tv

Serial asılılığının fəsadları – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 1. 210

Seriallar əsasən qadınların həyatının ayrılmaz hissəsinə çevrilib. Qadınlar yalnız seriallara baxmaqla kifayətlənmir, onları gerçək həyat hadisələri kimi müzakirə edir, özünü serial qəhrəmanlarına oxşatmağa çalışır, evlilik həyatında belə seriallardakı süjetlərin təkrarlanmasını axtarır. Psixoloqların fikrincə, serial asılılığı insanlarda real həyatdan uzaqlaşmaq istəyi, ruh düşkünlüyü, passivlik yaradır. Xüsusilə də uşaqlar üçün serialların zərəri çoxdur.

Psixoloq Aydan Nəzərovanın sözlərinə görə, indiki zamanda qadınlar arasında serial asılılığı geniş yayılıb: “Bir çox seriallar var ki, mənasızdır, boş-boşuna çəkilib və insanların zamanını alır. Serialların mənfi tərəflərindən biri odur ki, seriallara baxdıqca insanlar passivləşir, oturaq həyata meylli olur. Təsəvvür edin ki, bir saat, saat yarım seriala baxdıqca bizim beynimizə yığılan informasiya bir həftə ərzində təmizlənir. Bəzən bir-birinin ardınca davamlı seriallara baxanlar var. Bu, yetkin insanlara aiddir. Təəssüf ki, uşağımızla birgə oturub serialları izləyirik. Görün, bizim övladlarımızın beyni nələrlə dolur? Uşaqlar lazımsız məlumatlarla yüklənir, düzgün olmayan davranış modellərini mənimsəyirlər”.

A.Nəzərova qeyd edir ki, seriallar insanı təsir altına salır. Dediyinə görə, bəzi qadınlar seriala baxır və ordakı bir qəhrəmanı özünə kumir, ideal bir insan xarakteri kimi götürür, həyatını ona bənzətməyə çalışır. Nə qədər qəribə olsa da, serialda gördüyü uydurma həyat ssenarisini öz həyatında da yaşamaq uğrunda mübarizə aparır. “Təəssüf ki, bu məsələdə öz mövqeyinə çatan qadınlar da olur. Həyat tərzi seriala yansımamalıdır. Düzdür, bəzi serialların başlanğıcında və ya serial bitəndə yazılır ki, həyatda yaşananlara, real faktlara əsaslanaraq çəkilib. Real həyatdan götürülsə də, şişirtmə çox olur. Həm də serialı axıra kimi izləyib nəticə çıxarmalıyıq ki, burada söhbət nədən gedirdi, mənası nə idi, serial nəyi öyrədir? “Mən də baş qəhrəmanın yaşadığı dramları, macəraları yaşamaq istəyirəm” kimi yanaşma olmamalıdır”.

Psixoloqun dediyinə görə, təsir altına salmaqdan savayı seriallar vaxtımızı alır, uşaqla zaman keçirə bilmirik, uşağın dərslərinə kömək edə bilmirik, ev işlərimiz qalır, ailə üzvləri ilə real ünsiyyəti azaldırıq, fərqini hiss etmədən ekranda yaşamağa başlayırıq: “Seriala çox baxdığımız üçün emosional sferamız pozulur, əsəbi, aqressiv oluruq.

Uşaqların hər yaşına uyğun filmləri, verilişləri izləmə məhdudiyyəti var. Bizim övladımızın təxəyyülü tam formalaşmayıbsa, filmi anlamırsa, onu serialın qarşısında oturtmamalıyıq. 11-12 yaşında qızlarımız var ki, sevgi-məhəbbətdən bəhs edən seriallara baxırlar. Buna etiraz etməyən valdeynlər çoxdur. Yaşlarına uyğun olmayan seriallara baxmaq onlarda erkən oyanma ilə nəticələnir. Təəssüflər olsun ki, bunun sonu yaxşı nəticələnməyən hadisələr daha çox olur. Hər hansı filmə, seriala baxırıqsa, buna övladımızın baxması hələ erkəndirsə, onun yanında baxmamalıyıq. Bu kimi qaydalara riayət olunmalıdır ki, gələcəkdə övladımızın sağlam psixologiya ilə böyüyəcəyinə təminat verək”.

Nəzərova əlavə edir ki, serialların mənfi tərəfləri ilə yanaşı müsbət tərəfləri də var: “Bəzi seriallar var ki, ordan ibrət götürülür. Elə seriallar var ki, orada qadınlara qarşı şiddət, zorakılıq pislənir, bəzilərində ataların övladlarına qarşı qayğısı, sevgisi vurğulanır. Və yaxud ailəni necə düzgün tərbiyə etməyin lazım olduğu göstərilir. Vaxtımızı əyləncəli keçirmək, dincəlmək üçün seriallara baxırıq. Həm Azərbaycan, həm türk, həm də digər xarici ölkə serialları arasında bizim və yaxud övladlarımız üçün gərəkli mövzularda çəkilən seriallar da var. Biz özümüz və ya övladlarımızın izləməsi üçün serial seçəndə ilk növbədə özümüzə sual verməliyik ki, bu serial hansı mənanı aşılayır”.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir