Hər bir insan müəyyən yaş dövrünə çatdıqdan sonra öz yarını axtarır və onunla həyatını birləşdirmək istəyir. Təbii olaraq hər kəs xoşbəxt olmaq, hüzur içində yaşamaq ümidi ilə ailə qurur. Bu xoşbəxtlik hamıya qismət olmur. Kimisi bunu qismətə, kimisi də düzgün seçimə bağlayır. İnsanların bəziləri valideynin müdaxiləsi və seçimi ilə, bəziləri valideyn razılığı olmasa belə, öz sevdikləri insanla ailə qururlar.

Müşahidələr göstərir ki, son yüz ildə təhsilli və işləyən qadınların sayının artması sevib-evlənmə hallarının da artmasına səbəb olub. İndi qızların çoxu əvvəlki kimi valideynlərin razılığı,uzaqdan görüb-bəyənmə ilə ərə getmir. Əksəriyyəti sevdikləri, könül verdikləri insanla həyatını birləşdirə bilir. Düzdür, ailə dolayı yolla da olsa seçimə müdaxilə edir, fikir bildirir. Belə ki, bizim cəmiyyətin valideynlərində adətən bu fikir formalaşıb: “Bir ömürboyu onunla sən bir yerdə yaşayacaqsan, qərar vermədən özün fikirləş”. Yəni valideyn bütün məsuliyyəti övladının çiyninə yükləyir. Həmin ailə uğursuz olanda isə övlad seçimi yanlış etməkdə günahlandırılır.
Bu gün cəmiyyətimizdə zorla evləndirilən, hətta tanımadığı birisi ilə ailə həyatı qurmağa məcbur edilən gənclər də var. Əksər hallarda, bu hansısa vəzifəli və imkanlı bir şəxslə qohum olmaq, onun imkanlarından bəhrələnmək istəyən valideynlərin günahı ucbatından olur. Yəni, övladlarının xoşbəxtliyi üzərində özlərinə karyera qurmaq istəyən, rahat həyat yaşamaq istəyən valideynlər də az deyil. Etiraf edək ki, cəmiyyətimizdə maddi vəziyyətini düzəltmək üçün maddi imkanı yaxşı olan ailədən qız almaq arzusunda olan gənclər də az deyil. Aramızda elə insanlar var ki, evlənəndə sevgi, eşq, məhəbbət kimi məsələlərə görə evlənmir, sadəcə “evlənmək xatirinə” evlənirlər. Bəzən “məntiq evliliyi” dediyimiz evliliklər də mümkündür. Bu zaman evlənənlər bir-birinin sosial vəziyyətinə, olduğu mövqeyə və yaxud da digər göstəricilərə görə evlənirlər. Bəzi kişilər də var ki, gələcək uşaqlarını yaxşı tərbiyə edə biləcək qadın axtarır, bəzi kişilər bir ömür boyu güvənəcəyi, sirdaş olacağı qadın axtarır, bəzi kişilər isə ömür boyu aşiq ola biləcəyi bir qadınla evlənmək istəyirlər. Yenə də yüzillərdir ki, insanlar bir suala cavab axtarır: ailənin uzun müddətli olması üçün sevib evlənmək lazımdır, yoxsa başqa məqamlar var? Bəzən sevərək qurulan  ailələr də uğursuz olur. Mütəxəssislər bildirirlər ki, sağlam bir ailə həyatı yaşaya bilmək üçün ruh əkizimizi, yarımızı tapmağımız olduqca əhəmiyyətlidir. Gələcək həyat yoldaşımızla eyni şeylərdən zövq almasaq, oxşar zövqlərə sahib olmasaq, onda bu bizim ailə həyatımıza da təsir edəcək. Zamanla kiçik uyğunsuzluqlar böyüyəcək, ailədə narazılıqlar yaradacaq. Narazılıqlar isə getdikcə böyüyəcək, ailədaxili münaqişə yaradacaq. Doğru seçilməyən həyat yoldaşı ilə ən sonunda yolumuz məhkəmədə ayrılacaq.

Mütəxəssislər onu da vurğulayırlar ki, ilk növbədə sevgi münasibətləri ilə ailə münasibətlərinin çox fərqli olduğunu anlamaq lazımdır. Ailədə ən vacib nöqtə “cütlük” ola bilməkdir. Evlilik uzun və çətin bir yoldur. Bu yolda özünüzə həyat yoldaşı kimi seçdiyiniz insanın sizə yar olması, ailə yolunda əlinizi buraxmaması gözlənilən və arzu ediləndir. Təkcə sevgi ilə ailəni sağlam davam etdirmək əlbəttə ki, kifayət etmir. Sədaqət, hörmət, dəyər, qarşılıqlı fərdi yanaşma ailə üçün çox vacib amillərdir. Bu kombinasiyaların hamısı bir yerdə olduqda ailənin sağlam olması ehtimalı yüksəkdir.  Buna görə də fərdlərin özlərini tanıması çox vacibdir, öz ehtiyac və istəklərini yaxşı bilməli və paylaşmalıdırlar. Tanışolma müddətində qarşı tərəfi itirmək və ya düzgün başa düşülməmək qorxusu olduğu üçün bu istəklər çox zaman gizlədilir. Ailə qurduqdan sonra cütlüklər təbii həyatlarına qayıtdıqda bu ehtiyac və istəklər ortaya çıxır, beləliklə də münaqişə başlayır. Evlilikdən əvvəl insanlar beyinlərində “ideal həyat yoldaşı” profilini təyin edib həmin insanı axtarırlar. Bu ideal həyat yoldaşı profilində çox yüksək gözləntilər ortaya çıxır. Qarşınızdakı insan da eyni gözləntilərlə yola çıxıb. Bunlar həqiqi olmayan və evlilikləri yoran gözləntilərdir. Məntiqi evlilik də ailə qurmaq üçün kifayət deyil. Gənclər özləri üçün bəzi kriteriyalar təyin edir: varlı olsun, diplomu olsun, yaraşıqlı olsun, romantik olsun və s. Evlilik düşünüldüyündən daha qarışıq bir müddətdir və evliliyin riyaziyyatı yoxdur. Beş kriteriyadan dördü olan insanla çox bədbəxt və ya beş kriteriyadan biri olan insanla çox xoşbəxt yaşamaq olar.

Sağlam evlilikdə sevgi olmalıdır. Bu zaman cütlüklər bir-birinə qarşı məsuliyyət daşıdıqlarının fərqində olurlar. Sevgi bir müddət keçdikdən sonra yerini daha davamlı və sağlam olan məhəbbətə verir. Evlilik bir səyahətdir. Bu səyahətdə fırtınalar da ola bilər, gözəl günlər də. Buna görə də münasibətdə həm də yaxşı işbirliyi qurmaq lazımdır. Yaxşı bir işbirliyinin qurulması üçünsə şəxsiyyət uyğunlaşması, evlilik bacarıqları və yetkin olmağı inkişaf etdirmək lazımdır, vacib olan “Biz” ola bilməkdir. Yəni hər iki fərdin öz fərdiliyini yaşaya bildiyi, eyni zamanda həyat yoldaşı olaraq məsuliyyətlərini yerinə yetirdiyi evliliklər sağlam formada davam edir. Vacib olan məntiq və ya sevgi üzərində deyil, həqiqi və sağlam evliliyə imza atmaqdır.

sevgi

Məsələyə münasibət bildirən psixoloq Elnur Rüstəmov hesab edir ki, uğurlu ailə üçün tərəflərin bir-birinə qarşı hansısa hissi olması şərtdir:

“Gözəlliyə, sevgiyə istinad edib evlənmək heç də uğurlu seçim deyil. Gözəlliyin də bir müddəti var. Tutaq ki, ən gözəl xanımla ailə qurdun, iki gündən sonra onun gözəlliyi yox, davranışı sənə daha çox təsir göstərəcək. Müəyyən məntiqi yanaşma da olmalıdır. İnsan nə üçün evləndiyini bilməlidir. Bu gün həm də psixoloji problemlərin miqyası artıb. Bunu da nəzərə almaq lazımdır. Tutaq ki, evlənməkdən qorxan insanlar, xanımlar var. Bunun içində evlənmək qorxusu, “azadlığım əlimdən alınacaq” düşüncəsi var, eləcə də oğlanlarda. Digər tərəfdən, kişinin qadın obrazında öz anasının, xanımın kişi obrazında isə atasının ştrixləri var. Tam olmasa da, müəyyən qismi var. Münasibət pis ola, yaxud hansısa mübahisələr yaşana bilər. Biz hər zaman tövsiyə edirik ki, o obrazı dağıtmayın. Kişi obrazı dağılmamalıdır, yoxsa qadının güvəni sarsılır. Qadın kiməsə güvənmək istəyir. Eyni zamanda da qadın kişidə qadın obrazını dağıtmamalıdı. Nəyə görə obraz deyirəm? Var sevgi obrazı, var sevginin özü. Mövlana deyir: mən səni yox, sənə olan yolu sevirəm. Sənə qədər olan yolu sevirəm, səni sevmirəm ki. Biz kimisə seviriksə, onun haqqında təsəvvürləri sevirik. Biz özümüzü inandırırıq ki, ən yaxşısı, ən gözəli odur. Sizə tərəf müqabilinizlə bağlı nə isə xoş olmayan bir nünas deyiləndə, “ola bilməz” deyirsiz. Niyə? Beyindəki obraz bunu qəbul etməyəcək. Sevərkən biz reallıqdan uzaqlaşırıq”.

sevgi

Məsələyə münasibət bildirən psixoloq Aida Nəbiyeva isə hesab edir ki, münasibətlərin qarşılıqlı sevgi, anlaşma və qarşılıqlı inam əsnasında qurulmağının tərəfdarıdır:

“Nəyə görə? Bu prinsiplərlə bu maneələri aşmaq olur. Böyük faizlə gənclərin fikirləri önəmlidir, valideynlərin isə məsləhətləri önəmlidir. Bəzən doğrudan da analar-atalar düşünür ki, bu insan filankəsin övladıdırsa, bu da onun kimi yaxşı övladdır, yaxşı insandır və yaxşı həyat yoldaşı olacaq. Amma bəzən genetik amil heç də üst-üstə düşmür və tamam əks bir göstərici olur. Biz dəfələrdə valideyn təəssüfünün belə şahidi olmuşuq. Ona görə də münasibətlərin qarşılıqlı sevgi, anlaşma və qarşılıqlı inam əsnasında qurulmağının tərəfdarıyam”.

sevgi

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bildirib ki, bəzən qızlar tamamilə tanımadığı, özündən yaşca çox böyük birisinə ərə getməyə məcbur edilir:

“Bu zaman qızın və ya qadının arzusu, yaxud hər hansı etirazı nəzərə alınmır. İlkin dövrlərdə belə qızlar öz fantaziyalarında ərlərini reallıqda tanıdıqları oğlan obrazında görməyə çalışırlar. Ümumilikdə məcburi evliliklər qadına qarşı zorakılığa, təcavüzə də gətirib çıxara bilər və sonda boşanma ilə nəticələnər. Bütün hallarda məcburi evlilik insan haqları baxımından yolverilməzdir”.