tv

Seriallar gündəlik həyatımıza necə təsir edir?

Baxış sayı: 1. 401

Əsasən axşamlar insanlar seriallara baxır, sonra gördükləri hadisələri, obrazları gerçək həyat hekayətlərindən daha çoz müzakirə edirlər. Psixoloqların fikrincə, serial asılılığının müsbət və mənfi tərəfləri vardır. Adətən seriala baxarkən insanlar baş verən əhvalatları öz həyatları ilə müqayisə edir, müxtəlif problemli vəziyyətlərdə necə hərəkət edəcəklərini, düzgünmü yaşadıqlarını belə, düşünürlər.

Psixoloq Ruhiyyə Rüstəmova bildirir ki, müasir həyatda müxtəlif yaş dövründə fərqli xarakterli insanlar həyatda problemlərilə üzləşərkən bunların həlli yolunu müxtəlif yollarda görürlər: “Məsələn, gənclər problemlərinin həlli yolunu daha çox əyləncədə görür. Ya dostları ilə görüşərlər və yaxud özünə qapanmağı seçə bilərlər. Yaşlı təbəqəni götürdükdə onlar əyləncədən daha çox öz aralarında ünsiyyət quraraq, ya da daha çox televiziya önündə öz həyatlarında baş vermiş problemlərin hansısa kiçik epizodlarını görüb müqayisə edərək problemlərinin həlli yollarını axtarırlar. Bu baxımdan serialların insanların həyatına təsirinin müsbət və mənfi tərəfləri olur. Ümumiyyətlə, insanların seriallara bağlılığı onların öz həyat tərzləri ilə uzlaşmasından asılıdır. Bəzən yaşlı insanlar öz keçmişlərində gördükləri hadisələri serialdakı epizodlarla müqayisə edir və gənclərə hansısa hadisəni nümunə göstərərək onları düzgün istiqamətləndirməyə çalışırlar. Gənclərsə sevgi mövzusunda olan, həyatda düşdükləri problemli halları serialda görərək psixoloji cəhətdən öz həyatı ilə uyğunlaşdırır, müqayisə edir və çözüm tapmağa çalışırlar”.

R.Rüstəmova diqqətə çatdırır ki, bəzən serialda düzgün olmayan analiz nəticəsində əldə edilmiş problemin cavabı gəncə və yaxud istənilən yaşda olan insana yanlış yol göstərə bilər: “Psixoloqun dediyinə görə, seriallara baxmağın müsbət cəhəti isə insanın seriala baxaraq düz nəticə çıxara bilməsidir. Ola bilsin ki, insan həyatda hansısa səhvi edir, düzgün seçim edə bilmir, problemlərlə üzləşib və bunun həlli yollarını seriala baxaraq tapa bilir. Bir növ serialdan sanki məsləhət alır. Səhv yoldan düzgün yola yönlənir. Bir çox problemlərinin həllini seriala baxaraq tapan insanlar olur”.

Rüstəmova qeyd edir ki, serial seçimində qadın və kişilərin zövqü fərqlənir: “İşgüzar və evdar qadınlar, gənc qızlar, yaşlı təbəqənin nümayəndləri olan qadınlar daha çox ailə-məişət münasibətlərinin həllini, müxətlif həyat situasiyalarında düzgün davranış qaydalarını göstərən, tərbiyəvi mövzuda olan seriallara baxmağa üstünlük verirlər. İnsanlar bəzən seriallarda öz xəyallarını tapırlar. Serialda özlərinin düşdüyü oxşar hadisələri, sevgi macəralarını, ailə dramlarını görür və düzgün nəticə çıxarmağa cəhd edirlər”.

Kişilərin hansı seriallara baxdığına gəlincə, Rüstəmova bildirir ki, onlar serial seçərkən romantik, ailə-məişət problemlərindən danışan seriallara baxmırlar: “Daha çox siyasi, tarixi mövzuda olan seriallara maraq göstərirlər”.

Psixoloq uşaqların böyüklərlə birgə oturub seriallara baxmağını təəssüflə qarşılayır: “Uşaqların gecə saatlarında böyüklərlə birgə televiziya qarşısında qalması çox yanlışdır. Çünki artıq uşaq yaşından özünün yaşına uyğun olmayan mövzuları analiz etməsi, müsbət və ya mənfi tərəfləri barədə düşünməsi uşağın psixikasına, gələcəkdə cəmiyyətdə özünü idarə etməsinə, əlbətdə ki, böyük təsir göstərir. Çünki yaşına uyğun olmayan seriallara baxıb çıxartdığı nəticənin necə gerçəkləşdirilməsi, cəmiyyətdə bunları hansı yol ilə tətbiq etməsi məlum deyil. Uşaqlar seriallarda böyüklərə aid epizodları görüb yanlış qərarlar verə bilərlər. Bu baxımdan valideynlər azyaşlı uşaqlarla onların yaş səviyyəsinə uyğun olmayan seriallara baxmamalıdırlar. Uşaqları daha çox nağıllara, mənalı, gözəl cizgi filmlərinə yönəltməlidirlər. Uşaqlar gələcəkdə insanın formalaşmasına müsbət təsir göstərəcək öz yaşına uyğun veriliş, cizgi filmləri, kinolara baxmalıdır. Psixoloqların məsləhəti ilə uşaqların yaşına uyğun çəkilmiş seriallar olsaydı, çox yaxşı olardı”.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir