sevgi

Sevdiyiniz şəxsdə xəstəlik aşkarlansa, nikaha girməkdən imtina edərsiniz? – POLEMİKA

Baxış sayı: 1. 788
Evlilik uzun və çətin bir yoldur. Bu yolda özünüzə həyat yoldaşı kimi seçdiyiniz insanın sizə yar olması, ailə yolunda əlinizi buraxmaması gözlənilən və arzu ediləndir. Təkcə sevgi ailə həyatını sağlam davam etdirmək üçün əlbəttə ki, kifayət etmir. Qarşılıqlı sədaqət, hörmət, dəyərləndirmə ailə üçün çox vacib amillərdir. Cütlüklərin fiziki sağlamlığı da təbii ki, önəmlidir. Bu cəhətlərin hamısı bir yerdə cəmləşdikdə, ailənin sağlam və uzun ömürlü olması ehtimalı yüksəkdir.
Son zamanlar “Nikaha daxil olmaq istəyənlərdə QİÇS aşkarlandı” başlıqlı xəbərlərə çox rast gəlirik. Hətta bu cür xəstəliklər aşkarlandıqda, nikah bağlamaqdan imtina edənlər də olur. Bu dəfə gənclərlə bu mövzunu müzakirə etdik. Sevdiyiniz şəxsdə xəstəlik aşkarlansa, nikaha girməkdən imtina edərsiniz?
“Tibbi müayinənin nəticələrinə önəm verməyib evlənənlər də olur”
Elnur Qurbanlı – Astara İdman və gənclər idarəsində baş məsləhətçi: 
Elnur deyir ki, dünyaya xəstə bir uşaq gətirmək insan vicdanına sığmaz: “Bu, son dövrlərin aktual məsələsidir. Mənə görə, dünyada ən abstrakt və eyni zamanda olmazsa-olmaz dediyim duyğu məhəbbətdir. Gənclər bu gün sevgini çox dəyişkən, sürətli və çevik formada yaşayırlar. Nəzərə alsaq ki cəmiyyətdə xəstəliklərin sayı və növləri günü-gündən artır, deməli, bu sahəyə diqqətin artırılması prioritet məsələyə çevrilir. Çox yaxşı addımdır ki, iki şəxs nikaha daxil olmamışdan əvvəl tibbi yoxlanışdan keçir. Amma elə problemlərin ilkin başlanğıcı da bu olur. Belə ki, yoxlanış zamanı cütlüklərdən birində hər hansı xəstəlik aşkar olunarsa, onlar iki seçim arasında qalırlar: sevgi, yoxsa məntiq? Təbii ki, sevdiyin insanla çıxdığın bu ömür yoluna davam etmək məhəbbətin göstəricisidir. Lakin məntiqi cəhətdən düzgün deyil. Çünki dünyaya xəstə bir uşaq gətirmək insan vicdanına sığmaz. Bu zaman məntiqli addım ataraq müalicə almaq lazımdır. Əgər sağlamlıq bərpa olunarsa, evlənmək olar. Əks halda, məcburən bu sevgidən uzaqlaşmaq daha məqsədəuyğun olar”.
Müsahibimiz qeyd edir ki, ailə qurmamışdan öncə mütləq tibbi müayinədən keçmək və bunu qarşı tərəfdən gizlətməmək lazımdır: “Çünki bəzən görürük ki, tibbi müayinənin nəticələrinə önəm verməyib evlənənlər də olur. Düşünürəm ki, keçici virus daşıyıcısı olan şəxsə heç olmasa, bir müddət evlənmək qadağası qoyulsun. Bu halda aiddiyyatı qurumlar məsələyə müdaxilə etsə, yaxşı olar. Təbii ki, heç kimin evlənmək hüququnu əlindən almaq olmaz, amma bir müddət profilaktik tədbirlərin görülməsinə ehtiyac var”.
“Tək sevgi ilə xoşbəxt olmaq olmur”
Hicranə İsmayılova – tələbə
Hicranəyə görə, sevgi hər zaman qalib gəlmir: “Mənə görə, evlənmək yalnız iki şəxsin bir-birini sevməsi ilə reallaşmır. Ortaq məqsəd var – ailə olmaq. Əgər xəstəlik övlad sahibi, ailə olmağa imkan verməyəcəksə, çox çətin olsa belə, evlənməkdən imtina edərəm. Çünki arada nə qədər sevgi olsa belə, verilən qərar hər iki tərəf üçün bir müddətdən sonra peşmanlıqla nəticələnə bilər. Bizim düşündüyümüz kimi, sevgi hər zaman qalib gələ bilmir. Problemlər yavaş-yavaş baş qaldırdığı vaxt sevgini məyusluq, peşmanlıq hissləri əvəz edir. Sevgi çarpışır qələbə üçün, ancaq gücü çatmır. Tək sevgi ilə xoşbəxt olmaq olmur. Sevgi üçün çox şeyin üstündən xətt çəkə bilərsən, ancaq bu xətt çəkdiklərini qəbul etmək asan iş deyil”.
Müsahibimiz deyir ki, problem qarşı tərəfdə yox, onun özündə də olsa, bir saniyə belə itirmədən münasibəti sonlandırar: “Öz xoşbəxtliyim üçün qarşımdakı insanın öz xoşbəxtliyindən imtina etməyinə dözə bilmərəm, buna razı olmaram. Bu məqamda hisslərlə yox, ağılla hərəkət etmək lazımdır. Təbii ki, əgər xəstəliyin çarəsi varsa, zaman lazımdırsa, onunla birgə sona qədər mübarizə apararam. Ancaq mənim başıma bu hal gəlsə, illər lazım olsa, istəmərəm ki, yanımdakı insan mənimlə birgə mübarizə aparsın”.
“Xəstəlikdə məni tək qoyacaqsa, insanlıqdan uzaqdır”
Aynur Osmanqızı – jurnalist
Aynur bildirir ki, həyat prinsipinə uyğun olaraq öncə həmin şeyin əksini fikirləşir, “mən olsam, məndə olsa, mən eləsəm, mənim başıma gəlsə” kimi suallara cavab tapmağa çalışır: “Əgər özümdə xəstəlik çıxsa, mənimlə evlənəcək olan insanın necə hərəkət etməsini istədiyimi özüm üçün müəyyənləşdirərəm. Əgər xəstəliyim keçici, sevdiyim şəxsə ziyan vuran bir şeydirsə, təbii ki, heç onun məni qəbul etməyini özüm istəmərəm. Yəni, onun hansısa qərar verməyini gözləməyə ehtiyac qalmaz. Olmaz! Mən sevdiklərimin heç birinə zərrə qədər ziyan vura bilmərəm, əgər yanlarında olmağım onlara zərərdirsə, qoy uzaqda olum, amma onlar sağ olsun, yaxşı olsun. “Evlənməməlisənsə, düşmən olmalısan” deyə bir şey yoxdur, keçici xəstəlik aşkarlanıbsa, evlilik söhbətini bağlayıb dost da qalmaq olar. İstənilən halda yanımda ola bilər. Hadisələrə soyuqqanlı yanaşmaq lazımdır.
Yox müalicə, dəstək ilə sağalacaq bir xəstəlik aşkarlanıbsa, mənə dəstək olmağını, yanımda olmağını istəyərdim. Çünki mən də ona qarşı eyni şeyi edərəm. Hər hansı xəstəlikdə, çətinlikdə məni tək qoyan insan ümumiyyətlə insanlıqdan uzaqdır”.
Müsahibimiz qeyd edir ki, heç kim xəstəliklərdən sığortalanmayıb, amma heç kimin də öz eqosu üçün başqasının həyatını məhv etməyə ixtiyarı yoxdur: “Heç bir halda vaz keçmərəm, bəs sevgi?” – deyənlərə isə deyirəm ki, sevdiyini incidə, ona hansısa xəstəliyi keçirə biləcək gücünüz varsa (və ya əksinə, qarşı tərəf bu qərardadırsa), bu, sevgi deyil, elə indidən vaz keçin. Sevgi sevdiyini göz bəbəyin kimi qorumaqdır. Hətta o, yaxşı, sağlam, xoşbəxt olsun, yaşasın deyə, ondan vaz keçə bilməkdir. Sevdiklərinizi qoruyun, hətta özünüzdən də qoruyun”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir