sevgi

Sevgi, yoxsa valideyn tövsiyəsi əsasında ailə qurmalı?

Baxış sayı: 314

Türkiyəli müğənni İzzət Yıldızxan teleproqramların birində deyib ki, onun qızlarının ər seçmək kimi bir şansları yoxdur. Sitat: “Qızlarımın ər seçmək şansları yoxdur. Mən seçməyəcəyəm, ailələr tanış olacaq. Mənim qızım heç kimlə sevgili ola bilməz. Bunu doğru hesab edirəm. Biri-birilərini tanıyacaqlar, amma onun da bir həddi var. Ailələrin nəzarətində tanıya bilərlər. Gənclər səhv edirlər, daha sonra evliliklər boşanmaqla nəticələnir. Sevgili olduğun vaxt hər şeyi yaşamalı deyilsən. Məsumiyyət olmalıdır, sevgi qorunmalıdır. Keçmişdə olan evliliklərə baxın, boşanma sayı bu qədər idi? Çünki məsumiyyət evliliyi bir ömür davam etdirir”.

Onun bu sözləri sosial şəbəkənin Türkiyə seqmentində fikir ayrılığına səbəb olub. Bəziləri onun haqlı, bəziləri isə haqsız olduğunu yazıblar. Bəs azərbaycanlı ekspertlər bu fikirləri bölüşürmü? Ailənin möhkəmliyində sevgi neçə faiz rol oynayır?

 

Əhməd Qəşəmoğlu: “Valideynlər təcrübəli adamlardır, onların tövsiyələrini qulaqardına vurmaq olmaz”

Mövzu ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu aşağıdakıları dedi: “Hesab edirəm ki, türk sənətçisinin dediklərində böyük həqiqət var. Lakin indiki vəziyyətdə məsələni cəmiyyətdə bu şəkildə tətbiq etmək, ailəni bu cür möhkəmləndirməyə çalışmaq olmaz. Ailələrin möhkəmlənməsi üçün kompleks işlər görülməlidir. Həmin kompleks işlər nəticəsində elə bir vəziyyət yaranmalıdır ki, türk sənətçisinin dediyi həmin model ortaya çıxsın. Lakin qeyd etdiyim kimi, hələlik o model indiki cəmiyyətdə işləmir. İşləsə də o qədər effektli olmayacaq. Bunu üçün uşaqlara hələ kiçik yaşlarından əks cinsə münasibət, əks cinslə münasibətlərin qurulması istiqamətində işlər getməlidir.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: "YER ÜZÜNÜ İNDİKİ AĞIR DURUMDAN TÜRK BİRLİYİ QURTARA BİLƏR"

Ailə məsələlərində hər zaman bir tezisis yadda saxlamalıyıq – ailənin  əsas funksiyaları hansılardır? Necə etməliyik ki, cəmiyyətdə proseslər, cəmiyyətin xarakteri, məzmunu dəyişəndə həmin ailə funksiyaları öz işini yerinə yetirə bilsin? Yəni, ailədə mənəvi mühit, insanların bir-birindən ruhlanması üçün şərait, yeni nəsli böyütmək, ona tərbiyə, təhsil vermək imkanları olmalıdır və sairə. Bu haqda “Ömrün uğurlu bünövrəsi” adlı kitabımda hamısı əks olunub”.

Mütəxəssisin fikrincə, ailə özünün əzəli, müqəddəs funksiyalarını yerinə yetirə bilməsi üçün həm də cəmiyyətin xüsusiyyətlərinə diqqət etməliyik: “Bu xüsusiyyətlər Türkiyədə, Kanadada, Azərbaycanda başqa cür ola bilər. Hətta Bakıda başqa cür, Lerikdə başqa cür ola bilər. Bu məsələyə diqqət etmək lazımdır. İndi qəbirə bir tendensiya yaranıb, gənclərimiz bir-biri ilə yaxından tanış olur, sevgili olur, hətta hər cür məhəbbət sərgüzəştindən çıxır, sonra da fikirləşirlər ki, ailə qursunlar, ya yox. Bu, dağıdıcı modeldir. Əlbəttə ki, gənclər bir-biriləri ilə tanış olmalı, bir-birilərinin xarakterlərindən xəbərdar olmalıdırlar. Lakin burada valideynin də tövsiyəsi bir faktor kimi nəzərə alınmalıdır. Əlbəttə ki, valideyn də çalışır ki, övladı üçün yaxşı namizəd tapsın.

Sevgi elə şeydir ki, bəzən adamı aldadır. Adama elə gəlir ki, bu həqiqi məhəbbətdir. Lakin müəyyən müddətdən sonra bu məhəbbət keçib gedir. Hər halda valideynlər təcrübəli adamlardır və bilirlər ki, kimlər ilə ailə qurmaq olar. Yəni valideynlərin tövsiyələrini qulaqardına vurmaq olmaz, ona ciddi diqqət vermək ehtiyacı var. Elə bir şəxslər ailə qurmalıdır ki, onlarda ümumi maraq çoxdur. Çünki cəmiyyət indi mürəkkəbdir, evlənəndə 10-15 gündən sonra maraqlar artıq rol oynamağa başlayır. Əgər maraqlar eynidirsə, insanlar bir-birindən ilhamlanır, zövq alır, bir-birini sevir. Ailədə bu amillər varsa, həmin ailə davamlı olur. Əks halda nəticə qorxunc olur. Digər tərəfdən ailəni möhkəmləndirən ən əsas amil ailədə mənəvi dəyərlərin öndə olmasıdır. Mənəvi dəyərlər öndə olanda ahəngdar, bu dəyərlər sıxışdırılanda gərgin münasibət yaranır”.

Mehriban Zeynalova: “Karantin dövründə sığınacağa səkkiz məişət zorakılığı qurbanı müraciət edib”

Mehriban Zeynalova: “Hər kəsin seçimi özünə məxsusdur, lakin… ”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə qeyd edir ki, valideynlərin məcburi seçim etməsi doğru deyil: “Hər kəsin seçimi özünə məxsusdur. Lakin valideyn zorla seçim edirsə, bu doğru deyil. Ümumiyyətlə istənilən məsələdə birgə rəy çox uğurlu nəticə verir. Tərəfin biri kənarda qalanda, digərinin təkidi olanda nəticə uğursuz olur.

Təxminən 50-60 il bundan əvvəl valideynlər tərəflə bağlı informasiya əldə etməyə çalışırdı ki, bu da daha çox ona görə olurdu ki, nəsildə genetik, keçici xəstəliklər varsa bunu əvvəlcədən bilsinlər. Məlum olduğu kimi, həmin vaxtlar analizlər yox idi. Bu o demək deyil ki, valideynlər var-dövlət axtarırdılar. İstənilən halda məlumatın olması şəxsin gələcəyi üçün bir qədər sığorta idi. İndiki müasir dövrdə isə şəxs haqqında daha çox informasiya əldə etmək insan haqlarına zidd kimi qiymətləndirilir  və tərəflər daha çox özlərinin davranışlarına diqqət edirlər. Lakin biz Avropa deyilik ki, məsələdə iki tərəf olsun. Bizdə tərəflər çoxdur, ona görə də bəzi hallarda informasiyanı əldə edilməsi münasibətlərin tənzimlənməsi üçün yaxşı bir vasitədir. Bir sözlə, düşünürəm ki, ailə içində tərəflərin hamısının birgə məsələni müzakirə etməsi pis hal deyil. Lakin bu, vacib də deyil. Belə bir atalar məsələ var, “ağıl ağıldan üstündür”. Gənc emosional olur, kifayət qədər bəzi məsələlərə diqqət yetirmir, onu yalnız obyekt düşündür, obyektin davranışı ona kifayət edir, lakin ailədən ailəyə keçid edəndə artıq ortaya digər problemlər çıxır. Hər halda istənilən halda yaxşı düşünüb ailə qurmaq lazımdır”.

Mehriban Zeynalova Əhməd Qəşəmoğlunun “gənclərimiz bir-biri ilə yaxından tanış olur, hətta hər cür məhəbbət sərgüzəştindən çıxır, sonra da fikirləşirlər ki, ailə qursunlar, ya yox” fikrinə də münasibət bildirdi: “Axı bu bütün ölkəyə xas deyil. Kimlərsə bu yolu seçir. Problem odur ki, son zamanlar insanların daxili aləmindən çox onun seksuallığı qabardılır və daha çox müzakirə seksual münasibətlərin uyğunluğu məsələsi üzərində qurulanda, təbii ki, gənclərdə elə bir fikir yaranır ki, gərək ilk öncə seksi uyğunluq yaransın. Bəzi hallarda oğlanlar bundan istifadə edir. Yəni bu məsələni əsas götürüb,  qızlara eyhamlar vurur ki, ”sən qorxaqsan” və sairə. Belə forma ilə qızlar tələyə düşür. Sonra isə oğlan qıza deyir ki, “bəyənmirəm səni”, bu da qeyri-əxlaqidir. Beləliklə, əgər kimlərsə münasibətlərini bu cür qurmaq istəyirsə, bu onun öz işidir və deməli, məsuliyyətini özü öz üzərinə götürür. Əsas odur ki, bu cür münasibətlərdə uşaq dünyaya gətirməsinlər, çünki sonradan çox ciddi problemlər ortaya çıxa bilir”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir