Sarmaşıq kişini evdən uzaqlaşdırır

Baxış sayı: 1. 507

Dibçək gülləri evə xüsusi yaraşıq verir, havanı təmiz saxlayır, bir sira toksik maddələri məhv edir. Lakin ilk baxışdan zərərsiz görünən dibçək güllərinin təhlükəli olanları da var. Bu haqda məlumatı olmayan adam güllərə qulluq edən zaman təsadüfən zəhərlənə bilər. Mütəxəssislər bildirir ki, bəzi güllərin şirəsi dəridə yanıqlara, hətta ölümə də səbəb olur.

Çiçəkçilik üzrə mütəxəssis Südabə Vəliyevanın sözlərinə görə, elə bitkilər var ki, onları evdə saxlamaq düzgün deyil: “Misal üçün diffenbahiya çox gözəl bitkidir. Onun sarı və yaşıl rəngli yarpaqları diqqəti çəkir. Lakin gözəlliyinə baxmayaraq, diffenbahiya gülü zəhərlidir. Onun ağ və zəhərli şirəsi dəridə yanıqlar yaradır və zəhərlənməyə səbəb olur. Əgər şirə təsadüfən ağıza düşərsə, dil və ağızın selikli hissələri şişir və keyiyir. Bu gül üzündən evdəkilər zərər çəkə bilərlər. Xarici görünüşcə cəlb edən diffenbahiya gülünə qulluq edərkən sahibi zərər görə bilər. Gülün solmuş yarpaqlarını kəsərkən və ona forma verərkən şirəsi dəriyə düşərsə, yanıqlar qaçılmazdır. Bu gülə qulluq edəndən sonra mütləq əlləri yaxşı yumaq lazımdır”.

Puansetya gülünü romantik adına və gözəlliyinə baxmayaraq, uşaqların yaşadığı və ev heyvanlarının olduğu yerdə saxlamaq məsləhət deyil. Belə ki, çiçəyə təsadüfən yüngülcə zədə dəysə belə bitkidən zəhərli ağımtıl şirə tökülməyə başlayır. Vəliyeva bildirib ki, bu şirə çox təhlükəlidir. Belə ki, ağıza düşdükdə mədədə ağrılara, qusmaya, ishala səbəb olur. Dəriyə düşdükdə isə görünüşcə suluqlu güclü yanıqlara bənzər iltihablara gətirib çıxarır.

Onun dediyinə görə, ekzotik çiçək olan Madaqaskar palması da təhlükəli otaq bitkilərindəndir: “Madakaskar palması çox gözəl görünür və evin dizaynına sanballı görünüş verir. Onun yoğun gövdəsini çox diqqəti çəkən yarpaqlar və əlvan, sarı ulduzları xatırladan güllər bəzəyir. Lakin bu gülün təhlükəsi də onun gözəlliyində gizlənir. Bitkidəki zəhər ürək-damar sistemi üçün çox təhlükəlidir”.

Oleandr gülünü gülçülüyə marağı olanların kolleksiyasında tez-tez rast gəlmək olar. Bu gül uzun müddət çiçək açdığı və yarpaqları çox olduğu üçün məşhurdur. Lakin onun gözəl yarpaqları və gövdəsi ürəyin fəaliyyətinə mənfi təsir göstərən təhlükəli qlikozid maddəsi ilə zəngindir. Bu güllə çox diqqətli olmaq və uşaqlar olan yerdə saxlamaq olmaz. Gülçü qeyd edib ki, bitkinin cəmi iki yarpağını çeynəyib udduqda insan ölə bilər. Bitkiyə qulluq edərkən çox ehtiyatlı olmaq lazımdır. Bitkinin şirəsi və toxumları çox zəhərlidir. Oleandr gülü xüsusilə də balaca otaqlarda güclü baş ağrılarına və baş gicəllənməsinə səbəb olur.

Müsahibimiz bildirir ki, ilk baxışdan qırmızı-çəhrayı rəngli Azaliya gülü çox təhlükəsiz görünür: “Lakin onun tərkibindəki andromedotoksin zərərlidir. Bu maddə orqanizmə daxil olanda qusma, qarnın işləməsinin pozulmasına, ürək və bədənin fəaliyyətinin pozulmasına, hətta ölümə də gətirib çıxarır. Azaliya çox çiçəklənəndə baş gicəllənməsinə və ürək getməyə də səbəb olur. Evdə balaca uşaqlar varsa, Azaliya gülünü də saxlamaq məsləhət deyil”.

İnanclara görə, evdə sarmaşıq saxlamağın da düşər-düşməzi olur. Əlamətlərə görə, sarmaşıq “vampir” güldür və kişini evdən, həyat yoldaşından uzaqlaşdırır. Hesab olunur ki, sarmaşıq insanın enerjisini alır, həyat yoldaşları arasında mübahisələrə səbəb olur. İnanclara görə, evdə sarmaşıq bitkisini saxlamaq boşanmaya da gətirib çıxara bilər.

S.Vəliyevanın dediyinə görə, sarmaşıqlar çox tez solur və məhv olurlar. Bu bitkinin gülləri, yarpaqları və gövdəsi zəhərlidir. Əgər balaca uşaq bu bitkinin “dadına baxsa” güclü zəhərlənmə ilə nəticələnər. Dağsiçanı və başqa balaca ev heyvanları bu bitkidən yeyərsə, öləcəklər.

Qeyd edək ki, süpürgə gülü də ən təhlükəli otaq bitkilərindəndir. Bu bitkinin bütün hissələri zəhərli şirədən ibarətdir. Gözə düşərkən müvəqqəti korluq, dəridə suluqlar və qaşınma əmələ gətirir. Ən məşhur gül olan fikus da insanlar üçün təhlükəlidir. Bioloqların təsdiq etdiyi kimi, fikusun gövdəsində və yarpaqlarında olan zəhər müxtəlif allergiyalar və dəridə qıcıqlanma əmələ gətirir.

Həmsöhbətimiz deyir ki, təhlükəli otaq bitkiləri çoxdur: “Bu səbəbdən də özünüzü və ailə üzvlərinizi təhlükədən sığortalamaq üçün otaq bitkisi alarkən seçdiyiniz bitkilər haqqında məlumat toplayın. Bitki aldıqda həmişə satıcıdan bitkinin zərəri və ətrafa təsiri barədə öyrənin. Əgər təhlükəli bitkini əldə etmək istəyirsizsə, onunla ehtiyatlı olun və uşaqların əli çatmadığı yerə qoyun”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir