seyfeddin esed

Seyfəddin Əsəd: “Dünyada sağalmaz xəstəliklər, o cümlədən xərçəng o zaman olmayacaq ki…”

Baxış sayı: 3. 720

Hələ qədim zamanlardan insanlar təbii üsullarla müalicəyə üstünlük veriblər. Tibb inkişaf etdikcə müasir həkimlər belə üsullarla müalicəni daha dərindən araşdırır, təkmilləşdirir, öz müalicə üslubunda istifadə etməyə çalışırlar. Bəs hazırda təbii üsullarla hansı xəstəliklərdən qurtulmaq mümkündür? Bu sahə üzrə tanınmış mütəxəssis, həkim Seyfəddin Əsədin qəbulunda olub, onun müalicə prosesini izlədik. Eyni zamanda həkimlə söhbətləşdik:

 

– Qarşıdan payız fəsli gəlir. Soyuqdəymədən qorunmaq, immuniteti gücləndirmək üçün sizcə, hansı təbii üsullardan istifadə məqbuldur?

– Daha çox arı zəhərindən, arı südündən, baldan, çiçək tozundan, arı məhsullarından, o cümlədən onların qarışığından. Yəni dünyada arı və arı məhsullarından daha gözəl immuniteti gücləndirən əvəzləyici yoxdur. Bilirik ki, yaz-payız aylarında insanlarda təzyiq dəyişməsi, ölüm hadisələri çox olur. Buna görə biz zəlidən istifadə edirik. Dünyada 40 yaşından sonra insanlar qan durulducu həblər istifadə edirlər, hansı ki, həmin həblərin tərkibi turşu mənşəlidir. Bu isə mədənin selikli qişasını yandırır. Nəticədə sonradan mədədə yara əmələ gəlir, qanaxmaya səbəb olur. Qandurulducu həbləri qəbul etdikdən bir-iki gün sonra qanaxma kəssə də, qan sonradan kəskin laxtalanır və infarktın, trombun yaranmasına gətirib çıxarır. Zəli qoyulan insanda 6 ay ərzində infarkt, tromb, insult əmələ gələ bilməz. Buna görə də dünyada zəliyə tələbat kəskin artır. Məsələn, hazırda Amerikada ən bahalı şey zəli və zəli qoydurmaqdır. Eləcə də Avropada. Xoşbəxtlikdən bizim insanlar zəlidən çox qədimdən istifadə ediblər. Yəni insanlarımız zəlinin nə olduğunu bilir və ona görə də ondan geniş istifadə edirlər. Bu baxımdan bizim işimiz asandır.

 

– Bizim çöldə, həyət-bacada gördüyümüz zəli tibbə yarayırmı, yoxsa yalnız tibb üçün nəzərdə tutulmuş zəlidən istifadə olunmalıdır?

– Tibdə istifadə edilən zəli başqadır. Bu zəli mütləq fabrikat şəraitində yetişdirilməlidir və ondan özbaşına istifadə etmək olmaz. Bu işi yalnız mütəxəssis icra etməlidir. Bəzən zəlidən özbaşına istifadə edən insanlar mənə zəng edib soruşur ki, “məni qanaxma aparır, neyləyim” və yaxud “ayağım şişib, nə etməliyəm” və sairə. Əslində zəlinin ilk qoyulma yeri var, yəni bədəni ona öyrəşdirib, müəyyən analizlər aparıldıqdan sonra istifadə etmək lazımdır. Bədən zəliyə öyrəşdikdən sonra onu istənilən yerə, o cümlədən gözə, ağıza, qulağa və s. qoymaq olar. Çox təəssüf ki, bu gün bərbərxanalarda, gözəllik salonlarında, bir sözlə, aidiyyəti olmayan yerlərdə insanlara zəli qoyurlar. Bu olmaz.

 

– Bir qədər arı ilə müalicədən danışardınız.

– Qeyd edim ki, arı ilə müalicə dünyanın 10 ölkəsində var və çox şükürlər ki, bizdə də var və bu işi müvəffəqiyyətlə mən aparıram. Dünyada arıçılıqla bağlı konqreslər təşkil olunanda mən də dəvət edilirəm. Bu yaxınlarda Ankarada möhtəşəm “Doğal-2018″ konqresi keçirildi. Mən də dəvətli idim və yeganə olaraq miqren xəstəliyinin müalicəsi barədə çıxış etdim. Beləliklə, dünyada miqren xəstəliyinin yeganə təbii-tibbi üsulla müalicəsini mən aparıram. Miqren xəstəliyi ilə bağlı hansısa həkimə müraciət edəndə bildirir ki, onun müalicəsi yoxdur. Lakin qeyd etdiyim kimi, yeganə mən onu müalicə edə bilirəm. Belə ki, arı və arı məhsulları, qurbağadan istifadə etməklə bu xəstəliyi aradan qaldırıram.

 

– Bəs ümumiyyətlə, arı və arı məhsulları hansı xəstəlikləri müalicə edir?

– Arı və arı məhsulları saçdan tutmuş dırnağa qədər bütün xəstəlikləri müalicə edir. Ümumiyyətlə, arı və arı məhsulları kimyəvi maddələrin müalicə edə bilmədiyi xəstəlikləri aradan qaldıra bilir. Məsələn, zamanında mən özüm revmatizm xəstəliyindən əziyyət çəkmişəm. Arı ilə müalicəyə başladıqdan sonra revmatizm xəstəliyindən birdəfəlik azad olmuşam, o cümlədən bu günə qədər özümü sağlam hiss etmişəm. Onu da əlavə edim ki, dünyada arıçılıqla məşğul olan insanlar ən çox uzun ömür sürənlərdir, onlar xərçəng, qrip, yoluxucu xəstəliklərə tutulmurlar. Burada hikmət arı zəhəri və arı məhsullarıdır. İnsult olmuş adama da arı ilə müalicəni tətbiq etdikdən sonra xəstə aşağı və yuxarı ətraflarını tam hərəkət etdirə bilər. Beləliklə, arı min bir dərdin dərmanıdır.

 

 – Arı sancması hansısa fəsadlara da yol aça bilərmi?

– O zaman fəsadlara gətirib çıxara bilər ki, mütəxəssis olmadan ondan istifadə olunsun. Bir arının sancması hətta ölümə də gətirib çıxara bilər. Bunun üçün əvvəlcə xəstə üzərində yoxlama aparılır, onun orqanizminin arı zəhərini götürüb-götürmədiyini araşdırırıq, daha sonra işi ciddiləşdiririk. İlk gündən xəstə bunun əhəmiyyətini hiss edir. Elə olur ki, bu ağrıdan sonra xəstə yuxuya düşür, sidik ifrazını saxlaya bilməməsi problemi aradan qalxır, əsəbləri sakitləşir, oynaq ağrılarından azad olur və sairə.

 

– Bəs uşaqlara necə, bu üsul tətbiq olunurmu?

– 5 yaşından yuxarı uşaqlara tətbiq oluna bilir.

 

– Uşaqlarda daha çox hansı xəstəliklərdə istifadə edilir?

– Enurezdə, yəni sidik qaçırma xəstəliyində. Eyni zamanda müxtəlif sinir və oynaq ağrılarında, əsəb xəstəliklərində, o cümlədən immuniteti qaldırmaq üçün istifadə olunur.

 

– Məlum olduğu kimi, siz həm də qurbağa ilə müalicə aparırsız. Bu haqda da danışmağınızı istərdik.

– Qurbağa ilə müalicə çox möhtəşəmdir. 3 min ildən artıqdır ki, Çində bu müalicədən istifadə edilir. Azərbaycanda da yüz illərdir ki, dədə-babalarımız qurbağa ilə müalicələr edib. Lakin həmin müalicələr elmi deyildi. Mən isə qurbağa ilə elmi müalicə aparıram. Daha çox zob, qadınlarda süd vəzilərində olan şiş xəstəliklərində, kişilərdə prostat vəzi, o cümlədən oynaq, əsəb xəstəliklərində istifadə olunur. Qurbağa ilə ilk müalicədən sonra xəstə dərin yuxuya qalır. Belə bir hikmət görməmişdim. Yapon alimləri araşdırma apararaq öyrəniblər ki, qurbağa insan orqanizmində olan zəhəri özünə çəkir. Çünki qurbağa nəm yerdə yaşayır. Onu dərinin üzərində qoyduqda dəridəki nəmi alır, toksini özünə çəkir. Eyni zamanda ona olan şüalar vasitəsilə qalxanabənzər vəzin funksiyasını yaxşılaşdırır. Məsələn, qalxanabənzər vəzi müalicə etmək üçün bəzən əməliyyata müraciət edilir. Əməliyyatdan sonra isə ömür boyu dərman qəbul etmək lazımdır. Lakin qurbağa ilə müalicədə buna ehtiyac qalmır. Həmçinin qurbağa insanda saç, dırnaq tökülməsinə də təsir edir.

 

– Qurbağalar da zəli kimi fabrikat üsulu ilə yetişdirilən olmalıdır?

– Bəli, mütləq. Çox təəssüf ki, bəzən insanlar çöldən, yoldan, sudan tapdıqları qurbağanı boğazlarına bağlayırlar. Doğrudur, bunun müəyyən effektini görürlər. Lakin bu cür olmaz. Ona görə ki, zəhərli qurbağalar effekt verir, lakin onun ziyanı da var. Mütləq tibbi qurbağalardan istifadə olunmalıdır və yalnız mütəxəssis bilir ki, qurbağa nə qədər müddətdə insan bədənində qala bilər, müalicə necə aparılmalıdır. Onu da əlavə edim ki, arı və arı məhsulları, zəli və qurbağadan kompleks şəkildə istifadə etdikdə daha gözəl nəticə verir və sağalmaz xəstəliklərə çarə olur. Ümumiyyətlə, alimlər hələ ki arı, zəli, qurbağa ilə müalicənin 50 faizini öyrənə bilib, bunu tam öyrəndikdən sonra dünyada sağalmaz xəstəliklər, o cümlədən xərçəng olmayacaq.

 

– Artıq Bakıdakı restoranlarda da qurbağadan hazırlanmış yeməklər təqdim olunur. Bəs qurbağa ətinin insan orqanizminə nə kimi xeyri var?

– Qida kimi qurbağa əti çox faydalıdır, möhtəşəmdir, möcüzəlidir. Biz bilirik ki, dünyanın ən uzun ömürlü adamları yaponlardır. Bunu araşdırmaq üçün iki il bundan əvvəl Yaponiyanın paytaxtı Tokioda oldum.  Xeyli araşdırma, rəy sorğusu apardım və sonda mənə məlum oldu ki, onların uzun ömür sürməsinin kökündə hərəkətlə, düzgün qidalanma ilə bərabər, dəniz məhsullarından istifadə etməkləri dayanır. Dəniz məhsulları çox önəmlidir. Ona görə də qurbağa ilə müalicə və yaxud onun ətindən istifadə etmək ömrü uzadır.

 

– Bir qədər öncə düzgün qidalanmadan söz açdınız. Payız mövsümündə necə qidalanmalı, rasionda hansı qidaları qarışdırmamalıyıq?

– Ümumiyyətlə, yaşadığımız hər bir zamanda qidaları qarışdırmamalıyıq. Uzun ömürlülük və xəstəliklərdən uzaq olmağın bir yolu tək, yəni monoqidalanmadır. Məsələn, əgər ət yeyirsənsə kartofdan istifadə etməməlisən və yaxud kartof yeyirsənsə, ətdən istifadə olmaz. Və yaxud makaron üstündə ət olmaz.

– Amma bizim milli kulinariyamızda bu cür qarışdırılmış yeməklər çoxdur.

– Ona görə də qidalanmağımızda təbiiliyə, yaşıllığa, oksigenlə təchizata və fiziki hərəkətə üstünlük verməliyik. Eyni zamanda vaxtlı-vaxtında yatıb-dursaq, o zaman bizim insanlar rahat şəkildə 150 il yaşaya biləcək. Lakin bu gün qidalar qarışdırılır, daha sonra isə üstündən bir stəkan dovğa içilir və hər şeyi heç edir, özündə köp əmələ gətirir, həzm pozulur, ölür. Təsəvvür edin ki, dovğa qatıq və ölmüş göyərtidən ibarətdir. Dovğanı yalnız o halda yemək olar ki, Cənubi Azərbaycandakı kimi bişirilsin. Belə ki, orada ilıq suda göyərtini yuyub, döyəcləyirlər, daha sonra isə onu azacıq qaynadıb qatığa əlavə edirlər. Burada qatıq qaynadılmır. Və yaxud Azərbaycanın bəzi bölgələrində qatıqla göyərtini qarışdırıb bir qədər bulayırlar, qatıq qaynamadan ocaqdan götürürlər. Ümumiyyətlə, süd məhsullarından qatıq, şor, süzmə və digərlərini heç nəyə əlavə etmədən, ayrıca yemək lazımdır. Başqa qidalarla qəbul etdikdə həm həmin qidaların, həm də onun tərkibi gedir. Ən əsası qidalanmada meyvə-tərəvəzə çox üstünlük verməliyik nəinki heyvani qidalara. Heyvani qidaları biz noxud, qozla əvəz etsək, daha yaxşı qidalanmış, sağlam olarıq.

 

Bəzi insanlar deyir ki, mən heç vaxt meyvədən istifadə etməmişəm. Həmin insanları mən quru ağaca bənzədirəm, onların hüceyrələri ölü olur. Çox təəssüf ki, hazırda bizim insanların ən böyük problemlərindən biri yuxusuzluqdur. Yapon alimləri araşdırıb ki, dərin yuxu axşam saat 10 və 2 arasıdır, 2-5 arası orta yuxudur, 5-dən yuxarı isə yatmasan da olar. Bizdə isə əksəriyyət insan gecə saat 2-dən sonra yatır, yəni dərin yuxunu yatmır. Ona görə də bu gün hamı əsəbidir, yaddaşsızdır, əmək fəaliyyəti azalıb. Ən əsası isə bu gün insanlar hərəkətsizdir, sanki robotlaşıb, ona görə də müxtəlif xəstəliklərdən, o cümlədən oynaq xəstəliklərindən əziyyət çəkir, ömrü qısalır.

Üçüncü problem susuzluqdur. Azərbaycanda insanların 90 faizi susuzluqdan əziyyət çəkir. Təsəvvür edin ki, əgər torpağa su verməsək, necə olar? İnsan da o cürdür. Gün ərzində hər kəs ən azı 3 litr su içməlidir. Yaponlar deyir ki, yuxudan duran kimi 4 stəkan su için. Onun içinə limon, bal da əlavə etmək olar, bunun ziyanı yoxdur. Bu zaman gecə ödə yığılan xaric olur. Yoxsa nə yesən  qana keçəcək və sağlamlığına təsir göstərəcək.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir