sigorta

Sığorta şirkətlərinin “alan əli” var, “verən əli” yox

Baxış sayı: 848

2019-cu ildə sığorta şirkətləri tərəfindən 681,1 milyon manat həcmində sığorta haqqı toplanıb, 301,5 milyon manat ödəniş həyata keçirilib. Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, hesabat ilində könüllü sığorta bazarı üzrə yığımlar 456,6 milyon manat, ödənişlər 220,9 milyon manat, şirkətlərin icbari sığorta yığımları 224,5 milyon manat, ödənişləri 80,6 milyon manat olub. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətləri tərəfindən ümumilikdə 43,4 milyon manat sığorta haqqı yığılıb. İl ərzində 5,4 milyon manat ödəniş həyata keçirilib. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 100,4 milyon manat, ödənişlər 67,2 milyon manat təşkil edib. Qeyri-həyat icbari sığorta növləri üzrə cəmi 176,4 milyon manat sığorta haqqı yığılıb, sığorta ödənişləri 77,5 milyon manata çatıb.

Maraqlıdır, nə üçün göstərilən rəqəmlərdə yığım ödənişdən bu qədər çoxdur və sığortanın hansı sahəsində bu ödəniş nisbəti normaldır, hansında yox?

 

Sığorta məsələləri üzrə ekspert İlkin Nəcəfov bildirir ki, bu, sığorta növlərinə görə fərqlidir, burada şablon yanaşma nümayiş etdirmək mümkün deyil: “Məsələn, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünə baxsaq görərik ki, yığımlarla ödənişlər arasında o qədər də kəskin fərq yoxdur. Yaxud da işçilərin könüllü tibb sığortasından danışaq. Buna nəzər yetirsəniz görərsiniz ki, hətta bəzi şirkətlər yığdıqlarından çox ödəniş ediblər. Sığorta ödənişi ilə sığorta yığımı arasında kəskin fərq, əsasən əmlak sığortalarında, daşınmaz əmlakın icbari sığortalarında, könüllü sığortalarda, müəssisə sığortalarında olur. Bu da riskin təbiətindən irəli gəlir. Bəzi tip risklər var ki, tez-tez baş verir, amma zərərlilik aşağı olur. Bəzi tip risklərdə isə tezlik az olsa da, fəsadları daha yüksək olur. Bunlar fundamental risklərdir. Buna görə şablon yanaşma düzgün deyil”.

 

Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov qeyd edir ki, bu mövzuda həqiqətən də problemli məqamlar var: “Məsələn, daşınmaz əmlakın icbari sığortası ilə bağlı məsələni vurğulamaq olar. Vətəndaşların fəal iştirakı ilə daşınmaz əmlakın sığortası əvvəlki ilə nisbətən daha çox olub. Bu da 43,4 milyon manat edir. Lakin buna baxmayaraq, sığorta ödənişlərində cəmi 5.4 milyon manat sığorta ödənişi olub. Bu da onu göstərir ki, sığorta şirkətləri xəsislik edərək vətəndaşlara bəzi problemlər yaradırlar. Hazırda sığortaya nəzarət edən orqan Mərkəzi Bankdır. Ümid edirəm ki, Mərkəzi Bank bu mövzuda daha diqqətli olacaq və bütün prosesləri araşdıracaq. Düşünürəm ki, növbəti mərhələdə qeyd olunan ödənişlər daha çox olacaq ki, vətəndaşların sığortaya marağı çoxalsın. Yenə qeyd edirəm ki, bu sahədə olan problemlərin həllində əsas iş Mərkəzi Bankın üzərinə düşür. Çünki əsas nəzarətedici, qaydaları müəyyən edən orqandır. Digər tərəfdən, vətəndaşlar da fəal olmalıdır. Belə ki, hüquqlarının qorunması üçün işini bilən peşəkarlara müraciət etməlidirlər. Həmçinin sığorta şirkətləri də bu yöndə işlərini daha səmərəli və rahat qurmalıdırlar. Vətəndaşların onları seçmələri üçün daha yüksək səviyyəli xidmət təklif etməlidirlər”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir