə doğranmış sarımsaq ata bilərsiniz. Sarımsağı 5-10 dəqiqə bişirsəniz, sağlamlığa faydalı sulfidin təsiri azalır. Zeytun yağına sarımsaq atsanız, bu qarışığı uzun müddət otaq (2-3 gün) temperaturunda saxlamayın. Çünki qızardılmış və ya çiy olsun, sarımsaq zeytun yağının içində uzun müddət qalarsa, qida zəhərlənməsi üçün əlverişli şərait yarada bilər. (publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir