avtomobil sigortasi

Sığorta şirkətləri üçün iflas riski

Baxış sayı: 437
2022-ci ilin 11 ayının nəticələrinə görə, avtomobillərin icbari sığortası üzrə 102,2 milyon manata yaxın sığorta haqqı yığılıb. Eyni dövr üçün sığorta ödənişinin məbləği 82,3 milyon manat olub. Buraya İcbari Sığorta Bürosuna ödənilən 5 faizlik ödənişi və digər xərcləri də gəldikdə, avtomobillərin icbari sığortası üzrə şirkətlərin zərərliliyinin 100 faizi keçdiyi bildirilir. Proses belə davam edərsə, kiçik və orta sığorta şirkətlərinin avtomobillərin icbari sığortasından könüllü qaydada imtina edəcəyi də proqnozlaşdırılır.Hazırda avtomobil sığortası ilə bağlı gündəmdə olan bir məsələ də var. Bu da kiçik həcmli avtomobillərin sığortalanması ilə bağlıdır. Belə ki, sığorta şirkətləri əvvəllər kiçik həcmli avtomobillərin sığortasından imtina edirdilər. Səbəb də o idi ki, bu avtomobillərin sığortası onlara maliyyə cəhətdən sərf etmir. Yəni kiçik mühərrikli avtomobillər üçün müştərilərdən daha az pul aldıqlarını, daha çox ödədiklərini deyirlər.Mərkəzi Bank ötən il bununla bağlı sığorta şirkətlərinə tapşırıq verdi, kiçik həcmli avtomobilləri sığortalamaqdan boyun qaçıran şirkətlərin cərimələnəcəyini bildirdi. Yəni Mərkəzi Bank işin üzərinə daha ciddi şəkildə düşüb və avtomobillərin icbari sığortasını həyata keçirən şirkətlər müştərilərə “yox” deyə bilməyəcəklər.Sığorta şirkətləri ötən ili avtomobil sığortası ilə bağlı maliyyə cəhətdən çox da uğurlu başa vurmayıblar. Növbəti ildə də “sərf etməyən” işi görməli olsalar, bu bazarda durum necə olacaq?

“Zərərli portfel” bir neçə şirkətə axacaq”

Sığorta eksperti Hikmət Allahverdinin sözlərinə görə, avtomobillərin icbari sığortası ilə bağlı yeni hesablamalarda artıq malus məntiqi ciddi istifadə edilməyə başladı ki, bu da hadisə törətmiş sürücülər üçün sığorta haqqını nəzərəçarpacaq dərəcədə artırıb. Yəni ötən il hadisə törətmiş sürücü növbəti il sığorta etdirəndə, daha çox məbləğ ödəməli olur. Amma ekspert bu dəyişikliyin problemi köklü həll etmədiyini düşünür.

H.Allahverdi bildirdi ki, Mərkəzi Bankın kiçik həcmli mühərrikə sahib avtomobil sahiblərinin “icbari sığorta” əldə etmələrini təmin etmək məqsədilə almış olduğu qərar problemin qısa müddətdə həlli yolunda yaxşı rol oynasa da, bir müddət sonra problemin yeni formada təzahürü qaçılmazdır: “Belə ki, bu qərarla demək olar ki, sığorta vasitəçiləri oyundankənar vəziyyətə salındı. Sığorta şirkətlərinin onlayn şəkildə bu məhsulun satışını həyata keçirmələri “zərərli portfel”in bir neçə məşhur şirkətə axmasını təmin edəcək. İlk baxışda bu axından kənarda qalan şirkətlər üçün müsbət görünsə də, onların da “icbari sığorta” sata bilmədikləri müştərilərə könüllü sığorta satma ehtimalları ciddi şəkildə azalacaq. Bu da sektorun ən çox satılan avtomobil sığortası (icbari və könüllü) növündə bu şirkətlər üçün pay itkisi deməkdir”.

Könüllü sığortalar satmasalar…

H.Allahverdi sığorta şirkətlərinin özlərinin bu sığorta növündən könüllü imtina etməsinin o qədər asan olmadığını deyir: “Çünki bu sığorta növü sektorun hərəkətverici qüvvəsidir. Müştəriyə “YOX” deyib, digər növlərin satışını da sual altına salmamaq üçün şirkətlər bu məhsulu öz “vitrin”lərində saxlamaqda maraqlıdırlar. Kiçik və orta sığorta şirkətləri bu bazardan pay almaq üçün əvvəllər olduğu kimi agentlərə ciddi komisyonlar vəd etməklə çıxmaq istəyəcəklərsə, bu da yenidən ötən ilin sonlarında müşahidə etdiyimiz problemi təkrarlayacaq. Bu baxımdan nəzarətedicinin üzərinə böyük yük düşür və düşünürəm ki, son qərarlar keçici xarakter daşıyır, problemin fərqindədirlər və ümid edirəm ki, həlli üçün də qərarları olacaqdır”.

Ekspert qeyd etdi ki, “İcbari avto” sığorta haqlarının hesablanması qaydasında avtomobilin istifadə tərzinin meyar kimi götürülməsi problemin həllində ciddi rol oynaya bilər: “Taksi kimi fəaliyyət göstərənlərin qeydiyyatının şəffaf olmaması, vahid platformada toplanmaması bunu hələ ki mümkünsüz edir, amma həmişə mümkün olmayacağını da demək olmaz. Görünən odur ki, sığorta şirkətləri yeni məhsullar, xüsusilə könüllü sığortalar üzərində işləyib və satışını təşkil etməsələr, regionlarda aktivləşməsələr, onları asan olmayan dövr gözləyir”.

“Davamlı olaraq monitorinqlər həyata keçirilir”

Mövzu ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) ünvanldığımız sorğuya cavab olaraq bildirildi ki, bütövlükdə sığorta bazarında, o cümlədən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (avtoicbari) sahəsində davamlı olaraq monitorinqlər həyata keçirilir. “Monitorinq zamanı bütün sığorta sinifləri və sığortaçılar üzrə statistik məlumatlar dərin və hərtərəfli şəkildə təhlil edilərək zərərlilik səviyyələri, onların inkişaf meylləri, habelə onlara təsir edən müxtəlif amillər nəzərdən keçirilir. Həyata keçirilən təhlil və qiymətləndirmələrin nəticələrindən asılı olaraq, sığorta bazarının inkişaf perspektivləri və istiqamətləri nəzərə alınmaqla Mərkəzi Bank tərəfindən müvafiq qərarlar qəbul edilir”, – deyə Mərkəzi Bankdan bildirildi.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir