MASKA

Saxta maskalar hansı şəraitdə və nə məqsədlə hazırlanır?

Baxış sayı: 755

Bu gün pandemiyaya görə ölkədə tibbi və qoruyucu maskalara təlabat artdığından, bazarda saxta maskaların satışına başlanıb. Satılan maskalar arasında keyfiyyətsiz olanlarına da rast gəlinir. Artıq bu cür şikayətlər artmaqda davam edir. Azərbaycanda hazırda maska istehsalı ilə məşğul olan iki fabrik tam gücü ilə fəaliyyət göstərir və ölkə üzrə maska təminatını tam ödəməyə qadirdir. Belə bir vəziyyətdə saxta maskalar hansı şəraitdə və nə məqsədlə hazırlanır? Ümumiyyətlə, saxta maskanı necə ayırd etmək olar?

 

Tibb üzrə ekspert, professor  Adil Qeybulla deyir ki, ölkəyə xaricdən gətirilən bütün məhsullar gömrükdən keçir: “Bu zaman məhsul müəyyən sertifikat alır. Xüsusi mütəxəssis məhsula baxır. Digər tərəfdən ölkədə istehsal olunan maskalara gəlincə isə onlar da sertifikat olmadan satışa buraxılmır. Buna nəzarət edən xüsusi qurum var. Əslində pandemiya dövründə saxta maskanın satılması kifayət qədər ciddi məsələdir. Həmçinin, saxta maska deyiləndə nə nəzərdə tutulur? Hansı maskaya hansı kriteriyaya görə saxta demək olar? Əsas məsələ budur. Ola bilsin, maskaların bəzilərinin keyfiyyəti aşağıdır. Materialı nazik, qulaqlıqları yaxşı fiks olunmaya bilər. Bu, standarta uyğun olmayan maskadır. Amma yenə də qeyd edirəm ki, bütün maskalar satışa buraxılmazdan əvvəl sertifikat alır. Bu sertifikatı verən qurum, məhsulun keyfiyyətinə də nəzarət etməlidir”.

 

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, saxta maskalarla bağlı xeyli şikayətlər var. Hər gün bu barədə onlarla şikayət daxil olur. Əhali ən çox maskanın qulpunun qırılmasından şikayət edir. Bir çox hallarda maskanın qulağa taxılan hissəsi qırılır. Həmçinin ölçü standartlarında da müəyyən problemlər var. Bir çoxları maskanın kiçik və dar olmasından şikayət edir. Regionlarda rəngli parçalardan hazırlanmış məhsullar maska adı ilə satılır. Bu, saxta məhsuldur. Belə məhsulları almaq olmaz. Əhali birlməlidir ki, tibbi maskanın özünün standartları var. Əsl maska üç qatdan ibarət olmalıdır. Ortadakı qat toxunma materialdan olmalıdır. Koronavirusun radiusu çox kiçikdir. Ən kiçik boşluqdan belə insan yoluxa bilir. Saxta maskalar yoluxma riskini də artırır. İnsanlar təsadüfi yerlərdən maska almamlıdır. Xüsusilə, bəzi işbazlar küçədə maska satır. İstehlakçı maska alarkən onun sertifikatını tələb etmək hüququna malikdir. Maskanı, birmənalı şəkildə, hamı aptekdən almalıdır. Təəssüflər olsun ki, bu məsələ ilə bağlı maarifləndirmə işi çox zəifidir. Kim maskanı necə və hardan gəldi alır. Maskanın qiymətlərindən şikayət edənlər də var. Nəzərə almaq laızmdır ki, maska gün ərzində iki saatdan sonra dəyişilməlidir. Bu da beş nəfərlik bir ailə üçün  ciddi məbləğ edir”.

 

Tibb üzrə ekspert Şəhla Balayeva deyir ki, maska apteklərdən əldə olunmalıdır: “İndiyə kimi saxta maska ilə bağlı narazılıq eşitməmişəm. Bütün apteklərdə keyfiyyətli maska satılır. Maska çatışmazlığı ilə bağlı problem, hələlik yoxdur. Əhalinin ehtiyacını qarşılayacaq qədər maska var. Bəzi insanlar daha ucuz başa gəlsin deyə, parçadan tikilən saxta məhsulları alır. Ola bilsin ki, həmin məshulların keyfiyyəti aşağı olsun. Maska bizim sağlamlığımızın təminatçısıdır. Əgər maska yoxdursa, bir müddət əvəzləyici vasitə kimi şərf və  ya yaylıqdan istifadə edilə bilər. Çünki maskanın təyinatı hava-damcı yolu ilə orqanizmimizə virusun keçməyinin qarşısını almaqdır. Əsas məsələ apteklərdən aldığımız maskanı iki saatdan bir dəyişməkdir. Bəziləri eyni maskanı günlərlə istifadə edir. Bu maska bizi virusdan müdafiə etmir. Əksinə, o maskadan istifadə etmək daha təhlükəlidir. Çox zaman insanlar maskanı maskanı endirirlər. Əlimizi gün ərzində yüzlərlə yerə vururuq. Bütün mikroblar əlimizdə olur. Əlimizi maskaya vuranda həmin mikroblar maskadan orqanizmə keçə bilir. Bu, saxta maskadan daha təhülkəlidir və virusun yayılmasına daha ciddi təsir edir. Təəssüf ki, vətəndaşlar maskadan düzgün istifadə qaydasını bilmir. Maskanın müdafiə qabiliyyəti iki saatdır. Bu müddətdən sonra qulaq hissəyə taxılan qulplardan tutaraq çıxarmaq lazımdır. Əlimiz maskanın səthinə dəyibsə, mütləq sabunla yumalıyıq. Çünki mikroorqanizmlər maskanın səthində toplaşır”.

 

Şəbnəm




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir