seksting

Seksting nədir və niyə təhlükəlidir?

Baxış sayı: 902

Seksting, müasir kommunikasiya vasitələri – telefon, elektron ünvan, sosial şəbəkələr vasitəsilə intim mövzulu şəkil, video və mətnlərin göndərilməsidir. Böyüklər istisna olmasa da, bu hərəkətlərə adətən yeniyetmələr arasında daha çox təsadüf edilir və sekstingin acı nəticələri də daha çox bu yaş kateqoriyasında özünü büruzə verir.

Əslində, seksting göndərilən intim şəklin və ya videonun paylaşılmadığı, başqalarının da baxa biləcəyi hala gətirilmədiyi təqdirdə, elə bir ciddi məna kəsb etmir. Amma araşdırmalara görə, göndərilən şəkil və videoların 50 faizi başqaları ilə paylaşılır və ya internetə yüklənir ki, bu da yeniyetməni təkcə qalmaqalların qəhrəmanı etməklə bitmir, bəzi hallarda hətta kövrək gənci intihara qədər sürükləyir.

Bəzi ölkələrdə, (məsələn USA) seksting, şəkildəki və ya videodakı yetkinlik yaşına çamayan kəsdirsə, cinayət hesab edilir. Özü də, həm materialları göndərən, həm də qəbul edən tərəf cinayət etmiş hesab edilir, çünki yetkinlik yaşına çatmayan şəxsin intim görüntüləri uşaq pornoqrafiyası kimi klassifikasiya edilir. Eyni zamanda, öz intim görüntülərini başqasına göndərmək seksual qısnama hesab edilir.

Yulia Yarmolenko ukraynalı psixoloq və seks-pedaqoqdur. Onun «Seksting niyə təhlükəlidir?» başlıqlı məqaləsini Azərbaycanda da kifayət qədər tanınan pediatr Yevgeniy Komarovski öz saytında paylaşıb. Məqalənin azərbaycan dilinə çevrlmiş versiyasını sizə təqdim edirik.

Danimarkada seksual təhsil proqramında iştirak etdiyim vaxt, mövzuları iki nəfər olaraq, cütlük kimi işləyirdik. Budur, 17 yaşlı qızla bir-birimizə sual verir, cavab alırıq. Qız məndən soruşur «Siz nə vaxtsa açıq şəkillərinizi kiməsə göndərmisiniz?». İngilis dilim o qədər də yaxşı deyil, buna görə də, xilasedici frazanı işlədirəm: «I was stupid» (O vaxt axmaq idim). Siz o qızın gözlərindəki dəhşəti görərdiniz! Mənə elə baxırdı ki, sanki mən indicə kimisə öldürdüyümü, doğrayəb, hissələrə ayırdığımı, indi də narkotik yetişdirib, məktəblərdə satdığımı etiraf etmişəm (bunun ironiya olduğunu başa düşürsünüz də?).

İndi arzum budur ki, açıq şəkillər barədə bu cür etirafları bizim məktəblilər də o qızın gözlərindəki dəhşətlə dinləsinlər. Amma təəssüf ki, seksting bizim ölkədə 12-17 yaşlı yeniyetmələr arasında çox geniş yayılmış əyləncədir.

Uşaqlar niyə intim görüntülərini kiməsə göndərir?

Bu, onlara özlərini daha böyük hiss etməyə kömək edir.

Güclü hisslər yaşamaq üçün uğurlu vasitədir.

Real həyatda ala bilmədiyi təsdiqi, xoş münasibəti almaq üçün.

Yaxınlaşmaq cəhdi.

Təzyiqə görə: bir çox hallarda qızlar israrla bunu tələb edən adamları başlarından etmək üçün bu yola əl atırlar.

Özünütəsdiq vasitəsi kimi.

Real seksə daha təhlükəsiz alternativ olaraq.

Məqsədə çatmaq vasitəsi: bizim mədəniyyət qızlara təlqin edir ki, onların gücü seksuallıqdadır, buna görə də, qızlar bu yoldan məqsədlərinə çatmaq üçün istifadə edirlər.

Bəs, intim görüntülər göndərmək təhlükəsizdirmi?

Araşdırmalar göstərir ki, intim görüntülər alan şəxslərin 50 faizi onları başqalarına da göstərir.

Seksting nələrə gətirib çıxara bilər?

İnternet və ya smartfonlardan göndərilmiş mətn, şəkil və ya videolar heç vaxt tam məxfi ya da anonim olmur. Bir neçə saniyədən sonra onları bütün dünya görə bilər.

Göndərilən şəkil, video və ya mətn bir nəfər üçün göndərilən halda belə, göndərilən andan etibarən uşağınızın kontrolundan çıxır. O görüntü bir çox adamın əlinə keçə bilər. Bu görüntülər internetdə paylaşılsa, yəqin ki, görüntünü ordan birdəfəlik silmək daha heç vaxt mümkün olmayacaq.

Kompromat ola biləcək görüntü yayılsa, ya başqalarına göndərilsə, yeniyetmə kütləvi təhqirlərə və alçaldılmara məruz qala bilər. Bu da yenyetmənin özünüqiymətləndirməsinə bərk zərbə vura bilər, depressiyaya apara və başqa psixiki problemlərə yol aça bilər. Ən pis halda isə, bu prosesin axırı intihar ola bilər.

Buna görə də, seksting barədə uşaqla söhbət məhz onun əlinə planşet və ya smartfon verilən anda baş tutmalıdır.

Böyüklər hansı səhvlərə yol verir?

Biz deyirik: heç kimə internetdən açıq şəkil və ya video göndərmək olmaz. Əslində deməliyik: heç kimin ixtiyarı yoxdur ki, səndən açıq şəkil və ya video istəsin, tələb etsin. Kimsə səndən belə bir şey istəyirsə, o dəqiqə bizimlə danışa bilərsən!

Bu məsələdə vurğunu məhz belə bir tələbin qeyri-qanuni olduğuna etmək vacibdir. Çünki uşaqlara nəyisə qadağan etmək, onların əks-reaksiyasına səbəb olur, eyni zamanda, onlar sizdən kömək istəməyə çəkinə bilər. Bunun əvəzinə, onları sizinlə işbirliyinə dəvət edin.

Hansımız səhv etməmişik ki? Bəyəm bizə valideynlərimiz nələrisə əvvəlcədən deməmiş, yol göstərməmişdilər? Bu da eyni şeydir. Yadınızdadır, o vaxt valideynlərimizdən kömək istəməyə mane olan şey nə idi? Bəli. Məhz qorxu. Bir də «Axı mən sənə demişdim!» ifadəsini eşitmək qorxusu.

Buna görə də, vurğunu daha çox qayğı və dəstəyin üstünə salın: «Kimsə səni belə bir şeyə məcbur edirsə, şantaj edirsə, bizə deyə bilərsən. Lap sən səhv eləsən və xoşagəlməz vəziyyətə düşsən belə, biz həmişə sənin yanında olacağıq. Biz həmişə səni dəstəkləyəcək və kömək edəcəyik».

Daha böyük uşaqlarla söhbəti belə qura bilərsiniz: «Sənin kiminləsə açıq görüntülərini paylaşmağını istəmirik. Hətta kiməsə çox inanırsansa, yenə də bunu etmə. Bir gün sizin münasibətiniz pozula bilər, ya da rəfiqən-dostun bir gün telefonu itirə bilər. Ona görə də, sənin «sevgini sübut etmə» vasitən belə riskə dəyməz».

Və mütləq əlavə edin: «Kimdənsə açıq görüntülərini tələb etmək o adamı pis vəziyyətə salmaqdır. Heç vaxt bunu etmə!».




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir