seks

Seksdən niyə yorulduq?

Baxış sayı: 1. 070

İlk baxışda hazırda seksual bum üçün ən münasib dövrdü. Amerikalıların çox böyük bir hissəsi deyir ki, toya qədər sekslə məşğul olmaqda qəbahət yoxdur. Qərb cəmiyyəti prezervativlərin köməyi ilə HİV-in öhdəsindən pis-yaxşı gəlməyə başlayıb, doğuma nəzarət həblərini və kontraseptiv vasitələri artıq reseptsiz almaq mümkündür.

Texnologiyalar da intim həyatın köməyinə gəlir. Bir vaxtlar “Əgər filan şey mövcuddursa, onun artıq pornosu da var” ifadəsi zarafat kimi qəbul olunurdu, lakin indi bu, ironiyasız həqiqətdi. “Teen Vogue” nəşrinə istinad eləyən jurnalistlərin yazdıqlarına görə, hətta anal seks də tabu mövzu olmaqdan çıxıb, bu gün artıq gündəlik praktika sayılır. Seksin rəsmi, filmi çəkilir, onun haqqında yazırlar, onu hər yerdə yayımlayırlar. Ümumbəşəri mədəniyyət seksə qarşı hələ heç vaxt bugünkü qədər tolerant olmayıb (insest, pedofiliya, zoofiliya və bəzi ölkələrdə homoseksual münasibətlər istisna olmaqla).

Paradoksdu, amma bu gün insanlar get-gedə sekslə daha az məşğul olurlar. Valideynlərin, pedaqoqların və din xadimlərinin “xoşbəxtliyindən” yeniyetmələr cinsi həyata gec başlayırlar. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (ABŞ Səhiyyə Nazirliyinin Federal Agentliyi) məlumatlarına əsasən, 1991-2017-ci illər arasında mütəmadi cinsi həyatı olan yuxarı sinif şagirdlərinin sayı 54%-dən 40%-ə enib və məsələ heç də, “klassik” seksin oral sekslə əvəzlənməsi deyil.

Bir neçə il əvvəl San-Diyeqo Universitetinin psixologiya üzrə professoru Cin Tvenqe, bir araşdırmasında “amerikalıların seksual həyatına nə mane olur” sualına cavab verməyə çalışıb. Tvenqe yazır: “X nəsli”nin nümayəndələrindən (60-80-ci illərdə doğulanlar) fərqli olaraq, indiki gənclər öz cinsi həyatlarını 2,5 dəfədən çox gecikdirirlər”. Onu da qeyd edək ki, ABŞ-da seksual tənəzzül ucbatından doğum sayının azalması qeydə alınıb: 2017-ci ildə ölkədə 2007-ci ildəkindən 500 min az uşaq doğulub (500 min – Kaliforniyanın Sakramento şəhərinin əhalisi qədərdi).

Seksdən niyə yorulduq?Nədir “seksual tənəzzül”?

“Seksual tənəzzül”ü izah eləməyə çalışan müxtəlif nəzəriyyələr mövcuddu. Alimlər səbəb kimi “təsadüfi əlaqələr mədəniyyəti”ni, dözülməz iqtisadi təzyiqi, təşviş doğuran pozuntuları, psixoloji səbatsızlığı, andepressantların geniş yayılmasını, seksuallığın internet və KİV-də həddindən artıq aqressiv təqdimatını, testosteron səviyyəsinin düşməsini, pornoları, vibratorları, tanışlıq üçün tətbiqləri, valideynlərin hiperhimayəsini sadalayırlar.

İstənilən müasir problemi götürün və kimsə onu mütləq “libidonun düşmə səbəbi” adlandıracaq. Bu səbəblərdən bir çoxu həqiqət ola bilər. Texas Universitetinin alimlərinin 2007-ci ildə Ostində apardıqları sorğu zamanı sekslə məşğul olmaq üçün 237 səbəb göstərilib. Onların arasında son dərəcə əcaib, mistik səbəblərdən (“Özümü Tanrıya yaxın hiss eləmək istəyirdim”) tutmuş ən gülüncünə qədər (“Söhbətin mövzusunu dəyişmək istəyirdim”) hər variant var. Sekslə məşğul olmamaq üçün də elə bu qədər səbəb tapmaq mümkündü. Lakin araşdırmalarda bəzi səbəblərə daha tez-tez rast gəlinir.

Seksual həyatdan “qaçış”, sırf amerikan fenomeni deyil. Bir çox ölkələrdə vətəndaşların seksual həyatı elmi araşdırma predmeti olmur. Ancaq bu tip müşahidələrin aparıldığı yerlərdə alimlər seksual istəyin səviyyəsinin azalmasını qeydə alıblar.

Ginekoloq Daniel Flaumenbaum isə yazır ki, qadınların 85%-i sekslə məşğul olanda heç nə hiss eləmir. Psioxoloq və seksoloq Emma Ribas isə bunu dəstəkləyir: “Emosional asılılıqdan əziyyət çəkən qadınlar sekslə, belə lazım olduğu üçün məşğul olurlar, istədikləri üçün yox. Onlar qorxurlar ki, seks olmasa, partnyorları onları atar. Onlar tək qalmaqdan qorxurlar”.

Böyük Britaniyada aparılmış araşdırmalara əsasən, 2001-ci ildə 16-44 yaş arası insanlar orta hesabla ayda 6 dəfədən çox sekslə məşğul olublar. 2012-ci ildə bu göstərici ayda 5 dəfəyə və daha aşağı düşüb.

Niderlandda seksual həyata başlayanların orta yaş həddi 2012-ci ildə 17,1 idisə, 2017-ci ildə 18,6-a yüksəlib. “Seksual yubanma”ya öpüşlər də daxil olmaqla, fiziki kontaktın bütün digər formaları da aiddi. Hollandlar bu xəbəri təlaşla qarşılayıblar. Əgər insanlar inkişafın ən vacib mərhələlərindən birini (ki, bura sadəcə flirt və öpüşlər yox, məyusluq və sevgi dramları da aiddi) ötürürlərsə, onlar yetişkin həyatın çətinliklərinə hazırdırlarmı?

Seksdən niyə yorulduq?

“İndiki gənclər” heç də pis deyil

Vaxt vardı ki, yeniyetmə olmaq kefcil həyat tərzi keçirmək, içmək, siqaret çəkmək, bol-bol sekslə məşğul olmaq, ümumiyyətlə, bütün ədəb çərçivələrindən çıxmaq anlamına gəlirdi. Bir sözlə, doya-doya yaşamaq demək idi.

Bu gün gənclik bir az sakitləşib, özünə və sağlamlığına daha məsuliyyətlə yanaşmağa başlayıb və hərdən özünü o qədər ədəbli və yetişkin aparır ki, hər dünyagörmüş xala, ya da əmi bu qədər ciddi ola bilməz.

Deyəcəksiniz ki, əvvəllər daha yaxşı idi və biz sizinlə razılaşacağıq. Ancaq işin eyş-işrət, əyləncə tərəfini bir qırağa qoyub məsələyə sağlamlıq nöqteyi-nəzərindən baxsaq, aydın olacaq ki, yeniyetmələrin davranışlarında həddindən artıq gözəl tendensiyalar meydana çıxmağa başlayıb.

Amerikanın xəstəliklərə nəzarət və profilaktika üzrə mərkəzinin əməkdaşı, doktor Stefani Zazanın tədqiqatları göstərir ki, son on il ərzindən yeniyetmələrin alkoqoldan istifadəsi 10%-dən də çox azalıb. 2007-ci ildə bu göstərici 75% idisə, bu gün 63%-ə düşüb.

Gənclər siqareti çəkməyi də azaldıblar: 2013-cü ilə aid məlumatlara görə, siqaretin dadına, heç olmasa, bir dəfə baxan tələbələrin sayı 41%-ə enmiş, 2015-ci ilin sorğularına əsasən isə, bu rəqəm artıq 32%-ə çatmışdı.

Gənclərin spirtli içkilərdən istifadə üsulları da daha sağlam olub: son aylar ərzində bir dəfəyə beş içkidən çox içən yeniyetmələrin sayı 17,7%-ə düşüb. 90-ci illərdə tələbələrin 30%-dən çoxu belə eləyirdi.

Doktor Zazanın araşdırmalarına əsasən, gənclər arasında kokain və marixuana da, tədricən, populyarlığını itirir.

Doktor Toni Ferretti hesab eləyir ki, gənclərin davranışındakı bu dəyişikliklərin səbəbi texnologiyanın onların gündəlik həyatına təsirilə də izah oluna bilər. Şəbəkədə çox vaxt keçirən yeniyetmələr (respondentlər bildiriblər ki, şəxsi ehtiyacları üçün kompüterdən gündə üç saatdan çox istifadə eləyirlər) gündəlik stressin öhdəsindən bu yolla gəlirlər.

“Bu, o deməkdi ki, gənc insanlar müasir həyatın çətinliklərindən qaçmaq vasitəsi kimi, alkoqol və narkotiklərə tez-tez müraciət eləməyə meylli deyillər. Dostlarla, ailə ilə daha möhkəm bağlar da – ki, texnologiya onların formalaşmasına yardım edir – yenyetmələrə dəstək, rahatlıq, güvən duyğusu verir. Bunlar ağrının azaldılması vasitəsi kimi istifadə olunan alkoqol və narkotikləri əvəz eləyir,” – Ferretti deyir.

Adətən, yeniyetmələr müstəqil olduqlarını vurğulamaq, öz kimliklərini müəyyənləşdirmək, öz “Mən”lərini valideynlərindən ayırmaq üçün çılğın həyat sürürlər.

“Qiyamçı davranış – sənə nəzarət eləyən avtoritet fiqurlar və duyğulardan azad olmağa kömək eləyir. Bu gün seks, əvvəllər olduğu kimi tabu mövzu deyil, buna görə də, öz müstəqilliyi uğrunda və avtoritetlərə qarşı mübarizədə vasitə qismində yeniyetmələri o qədər də cəlb eləmir”, – doktor Ferretti izah eləyir.

Seksdən niyə yorulduq?Lakin, narahatlıq da var

Seks-terapevt İen Kerner hesab eləyir ki, bunda texnologiyanın da rolu var. Onun işlədiyi yuxarı sinif şagirdləri əvvəlki nəsildən daha çox evdə pornoya baxa-baxa masturbasiya eləyirlər. Bu isə ondan xəbər verir ki, seks əlçatmazlığını itirib, gənclərin “son dərəcə vacib” hissi yoxa çıxıb. O hiss ki, onların ata və babalarını öz cismani aclıqlarını yatırtmaq üçün partnyor axtarışına sövq eləyirdi.

Bu günün gəncliyi evdən bayıra çıxmadan yüksək keyfiyyətli və realistik pornolardan həzz ala bilir. Buna görə də, özlərini rahat və güvəndə hiss elədikləri yerdə qalmaq onlara daha çox sərf eləyir. Lakin seksin təhlükəsizliyi ilə bağlı yaxşı xəbərlər azdı. Belə ki, sorğuda iştirak eləyən tələbələrin cəmi 8,8%-i sonuncu cinsi akt zamanı prezervativdən istifadə eləyib, HİV testindən isə cəmi 10%-i keçib.

İsveçin səhiyyə naziri seksə qarşı marağın azalmasını siyasi problem adlandırıb. “Atlantic” nəşrinin müəlliflərindən biri soruşur: bəlkə biz yavaş-yavaş Yaponiyanın vəziyyətinə yaxınlaşırıq? Bu ölkə hazırda demoqrafik böhran və frigidlik problemi ilə üzə-üzə qalıb. 2005-ci ildə 18-34 yaş arası subay yaponların 33%-i bakirə olub; 2015-ci ildə bu rəqəm 43%-ə yüksəlib. Həmçinin qətiyyən evlənmək istəmədiklərini deyən insanların da sayı artıb.

Ümumiyyətlə, Yaponiya – porno istehsalı və istifadəsi, həmçinin yüksək keyfiyyətli seks kuklalarının hazırlanması üzrə dünyada lider ölkələrdən biridi. Ən maraqlı göstəricilərdən biri də odu ki, orda seksual stimulyasiyanın yeni formaları kəşf olunub və onlar, birdən çox adamın iştirak elədiyi “köhnədəbli” seksi əvəz eləyir.

“Economist» nəşrində çıxan məqaləyə görə, Yaponiyada «onakura» adlı xüsusi mağazalarda kişilər qadın əməkdaşların gözü önündə masturbasiya imkanı üçün pul ödəyirlər. Ya da məsələn, onlar öz seksual istəklərini bir istifadəlik yağlı silikon topların içinə masturbasiya eləmək yolu ilə təmin edirlər. Yaponlar seksual əlaqə axtarmaq üçün xarici dünyaya çıxmaq istəmirlər.

Qərb KİV-lərində, Yaponiyadan gələn bu xəbbərlərə reaksiya mənfi oldu: “Görün, bu yaponlar necə başdanxarabdılar”. Ancaq insanlar, tədricən, anlamağa başlayıblar ki, Yaponiya təcrübəsi – sadəcə məzəli fenomen deyil, bütün dünyanı gözləyən çox yaxın gələcəkdi. Tokiolu yazıçı Ronald Kelts əsərlərində “virtual libidonun təkliflərini bütün qüsurları və tələbatları ilə real münasibətlərdən daha cəlbedici sayan bir nəsli” təsvir eləyir.

Seksdən niyə yorulduq?

2017-ci ildə pornhub.com saytı istifadəçilərin bütün dünya üzrə ən populyar sorğularının reytinqini hazırlamışdı. Siyahıda birinci yerdə (üç il ardıcıl) – lezbi pornosu gəlirdi – həm qadınların, həm də kişilərin sevimli kateqoriyası. İkinci yeri hentay-animelər (erotik və pornoqrafik səhnələri olan animelər) və başqa erotik cizgi filmləri tuturdu. Əlbəttə, bu şəkildə təsvir olunan pornoların hamısı hər zaman gerçəklikdən son dərəcə uzaq olur. Hentayın personajları həddindən artıq irrealdılar: lakin onların cazibəsi də, məhz, bu irreallıqda gizlənir. Birincisi, tamaşaçını normadan çıxarılmış bədən hissələri cəlb eləyir («gözlər ayaqdan daha böyük, döşlər baş boyda, penis beldən daha yoğun olur»). İkincisi, fövqəltəbiinin erotik təqdimatı (seksual formalar heyvanların xəzi və buynuzları, qulaqları və quyruqları ilə birləşir).

İnternet əsas sosial və seksual tələbatların təmin olunmasını asanlaşdırıb. Odu ki, real “cismani dünyaya” çıxıb bu şeyləri orda axtarmaqdan ötrü son dərəcə az səbəb qalıb. Bu, o demək deyil ki, şəbəkə sizə seksdən, ya da canlı münasibətlərdən daha çox zövq verə bilər. Ancaq o, təməl tələbatlarınızı ödəməkdən ötrü sizə kifayət qədər təkliflər verir.

Bluminqtonda yerləşən İndiana Universitetinin aparıcı elmi əməkdaşı Debbi Herbenik deyir ki, porno, bir qayda olaraq, yanlışlıqla “təlimat kitabçası” kimi qəbul olunur: “Hərdən tələbələrə izah eləməli oluram ki, yeni partnyorla ilk dəfə sekslə məşğul olanda onu boğmaq, ya da anal sekslə məşğul olmağa cəhd eləmək lazım deyil”. (Bluminqton hələ 1940-cı ildən – amerikalı bioloq və seksoloq Alfred Kinskinin burda işləməyə başladığı dövrdən ABŞ-da seks-araşdırmaların qeyri-rəsmi mərkəzi hesab olunur. Alfred Kinski İndiana Universitetinin nəzdində fəaliyyət göstərən seks, cins və nəsilartımının öyrənilməsi üzrə institutun yaradıcısıdı. Hazırda sözügedən institut Kinskinin adını daşıyır).

Çox güman ki, partnyorun pornoda gördüklərini eləməyə çalışdığı ilk təcrübə xoşagəlməz təəssürat yaradır. Üstəlik pornonun yayılması gəncləri daima seks zamanı necə göründükləri ilə bağlı narahatlıq keçirməyə məcbur edir. Sadə dillə desək, porno bizim gözləntilərimizi yüksəldir.

 

Tinder erası?

Seksual əlaqələrin kəmiyyətinin aşağı düşməsinin bir səbəbi də pettinqin populyarlaşmasıdı. Tanışlıq tətbiqlərinin çiçəkləndiyi hazırkı dövrdə insanlar bir gecəlik görüşürlər və həmin gecə sekslə məşğul olmaq mütləq deyil, sadəcə bir-birini sığallamaqla da kifayətlənmək mümkündü.

Seksdən niyə yorulduq?İndi seks – uzunmüddətli münasibətləri qoruyanların preroqatividi, məsələn, 50-60-cı illərin gəncliyində qəbul olunduğu kimi. Hərçənd yeniyetmələr arasında doğum sayının artması da həmin mərhələyə təsadüf eləyirdi. Belə ki, nə ondan əvvəl, nə də sonra elə bum görülməmişdi.

Düzdü, müasir qadınlar da deyirlər ki, ciddi münasibət arzulayırlar, xəstələnəndə onlara çay verəcək birinin olması onlar üçün vacibdi. Amma praktikada qadınlar belə münasibətləri get-gedə daha az qururlar.

“Atlantic” nəşrinin jurnalistlərinə müsahibə verən Saymon adlı istifadəçi, Tinder-ə necə gəldiyi barədə danışıb: “Sevgilimdən ayrılandan sonra ağlıma gələn ilk fikir bara getmək oldu. Amma içimdə bir hiss mənə deyirdi ki, bu gün qızlara rahatca yaxınlaşıb tanış olmaq imkansızdı: bu yaxınlara qədər normal hesab edilən bir şey qəflətən, demək olar ki, əxlaqsızlıq sayılmağa başlamışdı. Onda dostlarım Tinder-də mənə hesab açdılar”.

Amma məlum oldu ki, Tinder o qədər də effektiv tətbiq deyil. Bəyəndiyiniz 30 qadından təkcə biri reaksiya verir və zövqlərinizin üst-üstə düşdüyü hər on qadından yalnız biri mesajlara cavab yazır.

Belə çıxır ki, istifadəçi, “like” qoyduğu 300 qadından yalnız biri ilə danışa bilər. Real görüş imkanı isə daha gec yaranır. Yəni Tinder kişilər üçün – sadəcə boşluğa bağırmaq, qadınlar üçünsə – oğlanların yorulmadan göndərdikləri bir yığın penis şəkli arasında bihudə brilyant axtarışlarıdı. Tinderdə hər iki cinsdən olan istifadəçilər, adətən, özlərindən 25% daha xoşagəlimli görünən insanlarla maraqlanırlar.

Tanışlıq tətbiqlərindən istifadə eləməyən adamlara elə gəlir ki, orda təsadüfi seks üçün bir neçə dəqiqə içində tərəf müqabili tapmaq mümkündü. Əslində isə, əgər sən ilahi gözəlliyə sahib deyilsənsə, tanışlıq tətbiqləri sadəcə vaxt alır.

Bəs niyə insanlar belə tətbiqlərdən istifadəyə davam eləyirlər? Çünki bayırda partnyor tapmaq – artıq tamamilə qeyri-real bir şeydi. “Daha heç kim ictimai yerlərdə tanış olmur”, – bu fikir get-gedə daha tez-tez eşidilməyə başlayır. 2018-ci ildə aparılmış sorğuya əsasən, 18-29 yaşarası amerikalıların əksəriyyəti əmindi ki, bara dəvət eləmək qısnama kimi dəyərləndirilə bilər.

 

Çılpaqlıq bir problem kimi

Ləngimə, şərti olaraq, ehtirasın oyanmasına əngəl yaradan hər şey deməkdi: aşağı özgüvəndən tutmuş diqqəti yayındıran fikirlərə qədər. Debbi Herbenikin araşdırmalarına əsasən, insanların 20-25%-i öz genitaliyasından narazıdı və bu, onların seksual aktivlik səviyyəsinə mənfi təsir eləyir. Gənc insanlar özlərindən utanırlar. Onlar çılpaq bədənlərinin görünüşündən narazıdılar, o cümlədən genitaliyalarından da.

“Milleniallar (millennium, yaxud “Y” nəsli – red.) soyunmağı xoşlamırlar: əgər soyunma otağına girsəniz, görərsiniz ki, yaşı 30-dan aşağı olan hər kəs məhrəba ilə örtünərək soyunur”, – “Redscout” brendinq agentliyinin təsisçisi İon Disend deyir. Doğrudan da, Qərbi Avropanın özündə belə, şiddətli miqrant axını başlayana qədər mövcud olmuş «çılpaqlıq» ənənəsi, bu gün artıq yoxa çıxmaqdadır. Yerli əhali, gəlmələr çılpaqlığı ayıb bir şey hesab edir deyə, ictimai məkanlardakı ümumi soyunma və duş otaqlarında soyunmamağa, ən azından cinsi orqanlarını gizlətməyə başlayıblar. Əlbəttə, buna səbəb təkcə gəlmələr deyil, daha çox porno industriyasıdır. Oğlanların bu gün daha çox bir-birlərindən utanmalarını, onların «ideal» penis haqqındakı şüuraltı təsəvvürləri şərtləndirir. Penisin ölçüsü və “estetik” görünüşü əhəmiyyət qazanmağa başlayıb.

Eyni səbəbdən müasir yataq otaqlarının interyerləri də dəyişir: gənc cütlüklər vanna otaqlarının ayrı olmasını istəyirlər. Amma bir insan partnyoru gözü önündə duşdan çıxmağa çəkinirsə, o özünü, məsələn, oral seks zamanı necə rahat hiss eləyə bilər?

İnsanın seksual davranışı – bizi başqa növlərdən fərqləndirən təməl faktorlardan biridi: biz isə sekslə hamilə qalmaq ehtimalının nəinki az olduğu, həm də ümumiyyətlə, olmadığı situasiyalarda məşğul oluruq. “Dik yerimək və beynin ölçüsü ilə birlikdə seksuallıq da bizi meymunlardan ayıran faktorlar triadasını formalaşdırır”, – insan seksuallığının təkamülünü araşdıran professor Cared Daymond yazır.

Doğrudu, hələ heç kim seksin yoxluğundan ölməyib; ancaq biz bu işlə milyon illərdi məşğul oluruq, çünki bu, həzz verir, bizi birləşdirir və biz özümüzü xoşbəxt hiss eləyirik. Seksual, ya da romantik partnyorun yoxluğu yaşamdan narazılığa səbəb ola bilər. Real münasibəti substantivasiya eləyən internet bizə seksdən, ya da real münasibətdən daha çox həzz verə bilməz. O, sadəcə instinktləri məmnun eləməyə imkan verir. Özümüzə belə bir sual verməliyik: əgər internetə əlim çatmasaydı, bayıra daha çox çıxardımmı, daha çox yeni tanışlıqlar qurardımmı?

 

Materialın hazırlanmasında Economist, Snob və b. açıq resurslardan yararlanılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir