tv

Seriallardakı zorakılıq dəbi

Baxış sayı: 310

Serialları, müxtəlif qətl, qanlı savaş səhnələrini əks etdirən bədii filmləri bu və ya digər formada hər bir insan izləyir. Yaradıcı təxəyyülün məhsulu olan teleserialların zorakılıq səhnələri ilə dolu olması, orada sevilən, diqqət mərkəzində olan müxtəlif personajların rəftarı, aqressiv davranışı, zorakı hərəkətləri sözsüz ki, tamaşaçının psixikasına, düşüncəsinə, sonrakı davranışlarına birbaşa təsir göstərir. Doğrudur, burada əsas hədəf insanların maariflənməsi, asudə vaxtda fəal istirahətdir.

Bu mənada, serialların müsbət təsirləri də yetərincədir. Lakin serial uzun sürən mürəkkəb psixoloji drama çevrildikdə, qətllər, qanlı zorakılıq səhnələri burada aparıcı yer tutduqda onu adətən, ailəvi şəkildə izləyən insanlar bundan çox təsirlənirlər. Bir müddət sonra həmin zorakı hərəkətləri şüuraltı olaraq mənimsəyirlər, qeyri-ixtiyari olaraq, aqressiv davranışa meyllənirlər.

Nail Cəlil

Bu barədə danışan sosioloq Nail Cəlil bildirir ki, hazırda medianın təsnifatı kütləvi kommunikasiya, internet texnologiyalarının inkişafı nəticəsində kifayət qədər genişlənsə də, televiziya daha çox izlənilən, aparıcı kütləvi informasiya, maarifləndirmə və əyləncə vasitəsi olaraq qalır: “Serial xəstəliyi sosioloji və psixoloji tədqiqatlarda çox vaxt “Verter sindromu” kimi tanınır. Bu mənada, teleserialların tamaşaçılara, izləyicilərə kütləvi təsiri olduqca böyükdür. Sosial-psixoloji baxımdan, onun insanlara təsiri fərqli və bir qədər ziddiyyətlidir. Seriallarda cərəyan edən hadisələrdən, gündəmə gətirilən məsələlərin bədii həllindən həm yaxşı, həm də pis nümunə götürənlər olur. Yəni, efirdə canlandırılan bədii hadisədən kimsə ibrət ala, özünü islah edə, başqa birisi serial qəhrəmanın “qəhrəmanlığını” doğru həll yolu sayaraq, ağır cinayət törədə bilər. Məsələn, bir neçə il əvvəl çox məşhur olan “Qurdlar vadisi” serialı bütün müsbət mesajları ilə yanaşı, zorakılığı, şiddəti təşviq edən deviant qrupların çoxalmasına yol açmışdı. İnsanlar həmin serialların obrazlarını bəyəndikləri üçün eyni tərzdə hərəkət edirdilər, xəyallarında olanı həqiqətə çevirməyə çalışırdılar. Bu serialın təsiri ilə Azərbaycan teleməkanında yer alan və bənzər səhnələrlə zəngin olan bir neçə serial çəkilib. Başqa sözlə, son illərdə formalaşan milli teleserial industriyasında Qərb və bəzi Türkiyə seriallarından əks olunan “zorakılıq dəbi” davam edir”.

Ekspert deyir ki, əslində, ən ideal ailədə, yüksək rifahlı cəmiyyətdə belə müəyyən ziddiyyətlər, münaqişələr olur. Lakin belə hadisələr kiçik istisnalarla Azərbaycan cəmiyyətində heç vaxt güc nümayişi, ailədə həyat yoldaşına şiddət göstərmək – xüsusən, bıçaq, balta, odlu silah tətbiqi ilə müşayiət olunmayıb. İndi isə həm kişilər, həm də qadınlar qarşı tərəfə çox vaxt dözümsüz yanaşırlar, şiddətə, zorakılığın müxtəlif formalarına əl atırlar. Bu mənada, ailədaxili zorakılıq hallarının, eləcə boşanmaların sayının kəskin artması müşahidə edilir. Burada obyektiv faktorlardan biri pandemiya amili – insanların məcburən evə qapanması, məcburən televiziya qarşısında daha çox əyləşmələri, ümumi panika, maddi-məişət problemləri səbəbindən gərgin olmalarıdır:

“İkinci mühim səbəb, sosial informasiya stresi ilə bağlıdır. Texnologiyaların, internetin inkişafı nəticəsində insanlar əvvəllər təsəvvür belə edilməyən informasiya bolluğuna düşürlər, daha çox məlumatlı olmaq və diqqət mərkəzinə düşmək, özünü təsdiqləmək, uğur qazanmaq istəyirlər. Bu səbəbdən, fərqli, ziddiyyətli, toqquşan məlumatların, müxtəlif fikirlərin təsiri altında daha çox münaqişə girirlər, gərginlik, narahatlıq, stress yaşayırlar”.

Milli teleserialların çəkilməsi və yayılması məsələsi gündəmə gələndə hamı milli-mənəvi dəyərlərə, ənənəvi Azərbaycan ailəsi modelinə müsbət, pozitiv dönüşün olacağını gözləyirdi. Artıq illər keçib, ancaq belə gözləntilərin reallaşdığını, özünü doğrultduğunu söyləmək mümkün deyil.

Ekspertin fikrincə, əksinə, bizim seriallarımız bəzi məqamlara, məsələn, zorakı, gərgin, həddən artıq vulqar, bayağı səhnələrin həcminə, sayına görə, Qərb teleseriallarını çoxdan “ötüb keçib”. Ailə-məişət zəminində baş verən münaqişələrin, zorakılığın artmasının bir səbəbi də budur. Üçüncü təzadlı məqam ondan ibarətdir ki, belə seriallarda yüksək təbəqənin, varlıların həyatı daha çox təbliğ olunur, bəzən onların ağayana, zorakı davranışına, yaxın və uzaq ətrafına sərt münasibət göstərməsinə müxtəlif vasitələrlə sanki haqq qazandırılır. Bu, insanların əhəmiyyətli qismində, xüsusən, həssas böhran qruplarında asan qazancla varlanmaq, komfortla yaşamaq arzusu yaradır. Bu, ailələrdə qarşılıqlı tələblərin artmasına, hətta inamsızlığın yaranmasına səbəb olur.

“Hesab edirəm ki, bu və digər səbəblərdən teleseriallar çəkilib yayımlanarkən onların yarada biləcəyi yanlış stereotipləri, mənfi qıcıqlar yarada biləcək subliminal mesajları neytrallaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Seriallar bir sıra hallarda rahat, komfort həyatı təbliğ edir. Hətta xəyanət, ikili həyat tərzi, həyat yoldaşı ilə hesablaşmamaq bəzən adi hal, norma kimi qəbul olunur. Elə olur ki, bir neçə dəfə ailə qurmaq, bir neçə dəfə ailə qurub, ayrılıb sonda öz “sevgilisinə qovuşmaq” xoşbəxtlik, nümunə, dəyər kimi təqdim olunur. Təbii ki, bütün bunlar insanların psixi sağlamlığına çox mənfi təsir göstərir, onların normal, adekvat davranışını pozur” – deyə sosioloq əlavə etdi.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir