Rahil

“Şəbəkə” verilişinin aparıcısı: “Onunla ayrılan kimi evlənmək haqda düşünəcəm” – MÜSAHİBƏ

Baxış sayı: 6. 941

“Gencaile.az”ın “Kişi sözü” rubrikasının budəfəki qonağı ANS-in “Şəbəkə” verilişinin aparıcısı Rahil Sayadoğludur.

Onunla aparıcılıq etdiyi proqramdan, facebookdan, ona yazanlardan, ona əsəbləşənlərdən, bir az da irəli gedib nə vaxt evlənəcəyindən…, bir toy sujetindən sonra telefonu söndürməsindən və s mövzularda danışdıq. 

– Rahil teleaparıcı olmasaydı, indi hardaydı?

– Teleaparıcı olmasaydım, redaktor kimi davam edəcəkdim işimə. İstənilən halda media sahəsində olacaqdım. Çünki özümü mediadan kənarda təsəvvür edə bilmirəm. Hələ məktəb illərindən telejurnalist, repartyor kimi işləməyi arzulayırdım. Arzum da çin oldu.

–  Teleməkanda kimlərdən, hansı aparıcılardan oğurlamağa çalışırsan?

– Oğurlamaq yox, sadəcə olaraq təcrübələrindən faydalanmağa çalışdığım jurnalistlər olub və var. Hələ uşaqlıqdan ANS-in xəbər aparıcılarını imitasiya edirdim. Pencək geyinib, masa arxasında oturub evdə “Xəbərlər” “aparırdım”. 🙂 O səhnəni öz video kameram vasitəsilə çəkirdim də. Özümdən daha təcrübəli olan əksər jurnalist və aparıcılardan yaxşı mənada nələrsə “oğurlamağa” çalışıram.

– Deyirlər, jurnalistika tənqid sənətidir. Sən də daha çox həmin ruhda köklənmisən deyəsən…

– Mən ixtisasca jurnalist olmadığıma görə özümü peşəkar jurnalist hesab etmirəm. Amma doğrudur, mediada işlədiyim gündən bu yana həmişə işlərimdə (yazılarımda) tənqidi çalarlar bol olub. Çünki tənqidə münasibətim əladır. Tənqid axından çıxmaq deməkdir. Donmuş vəziyyəti hərəkətə gətirmək deməkdir. Sükutu və xoru pozmaq deməkdir. Nəyəsə qarşı tərəfdən, başqa tərəfdən baxa bilməkdir. Hansısa bir sahəni tənqidsiz təsəvvür edə bilmirəm.

– Verilişdən sonra “mənim fotomu, videomu niyə yaydın və ya bizi niyə tənqid etdin. İndi sən görərsən” deyənlər olurmu?

– Çox olur belə hallar. Bir dəfə millət vəkillərindən biri zəng edib, onun haqda efirə gedən süjetə görə narazılığını bildirdi. Mən ona izah etməyə çalışdım ki, biz sizi gözdən salan bir cəhdə yol verməmişik. Sadəcə, layihənin üslubuna uyğun olaraq şərhlərdə balanslı mövqe tuturuq. Hər iki tərəfə yer ayırırıq. Bir dəfə də şəhərin mərkəzində gitara ifa edən gənclərin videosunu efirə hazırlayırdım. O gənclərdən biri məndən xahiş elədi ki, o video efirə getsə, mənə problem olacaq. Ailəmin xəbəri yoxdur küçədə musiqi ifa edib pul yığmağımızdan. Dostumun nişanı qayıda bilər. Nə istəyirsən, necə istəyirsən, sənin üçün video çəkək, amma bircə o videonu verməyin. Çox maraqlı material idi, amma bu qədər ki, xahiş etdilər, nəzərə aldım, vermədim o videonu efirə. Bu yaxınlarda isə öz toyunda oynayan gəlinin videosu vardı. Onu da  efirə hazırlayırdıq. Mənə xəbər gəldi ki, toy sahibləri sizdən şikayət edəcəklər. Narazıdırlar. Bu narazılığa baxmayaraq materialı çıxarmaq fikrim yox idi. Səmimi etiraf edim ki, həmin buraxılış efirə gedən an telefonumu söndürdüm. 🙂 Amma sonradan da axtaran olmadı məni. Görünür süjet xoşlarına gəlib 🙂

– Yəqin “mən göndərdiyim fotonu niyə efirə vermədin” deyib əsəbləşənlər də olur…

– O qədər olur ki. “Şəbəkə”nin rəsmi facebook səhifəsənin mesaj qutusuna yüzlərlə mesaj gəlir. Ərinməyib onları bir-bir cavablandırıram. Demək olar, hər buraxılışdan sonra yazırlar ki, niyə şərhimi efirə vermədiniz. Hamıya səbrlə və gülərüzlə izah edirəm ki, bu, məndən asılı deyil. Gərək şərhiniz efirə uyğun olsun. Başa düşənlər də olur, düşməyib küsənlər də.

– Günün nə qədər hissəsini facebook-da keçirməyə məcbursan? Əlavə məşğuliyyətlərə nə qədər vaxt qalır?

– Əlavə məşğuliyyətlərə demək olar ki, vaxt qalmır. Əlavə məşğuliyyət kitab və saytlarda köşə yazıları oxumaqdır. Onları da avtobusda, metroda oxuyuram. Günün isə kifayət qədər çox hissəsini facebookda keçirməyə məcburam. Həm asıllığım var. Facebookda olmayanda elə bilirəm nəsə çatmır həyatımda. Həm də işimlə bağlı daimi gündəmi izləməyə məcburam.

– Veriliş üçün mövzuları, mövzular üzrə status və şərhləri hansı prinsiplərlə seçirsən?

–  Veriliş üçün mövzular həftə ərzində sosial şəbəkələrdə ən çox danışılan, marağa səbəb olan xəbərlər arasından seçilir. Bundan əlavə eksklüziv olaraq bizə göndərilən və ya bizim özümüzün lentə aldığımız hadisələrdən də istifadə edirik. Əsas olaraq ictimai-sosial-əyləncəli xarakter daşıyan mövzulara toxunuruq.  Sosial problemlərə də süjetlər həsr edirik. Amma bunu “İç xəbər” kimi deyil, “Şəbəkə” kimi edirik. Ciddi mövzulara adətən sarkazmla yanaşırıq. Təbii ki, faciəli hadisələr, xüsusi tarixi günlər istisnadır. Mövzulara şərh və statusların seçimində isə bir çox məqamlar nəzərə alınır. Əvvəla etik qaydalar əsas götürülür. Daha sonra çalışırıq ki, efirə gedən şərh və statuslarda bir çağırış olsun. Mövzuya fərqli və cəsarətli yanaşma olsun. Yumoristik və sarkazmatik fikirlərə də çox yer ayırırıq.

– Efirdə öz əl-qol hərəkətlərindən narazısan deyəsən.

– Mən heç vaxt peşəkar televiziyada aparıcı olmamışam. “Şəbəkə” mənim ilk işimdir. Ona görə çalışıram ki, bütün tövsiyyə və məsləhətlərə qulaq asım, əməl etməyə çalışım. Efirdə sərbəstliyim artıb. Daha ucadan danışıram. Amma bircə əl hərəkətlərimin sayını azalda bilmirəm. Əslində bu, mənim üçün problem deyil. Sadəcə olaraq bəzi tamaşaçılar, dostlar deyir ki, adamın fikri yayınır. Əl hərəkətlərinin sayını azalt. Çox çalışsam da, alınmadı. Özümdən asılı olmadan baş verir. Artıq fikir vermirəm. Mənim də danışığım belə alınır, neyniyim. 🙂

–  Yəqin elə sosial şəbəkədə sevgi etirafları edənlər də tapılır.

– Sevgi etirafı yox, daha çox simpatiyasını bildirənlər olur. Xoş sözlər yazırlar. Bu da yeni aparıcı olmuş biri üçün çox böyük sevincdir. İlin-günün bu vaxtında, bu qədər şəxsi problemlər içində yenə də vaxt tapıb, vaxt ayırıb baxırlarsa, üstəlik vaxt ayırıb öz müsbət fikirlərini də yazırlarsa, demək, əziyyətimiz boşa getmir.

– Evlilik nə zaman?

– Evlilik haqda düşünmürəm hələ. Baxmayaraq ki, 27 yaşın içindəyəm. Nədənsə mənə elə gəlir ki, hələ bir az tezdi. Hələ ki, facebookla “sevgiliyəm”. Gecəm-gündüzüm onunla keçir. 🙂 Bir-birimizə çox yaraşırıq.  Onunla ayrılan kimi evlənmək haqda düşünəcəm. 🙂

Söhbətləşdi: Vüsal Məmmədov

10961822_922164374483178_774510412_n 10966589_922164397816509_1382084690_n 10966953_922164237816525_573501423_n 10994715_922164187816530_566990447_n

 




4 şərh ““Şəbəkə” verilişinin aparıcısı: “Onunla ayrılan kimi evlənmək haqda düşünəcəm” – MÜSAHİBƏ

  1. ILQaR

    Qardaş sadəcə iradə lazımdı başa düşürəmki insanı asılı vəziyyətə salır facebook ama insan hər şeyə qadirdir….

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir