Səhər yeməyi yemək niyə önəmlidir?

Baxış sayı: 1. 501

Əgər bütün günü ehtiyacınız olan enerjini əldə etmək istəyirsinizsə, əlbəttə ki, bu işə səhər yeməyindən başlamalısınız.
Artıq bundan sonra özünüzü sağlam və gümrah hiss edə bilərsiniz. Ancaq səhər yeməyi nə qədər vacibdirsə, onun “tərkibindəkilər” də o qədər vacibdir. Çünki yemək vərdişimiz istər fizioloji, istərsə də psixoloji vəziyyətimizə birbaşa təsir göstərir. Digər tərəfdən, sağlam qidalanma (həmçinin, “sağlam” səhər yeməyi) bizim möhkəm bir yaddaşa malik olmağımıza imkan verir. Təbii ki, bu, digər intellektual qabiliyyətlərimizə də təsirsiz ötüşmür. “Sağlam” bir səhər yeməyində mütləq tərəvəz qrupundan (məsələn, pomidor və xiyar kimi), karbohidrat qrupundan (məsələn, çörək və kəpək kimi), həmçnin protein qrupundan (məsələn, süd və yumurta kimi) qidalar olmalıdır. Bununla yanaşı, pendir və zeytun kimi qidalar da qəbul etmək məsləhətdir. Portağal suyu isə orqanizmin C vitamininə olan tələbatını ödəməkdə mühüm yer tutur.

Sürətli maddələr mübadiləsi üçün səhər yeməyi

“Bazal maddələr mübadiləsi sürəti” (yeri gəlmişkən deyək ki, maddələr mübadiləsini başqa cür “metabolizm” də adlandırırlar) bir insanın gün ərzində ehtiyacı olan enerji miqdarını təmin etməkdə əsas rol oynayır. Bu sürət yaşdan, çəkidən, formadan, cinsiyyətdən (gündəlik həyat tərzi də daxil olmaqla) asılı olaraq dəyişir. Bu baxımdan sağlam bir orqanizm üçün maddələr mübadiləsinin sürətini düzgün nizamlamaq çox vacibdiir. Bunun üçün isə, ilk növbədə, maddələr mübadiləsinin sürətini azaldan qidalardan (həmçinin, həyat tərzindən) uzaq olmaq lazımdır. Buna nail olmaq üçün isə əsas şərt günə səhər yeməyi ilə başlamaqdır. Çünki insan yuxuda olduqda maddələr mübadiləsinin sürəti azalır. Səhər yeməyi yedikdə isə maddələr mübadiləsinin sürəti artır. Əgər səhər yeməyi yeməsəniz, bu baş vermir və maddələr mübadiləsinin sürəti gün ərzində eyni şəkildə qalır.

Arıqlamaq istəyirsinizsə, səhər yeməyi yeyin!

Arıqlamaq üçün səhər yeməyi yeməyənlər əslində çox böyük səhvə yol verirlər. Çünki uzun sürən bir gecədən sonra ac qalan orqanizm səhər yeməyindən məhrum olduqda sonrakı yeməkdən də məhrum olacağını “düşünür”. Buna görə də, elə ilk yeməkdəki qidaları yağa çevirir. Bu isə insanın arıqlamasını yox, kökəlməsini asanlaşdırır.

Uşaqlar üçün səhər yeməyi

Səhər yeməyi böyüklər üçün nə qədər vacibdirsə, uşaqlar üçün də (xüsusilə də, inkişaf dövründə olan uşaqlar üçün) o qədər vacibdir. Çünki səhər yeməyi yemədən günə başlayan uşaqlar gün ərzində həm yorğun, həm də halsız olurlar. Üstəlik, belə uşaqlarda tez-tez qarınağrısı da müşahidə olunur. Digər tərəfdən, məktəb yaşlı uşaqlar üçün də səhər yeməyi çox vacibdir. Çünki səhər yeməyi yeyən və yeməyən məktəb yaşlı uşaqlar arasında çox ciddi “məhsuldarlıq” fərqi müşahidə olunur. Səbəb isə budur ki, səhər yeməyi digər orqanlara müsbət təsir göstərdiyi kimi, beyinə də müsbət təsir göstərir. Beləliklə, uşaqların qavramaq qabiliyyəti də artır. Üstəlik, səhər yeməyi yeyən uşaqlarda digər intellektual qabiliyyətlər də başqa uşaqlarla müqayisədə daha güclü olur. Səhər yeməyi yeməyən uşaqlarda isə bu intellektual qabiliyyətlərdə müəyyən qüsurlar nəzərə çarpır. Əzələ gücsüzlüyü, müqavimət zəifliyi kimi hallar da belə uşaqlara xas olan problemlərdəndir. Üstəlik, bu problemlər təkcə səhər yeməyi yeməyən uşaqlarda yox, böyüklərdə də müşahidə edilir. Digər tərəfdən, böyüklərdə bütün bunlara əlavə olaraq aclıqla bağlı şəkər və təzyiq düşməsi, baş ağrısı, qəbizlik, qan azlığı, vitamin əskikliyi və s.-ə də rast gəlinir.

Səhər yeməyi hazırlamağa vaxtınız yoxdursa?..

– Səhər yeməyi yemək heç də həmişə zəngin bir süfrə arxasında oturmaq demək deyil. Bəzən bir stəkan südlə bir parça pendirdən hazırlanmış sendviçi və ya tostu da səhər yeməyi adlandırmaq olar.

– Yox, əgər buna belə vaxtınız yoxdursa, südlə qarışdırılmış, həmçinin qoz, fındıq və kişmiş kimi qidalarla “zənginləşdirilmiş” hazır qidalardan da istifadə etmək olar.

– Evdə səhər yeməyi yeyə bilməyənlər bir az çörək və bir az pendirlə işdə və ya məktəbdə də (əlbəttə ki, vaxtından çox keçməmək şərti ilə) səhər yeməyi yeyə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir