sevgililer gunu

“Sevgililər günü”: Romalıların əxlaqsızlığı, katoliklərin yalanı, kapitalizmin çılğınlığı

Baxış sayı: 620
Əslində kökü qədim romalılara gedib çıxan, romalı xristianların şövqlə qeyd etdiyi “Müqəddəs Valentin günü”…

Sevgililər günü…

Əslində kökü qədim romalılara gedib çıxan, romalı xristianların şövqlə qeyd etdiyi “Müqəddəs Valentin günü”…

Qədim Romada və qədim yunanlarda 14 fevral tarixi hətta bütpərəstlik dövründə də, müqəddəs və uğurlu gün hesab olunar, bu gün sevgi ilahəsinin şəninə bayramlar keçirilərdi. Romalılar eyni zamanda 15 fevralı bərəkət tanrısının şərəfinə Luperkaliya bayramı kimi qeyd edirdilər. Həyatlarını sərt qanunlar çərçivəsində yaşayan romalı gənclər yalnız bir gün, Luperkaliya bayramında püşkatma yolu ilə partnyor seçmək şansına sahib olurdular. Gənc qızların adları kiçik kağız parçalarına yazılıb qaba qoyulur, gənc romalı kişilər isə qabdan bu kağızları çəkərək püşklərinə düşən gənc qızla bayram boyunca birlikdə cinsi həyat yaşayırdılar. Təxminən V əsrdə bu bayram Papa tərəfindən qadağan edilsə də, püşkatma adəti davam edirdi. Artıq püşklərdə sadəcə xristian müqəddəslərinin adı yazılırdı…

***

Şəxsən mən üstündən əsrlər keçdikdən sonra romalıların adət-ənənəsini qınamaq, şərh etmək fikrindən uzağam. Bəşər övladının qadına bu şəkildə sayğısız davranmasının yaşı daha qədimdir və bu gün əxlaqsız hesab edilən bayramlar, şənliklər, rituallar demək olar ki, əksər mədəniyyətlərdə bu və digər formada təzahür edib.

***

Romalılar öz adət-ənənələri ilə şad-xürrəm yaşadığı bir dönəmdə, hakimiyyətə gələn II Klavdi bu bayramları ləğv etməklə kifayətlənmir, üstəlik orduda xidmət edənlərə evlənməyi də qadağan edir. Əfsanələrə görə, məhz bu ərəfədə rahib Valentin gizli şəkildə romalı gənclərin qadınlarla görüşməsinə, evlənməsinə şərait yaradır, onların münasibətllərinin dini rəsmiləşdirməsini aparır. Məhz sonuncu səbəbə görə Valentinin xristian inanclarının təbliğatçısı olduğunu düşünənlər onu müqəddəs hesab edirlər. Qadağaları pozan rahib həbs olunur və edam edilir.

Əfsanəyə görə, Rahib Valentinin edamından sonra 14 fevral katolik təqvimində sevib-sevilənlərin himayə olunduğu gün kimi qeyd olunmağa, Müqəddəs Valentin isə sevgililərin, aşiqlərin himayəçisi olan müqəddəs kimi xatırlanmağa başlayır.

***

Katolik ensiklopediyasında qədim şəhidlər siyahısında 14 fevral günü öldürülmüş üç Müqəddəs Valentin var və onların heç birinin eşqlə, sevgiylə əlaqəsinə rast gəlinmir. Tarixçilərə görə, Müqəddəs Valentinin sevgiylə, romantikayla, eşqlə heç bir əlaqəsi yoxdur və onun haqqında danışılan hər şey əfsanədir. Katolik tarixçilərinə görə, “Müqəddəs Valentin günü”nü qeyd etməyi isə 14 fevral 496-cı ildə Papa Gelasin elan edib.

Ən maraqlısı isə, bu gün az qala bütün dünyanın həvəslə qeyd etdiyi “Müqəddəs Valentin günü”nün 1969-cu ildə kilsənin təqvimindən çıxarılmasıdır.

***

XIV əsrdə Fransada və İngiltərədə 14 fevral quşların cütləşməsi günü kimi qeyd olunur, məhz bu gündə sevgililər bir-birinə sevgi sözləri yazılmış açıqçalar göndərir, məktublarında bir-birlərinə “Valentin” deyə müraciət edirdilər. Məhz bu məqama görə bəzi tarixçilər Müqəddəs Valentinlə bağlı əfsanələrin XIV əsrdən sonra meydana çıxdığını düşünür. Əfsanəyə görə;

–       Valentin həbsxana nəzarətçisinin bacısına “Valentindən…” imzası ilə məktub göndərib.

–       Valentin roma ordusunda xidmət edən və evlilik qadağası olan əsgərlərin evlənməyinə şərait yaradıb.

–       Valentin həbsxanadan rahib yoldaşına “Valentindən…” imzalı, eşq məktubu göndərib, yəni dolayısıyla homoseksual olub.

Bütün bunlar əfsanə olsa da, bir həqiqət var – “Müqəddəs Valentin günü” qədim romalılarla, katolik xristianlarla bağlıdır.

***

Katolik kiləsi “Müqəddəs Valentin günü”nü rəsmən ləğv etsə də, bu gün bizim qeyd etdiyimiz “Sevgililər günü”nün də tarixçəsi yenə də xristianlarla bağlıdır. XIX əsrin əvvəllərində amerikalı Ester Hovlandın ilk “Sevgililər günü” açıqcasını göndərməsindən sonra populyarlaşmağa başlayan bu bayram ictimai hadisəyə çevrildi və ən nəhayətində kapitalizmin çılğınlıqlarından birinə çevrildi. Dünyanın hər guşəsində bu bayram açıq və ya gizli şəkildə qeyd edilir, hədiyyələrə, tədbirlərə, restoranlara milyonlar xərclənir.

***

Yeri gəlmişkən “Sevgililər günü” bəzi müsəlman ölkələrində açıq şəkildə qeyd edilmir. Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Pakistan bu günü rəsmən qadağan edən ölkələrdəndir. Ancaq təbii ki, insanlar bu və ya digər formada bu günü qeyd etməyə çalışır.

***

Şəxsən mən kapitalizmin istənilən şousuna, tələsinə ikrahla yanaşıram. Yüzlərlə belə bayram, festival, şənlik, ritual var ki, sadəcə böyük şirkətlərin, şəbəkələrin varlanmasına xidmət edir. “Sevgililər günü dilemması”nı isə illər öncə çözmüşəm. Sevdiyiniz insanla birlikdə keçirdiyiniz hər günü, hər anı bayram ovqatında yaşaya bilirsinizsə, sizin xüsusi günə ehtiyacınız yoxdur. Bu tip bayramlar nə qədər qeyri-ciddi və bayağı olsa da, “Müqəddəs Valentin günü” və ya bizim daha çox qəbul etdiyimiz şəkildə “Sevgililər günü”nü qeyd edənləri də qınamıram. Kapitalist istismarından xilas olmayan bəşəriyyəti kapitalist çılğınlıqların bir parçası olduğu üçün qınamaq ədalətsizlik olar.

***

Sevgililər günü…

Sevən insanın, aşiqin hər günü bayramdır. Sevin, sevilin, sevginizin dəyərini bilin. Həyat nə qədər amansız olsa da, sevgi hamımızın xilaskarıdır…

 

Cəlil Cavanşir




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir