stop

Saytda görünməyən ölkədən çıxış “STOP”ları – Bunu necə müəyyən etməli?

Baxış sayı: 961

Ölkədən çıxışa “stop” qoyulması bəzən cəza mexanizmi kimi istifadə olunur

“Bəzi vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılması haqda rəsmi qərar olmasa da, qeyri-rəsmi şəkildə onların hərəkət azadlığı məhdudlaşdırılır. Ölkədən çıxışa məhdudiyyət qoyulması ilə bağlı vahid sistem yaradılmalı və bu proses yalnız məhkəmə qaydasında tənzimlənməlidir”.

Bunu Norma Hüquq Mərkəzinin direktoru Şamil Paşayev deyir.

Azərbaycanda sosial şəbəkələrdə son vaxtlar ən çox müzakirə olunan mövzulardan biri xaricə çıxışa “stop” qoyulmasıdır. Ölkədəki ən müxtəlif qurumlar, hətta özəl şirkətlər belə minimal borc məbləğinə görə vətəndaşa “stop” qoyur. Ən pisi isə budur ki, vətəndaşa qoyulan “stop” bəzi hallarda Ədliyyə Nazirliyinin hazırladığı sistemdə də görünmür. Vətəndaş xaricə çıxış üçün bütün hazırlıqlarını görür, biletini alır, hətta hava limanında yükünü belə təyyarəyə təhvil verdikdən sonra sonuncu sərhəd-keçid məntəqəsində məlum olur ki, onun ölkədən çıxışına “stop” qoyulub. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları “stop” qoyan qurumun adını açıqlamırlar. Vətəndaşın səfəri təxirə düşür, ailəvi səfərlər zamanı daha ağır mənzərə yaşanır. Buna görə heç bir qurum təzminat ödəmir və vətəndaş uzun bir prosedurla əvvəl ona “stop” qoyan qurumu axtarır, qurumu tapandan sonra isə “stop” qoyulmasının səbəbini tapır…

Hüquqşünas bildirir ki, ayrı-ayrı qurumların müstəqil şəkildə sistemə daxil olması səbəbindən bir çox vətəndaş ölkədən çıxışına “stop” qoyulması ilə bağlı problem yaşayır.

“Məhkəmə qərarı əsasında vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılması halları var. Bu kimi halların ictimaiyyətə açıq saytlar vasitəsilə öyrənilməsi mümkündür. Amma burada çatışmazlıq ondan ibarətdir ki, cinayət işlərində şübhəli və təqsirləndirilən şəxslərə də stop tətbiq edilir. Cinayət Məcəlləsində təqsirləndirilən şəxsin ölkədən çıxışının məhdudlaşdırılması kimi nə prosessual məcburiyyət tədbiri, nə də hər hansısa bir cəza nəzərdə tutulub. Digər tərəfdən, istintaq orqanları tərəfindən “stop”lar çox hallarda şahidlərə, cinayət işinə heç bir aidiyyəti olmayan adamlara da hüquqi əsas olmadan qoyulur. Bu, Azərbaycan Respublikasının Konstitusiyasına, həmçinin ölkəmizin də qoşulduğu və ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Məhkəməsinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının tələblərinə ziddir. Şəxsin yaşamaq və eyni zamanda özünə uyğun bildiyi məkan üzrə hərəkət etmək azadlığı var. Hər hansısa bir cinayət işində şahid qismində iştirak edən şəxsə və ya hansısa bir cinayət işində çağırılan adama təqsirləndirilən və şübhəli şəxs deyilsə, heç bir halda “stop” qoyulmamalıdır. Bu, hazırda istintaq orqanları tərəfindən vətəndaş üçün “cəza mexanizmi”dir” deyə, hüquqşünas əlavə edir.

Şamil Paşayevin sözlərinə görə, istintaq orqanlarının qoyduğu “stop”larla bağlı məlumatlar açıq olmadığı və vətəndaşa da xəbər verilmədiyi üçün həmin şəxs yalnız sərhədi keçəndə bundan xəbər tutur və xarici səfərlə bağlı bütün xərcləri də batır: “Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, məhkəmə orqanlarının qoyduğu “stop”larla bağlı Nazirlər Kabinetinin təlimatı var. Amma hüquq-mühafizə orqanlarının qoyduğu “stop”ların hansı qaydada tətbiqi ilə bağlı konkret təlimat yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin cinayət təqibi orqanlarının əsassız qoyduğu “stop”larla bağlı hər hansı bir arayış və ya sənəd vermədiyindən vətəndaş məhkəməyə müraciət edib, sübut da göstərə bilmir. Bu da onun təzminat almaq hüququnu məhdudlaşdırır”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirir ki, hər hansı vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyulması qanunla tənzimlənir.

“Barəsində cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq prosessual zərurət yarandıqda şəxsin ölkədən çıxışına qadağa qoyula bilər. Bu, onunla əlaqədardır ki, həmin şəxs, barəsində aparılan araşdırmadan, təhqiqatdan, istintaqdan yayınmasın. Hər bir halda bu məsələdə qanunvericiliklə ziddiyyət təşkil edən hal yoxdur”, – o qeyd edib.

Hüquqşünas Şamil Paşayev digər qurumların isə məhkəmə qərarı əsasında məhdudiyyət tətbiq etdiyini bildirib. O əlavə edib ki, bu baxımdan həmin qurumların qoyduğu “stop”larla bağlı ciddi problemlər yoxdur: “Cərimə və vergi borclarına görə vətəndaşın ölkədən çıxışının məhdudlaşdırılması üçün konkret bir məbləğ yoxdur. Belə hallarda “stop” məhkəmə qərarı əsasında qoyulur. Və vətəndaş öhdəliklərini yerinə yetirdikdən sonra məhdudiyyət məhkəmə qaydasında da geri götürülür. Bu məsələlər normal qaydada tənzimlənir. Amma istintaq orqanlarının qoyduqları “stop”larda ümumi mexanizm demək olar ki, işləmir. Ədliyyə Nazirliyinin və ya məhkəmə orqanlarının “stop”u yoxlamaqla bağlı sistemində də onların şahidlərə və cinayət prosesinin digər iştirakçılarına qoyduğu “stop”lar görünmür”.

Dövlət Vergi Xidmətindən bildirilir ki, vergi orqanlarının müraciətləri əsasında, 2021-ci il ərzində 274,0 milyon manat borc məbləği üzrə 6154, 2022-ci ilin yanvar-fevral aylarında isə 36,8 milyon manat borc məbləği üzrə 885 şəxsin ölkədəngetmə hüququ məhkəmələr tərəfindən müvəqqəti olaraq məhdudlaşdırılıb.

“Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən, borcun məbləğindən asılı olmayaraq, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Vergi orqanı tərəfindən bu barədə məhkəməyə müraciət olunmamışdan əvvəl, borcun alınması ilə bağlı vergi ödəyicisinə yazılı bildiriş və xəbərdarlıq göndərilir, onunla telefon əlaqəsi yaradılaraq bu barədə məlumatlandırılması həyata keçirilir”, – qeyd olunub.

Həmçinin bildirilir ki, vergi orqanının müvafiq ərizəsinə əsasən, aidiyyəti məhkəmə tərəfləri iclasın vaxtı və yeri barədə xəbərdar etməklə, ərizənin məhkəməyə daxil olduğu gündən 10 gün ərzində müvafiq qərar qəbul edir: “Məhkəmənin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərarı vergi orqanına rəsmi daxil olduqdan sonra, qərarda qeyd olunduğu kimi dərhal icra olunur. Vergi orqanı tərəfindən məhkəmənin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərarı icra olunduqdan sonra növbəti iş günündən gec olmayaraq vergi ödəyicisinə bu barədə rəsmi məlumat göndərilir”.

Bəzi hallarda isə yanlışlıqla vəfat etmiş şəxsin ölkədən çıxışına “stop” qoyulması halları müşahidə olunur. Bir müddət əvvəl Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov sosial şəbəkə hesabında yazıb ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun 28.02.2022-ci tarixli qətnaməsi ilə 28 avqust 2021-ci il tarixdə vəfat etmiş şəxsin ölkədən çıxışına vergi orqanının ərizəsi əsasında qadağa qoyulub.

Hakim Kənan Hüseynov bildirir ki, şəxsin vəfat etməsi barədə sistemdə məlumat olmadığı üçün bu hal baş verib: “Vergi orqanının ərizəsi əsasında şəxsin ölkədən getməsinin məhdudlaşdırılması xüsusi icraat qaydasında baxılan işlərdəndir. Adi icraat qaydasından fərqli olaraq xüsusi icraat qaydasındakı işlərə qısaldılmış müddətə baxılır. Qanunvericiliyə əsasən, məhkəmə şəxsin iştirakı olmadan da işlə bağlı qətnamə çıxara bilər. Biz vətəndaşın harada və ya sağ olub-olmaması barədə sorğu verə bilmirik. Bu barədə məhkəməyə müraciət edən orqan araşdırma aparmalı idi”.

Ədliyyə Nazirliyindən bildirilir ki, şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun həyata keçirilir: “Təlimata əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.

İcra məmuru məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.

Həmin təlimatda, həmçinin, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş, yaxud üzərinə Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və onun götürülməsi qaydası da müəyyən edilib.

Bundan əlavə, Ədliyyə Nazirliyinin saytında “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat verilməsi” elektron xidməti (https://exidmet.justice.gov.az:8284/Icra/QuitLimitation) mövcuddur. Həmin xidmət vasitəsilə belə bir məhdudlaşdırmanın olub-olmadığını öyrənmək mümkündür”.

Qeyd edək ki, İAMAS sistemində aşağıdakı məlumatlar yer alır:

– axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan şəxslər haqqında məlumatlar;

– xarici ölkəyə daimi yaşamağa getmək hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırılmış, dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vətəndaşlar haqqında məlumatlar;

– terrorçuluqda və digər transmilli mütəşəkkil cinayətlərdə şübhəli bilinən, habelə ölkədə olması milli təhlükəsizlik baxımından arzuolunmaz sayılan şəxslər haqqında məlumatlar;

– ölkədə olması arzuolunmaz sayılan şəxslər haqqında məlumatlar;

– Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;

– sərhədkeçmə rejimini pozmuş, ölkədən çıxarılmış şəxslər, ölkə ərazisinə əvvəllər müxtəlif səbəblərdən buraxılmamış əcnəbilər haqqında məlumatlar;

– müəyyən müddətə azadlıqdan məhrumetmə, ömürlük azadlıqdan məhrumetmə, islah işləri, ictimai işlər, cərimə növündə cəzalara məhkum olunmuş şəxslər haqqında məlumatlar;

– üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edilən və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən şəxslər haqqında məlumatlar;

– məhkum edilmiş, lakin cəzasının çəkilməsi təxirə salınan şəxslər haqqında məlumatlar;

– tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxslər haqqında məlumatlar;

– borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məlumatlar;

– miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş əcnəbilər haqqında məlumatlar;

– intizam xarakterli hərbi hissədə saxlanılan şəxslər haqqında məlumatlar;

– müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar haqqında məlumatlar;

– hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxslər haqqında məlumatlar;

– inzibati xəta törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;

– etibarsız hesab edilmiş, itmiş, oğurlanmış və saxta pasportlar, vizalar, vəsiqələr haqqında məlumatlar;

– axtarışda olan nəqliyyat vasitələri haqqında məlumatlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir