Sellofan torbalar

Sellofan torbalar istifadə etmək niyə təhlükəlidir?

Baxış sayı: 220
Əvvəllər daha çox kətan parça, həsir və kağızdan hazırlanan torbaları  bu gün sellofan torbalar əvəz edir. Lakin, yəqin ki, sellofan torbaların fəsadlarından bir çoxları xəbərsizdir.
Elmi  araşdırmalar və  bu sahədə aparılan tədqiqatların nəticələrinə əsasən, kütləvi şəkildə istifadə etdiyimiz sellofan torbalar insan orqanizminə çox böyük zərər vurur. Məhz bu səbəbdən  də bu gün bir çox inkişaf etmiş ölkələr həmin torbaların istifadəsindən imtina edib. Bizdə də isə əksinə olaraq bu torbaların sayı durmadan artır. Hazırda bir çox geyim və aksessuarların satışında kağız torbalardan istifadə edilsə də, supermarketlərdə bu ənənə hələlik formalaşmayıb. Bəs görəsən bu  torbalar hansı xəstəliklərə səbəb olur?
Həkim-terapevt Məlahət Abbasova deyir ki, polietilen torbaların içərisində saxlanılan ərzaq məhsulları həmin torbalarla kimyəvi reaksiyaya girdiyinə görə tez xarab olur: “Məhsul həmin torbalarla  bilavasitə əlaqədə olduğuna görə orqanizmimiz üçün çox təhlükəli hesab olunur. Bu torbaların içərisinə çörək, ət, yağ və digər ərzaq məhsulları qoyulduqda onlar həmin torbalarla kimyəvi reaksiyaya girir. Bu reaksiya kənardan adi gözlə baxdıqda hiss olunmur. Tərkibində çoxlu sayda kimyəvi birləşmələr olan bu torbalardan nə qədər çox istifadə olunarsa, təhlükə riski də bir o qədər  artır. Onların gələcəkdə insan orqanizminə  hansı ziyanları vuracağı isə tam bəlli deyil. Adətən bu torbalar orqanizmdə müxtəlif xəstəliklərin təməlini qoyur. Qeyd edim ki, polietilen torbalar xüsusilə allergiyası olan insanlar üçün daha təhlükəli hesab olunur. Bunun səbəbi bəlli olmasa da, həmin insanlarda müxtəlif növ fəsadlar özünü büruzə verir. Ona görə də bu cür torbaların istifadəsi nə qədər azalarsa, bir o qədər faydalı olar”.
Həkimin sözlərinə görə, ümumiyyətlə, təbii olmayan hər bir şey insan orqanizminə ziyandır: “Burada təkcə sellofan torbaların adını çəkmək düzgün olmaz. Həmçinin plastik qab-qacaq, süni qida məhsulları da bu  qəbildəndir. Əvvəllər təmiz kətandan paltar geyinilər, ipək şallar örtülərdi. Həmçinin ayaqqabılar da təmiz dəridən hazırlanırdı. Ona görə də əvvəllər bu gün aktual olan bir çox xəstəliklərə ümumiyyətlə rast gəlinmirdi. İndiki dövrdə yeməklərin tərkibi də müxtəlif qatqılardan ibarətdir. Qeyd edim ki, süni qida vasitələri, plastik qablar,  sellofan torbalar ilk olaraq insan orqanizmində müxtəlif allergik xəstəliklərin  yaranmasına və artmasına səbəb olur. Bundan başqa, həmin torbalar mədə-bağırsaq sistemində də  müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu gün səbəbi bilinməyən təngnəfəslik, astma, müxtəlif bronxial xəstəliklər geniş yayılıb. Əslində bu sadaladıqlarım da allergik xəstəliklər hesab olunur. Bundan başqa, müxtəlif boğulma faktları, öskürək artmağa başlayıb. Yəqin ki, yediyimiz qidaların və işlətdiyimiz sellofan torbaların burada rolu böyükdür. Çünki polietilen torbaların tərkibi qida məhsulları ilə reaksiyaya girir. Bu qida məhsullarını qəbul etdikdə isə müxtəlif formada  fəsadlar özünü büruzə verir. Xüsusilə əgər evdə azyaşlı uşaq varsa, bu kimi amillərə daha çox diqqət yetirilməlidir. Bunun qarşısını almaq üçün insanlarla maarifləndirmə işi aparılmalıdır.  Yaxşı olardı ki, daha çox gənc valideynlərə bu haqda məlumatlar verilsin. Güclü təbliğat işi aparılmalıdır ki, valideynlər başa düşsün ki, övladları təhlükə qarşısındadır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, hazırda bu sahədə müxtəlif problemlər mövcuddur: “Bu gün bir çox dünya ölkələrində bu torbaların istifadəsindən imtina edilib. Lakin keçmiş MDB məkanında, Rusiyada, Ukraynada, Azərbaycanda çox nazik sellofan torbalar hələ də satılır. Azərbaycanda supermarket sahibləri elə başa düşür ki, bu torbalarla istehlakçılara yüksək səviyyədə xidmət göstərirlər. Əslində bu torbalar ətraf mühiti və ekologiyanı sürətlə çirkləndirir. Həmçinin bu torbaları yandırdıqda havaya qaz buraxılır. Bu sahədə bu gün Azərbaycanda müxtəlif problemlər mövcuddur. Təxminən 4 ildir ki, bu məsələlərlə bağlı xüsusi komissiya fəaliyyət göstərir. Qeyd edim ki, Azad İstehlakçılar Birliyi də bu komissiyanın üzvüdür”.
E.Hüseynovun sözlərinə görə, sözügedən komissiya əsasən tullantıların idarə olunması işini həyata keçirməklə məşğul olur: “Əsas məqsəd Azərbaycanda polietilen torbalardan tamamilə imtinaya nail olmaqdır. Hətta sırf bu məqsədlə Azad İstehlakçılar Birliyinin həyata keçirdiyi  bir neçə layihə də var. Misal üçün, çalışırıq ki, köhnə bazar torbalarının yenidən istifadəsinə nail olaq. Sellofan torbalar istehlakçılara daha  baha qiymətə satılmalıdır ki, bu torbalardan az istifadə olunsun. Bu sahədə müxtəlif maarifləndirmə işi də aparılır. Həmin torbaların yandırılması, kompakt şəkildə toplanması istiqamətində işlər aparırıq. Lakin iri supermarketlərdə bu torbalardan geniş şəkildə istifadə olunduğuna görə onların istifadəsinin qarşısı tam şəkildə alına bilmir. Bir sıra geyim dükanlarında artıq kağız torbalardan istifadə olunur. Bu, çox yaxşı haldır. Çalışırıq ki, bu ənənə supermarketlərdə də davam etdirilsin”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir