“Sidik qaçırma problemini lazerlə aradan qaldırmaq olur” – QADINLARIN DİQQƏTİNƏ

Baxış sayı: 723

Bir çox insanların qarşılaşdığı sağlamlıq problemlərindən olan sidik saxlamama qarın boşluğunda təzyiqin artması nəticəsində baş verir. Asqırma, öskürmə, bərkdən gülmə və s. hallar nəticəsində qarın boşluğunda təzyiq artır və nəzarət olunmayan sidik qaçırma problemi yaranır. Həkim-kosmetoloq Günay Mikayılova problemin lazer vasitəsilə aradan qaldırılması haqda Aile.lent.az-a danışıb. O bildirib ki, sidiyi saxlaya bilməmək tez-tez baş verən soyuqdəymələr, iltihabi proseslərin nəticəsində yarana bilər. Ümumiyyətlə, sidik kanalının və uşaqlıq yolu əzələlərinin boşalması da bu problemin yaranmasına səbəb olan amillərdən biridir: “Sidik saxlamama probleminin aradan qaldırılmasının iki yolu var: cərrahiyyə yolu və konservativ lazer üsulu. Sidik saxlamama ağırlıq dərəcəsindən asılı olaraq 4 dərəcəyə bölünür. 1-ci və 2-ci dərəcə sidik saxlamama və uşaqlıq yolunun genişlənməsi bu gün geniş yayılmış erbium lazeri prosedurunun köməkliyi ilə aradan qaldırılır. 3-cü və 4-cü dərəcə sidik saxlamama və ya uşaqlıq yolunun genişlənməsi isə yalnız cərrahiyyə yolu ilə aradan qaldırılır. Amma bu o demək deyil ki, lazerin burada köməkliyi yoxdur. Lazerlə həmin cərrahi prosedura hazırlıq etmək olar. Cərrahiyyə əməliyyatından əvvəl və sonra lazer proseduru olunsa, cərrahiyyə əməliyyatı daha yaxşı effekt verər”.

Həkim bu lazer proseduru sayəsində qadının intim həyat keyfiyyətinin artdığını vurğulayır. Prosedurun üstünlüklərindən biri də tam ağrısız keçməyidir. Sidik saxlamama və uşaqlıq yolu genişlənməsinin qarşısını almaq üçün tətbiq edilən lazer prosedurundan  sonra heç bir reablitasiya dövrünə ehtiyac yoxdur: “Prosedurdan dərhal sonra xanım gündəlik həyatını davam etdirə bilər. Amma prosedurdan əvvəl xüsusi və vacib test analizi etdirmək lazımdır. Bu, uşaqlıq yolunda atipik hüceyrələri təyin etmək üçün olan testdir. Əslində normalda xanımlar 6 aydan bir bu analizi verməlidirlər və qadında atipik hüceyrələrin olub-olmaması mütləq vaxtaşırı yoxlanmalıdır. Atipik hüceyrələr xərçəngin göstəricisidir. Ola bilər ki, heç bir yerdə, nə USM, nə dəginekoloji müayinə vaxtı heç bir şübhəli məqam ortaya çıxıb. Lakin bu test vasitəsilə atipik hüceyrələr görünür. Bu o deməkdir ki, xərçəng vaxtından çox daha tez bir zamanda aşkarlanır, qarşısı alınır və bir xanımın həyatı təhlükə altından çıxarılır. Əgər test nəticəsində atipik hüceyrələrin olmaması aşkara çıxırsa, rahatlıqla lazer prosedurunu tətbiq edə bilərik. Bunu deməkdə məqsədim var – xanımlar düşünməsinlər ki, bu test onlar üçün əlavə bir işdir. Əksinə, bu test sizin həyatınızı hər iki halda xilas edir: birinci halda xərçəng ehtimalı olub-olmadığınız ortaya çıxır, ikinci halda, yəni xərçəng ehtimalı olmadıqda sidik saxlamama və uşaqlıq yolu genişlənməsi probleminiz aradan qaldırılır”.

Prosedur uşaqlıq yolunda və sidik kanalına tətbiq edilir. Lazer həmin hissələrdə əzələyə təsir edir: “Lazer əzələyə istilik verir, əzələlər yığılmağa başlayır. Termik təsir, temperatur dəyişikliyi nəticəsində orqanizmdə regenerasiya prosesləri artır və nəticədə kollagen sintezi, əzələlərdə yığılma və daralma baş verir”.

G.Mikayılova deyir ki, prosedurun effekti 28 gündən sonra hiss olunur. Çünki kollagenin sintezi üçün 28 gün vaxt lazımdır: “Prosedurdan dərhal sonra xanım özündə yaxşılığa doğru fərq hiss edirsə, bu, əsl effekt demək deyil. Sadəcə bu, ödemin nəticəsidir, yəni prosedurdan sonra şişkinlik yaranır və ona görə də həm sidik saxlamama problemi aradan qaldırılır, həm də cinsi həyatın keyfiyyəti artır. Amma bir daha təkrar edirəm – bu, əsl effekt deyil. Əsl effekt 28 gündən sonra tam olaraq özünü göstərir”.

Prosedur 20-25 dəqiqə vaxt aparır. Prosedurların sayı 2-3 seansdır. Aralarında mütləq bir ay fərq olmalıdır: “Nəzərə almaq lazımdır ki, kollagen 28 günə sintez olunur. İldə bir dəfə bu kursu keçmək olar. Çünki bu, ömürlük təsir edən müalicə deyil. Effekti isə bir il və bəzən daha uzun vaxta qədər özünü göstərir. Bu lazer üsulunun ən yaxşı üstünlüklərindən biri də cinsi həyatı daha keyfiyyətli və arzuedilən etməsidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir