Ofis

Şirkətlər evli cütlüklərin bir yerdə işləməsinə niyə müsbət baxmırlar?

Baxış sayı: 1. 410

Əksər şirkətlər evli cütlüklərin eyni yerdə işləməsi məsələsinə müsbət yanaşmır. Düzü, ilk baxışdan şirkət rəhbərlərinin belə bir düşüncədə olması az inandırıcı idi. Əksinə, düşünürdüm ki, bir ailədən iki nəfərin bir yerdə çalışması həm şirkətlər üçün, həm də onlar üçün maraqlı, cəzbedici gələ bilər. Məsələn, ər və həyat yoldaşı hər gün birlikdə işə gəlir, burada birgə çalışıb, axşam isə bir yerdə evə dönürlər. Yaxud xanım işdə də həyat yoldaşını nəzərə alır – çay verir, nahar vaxtı yeməyi hazırlayıb onu da dəvət edir və s. Necə deyərlər, bu, mənim şəxsi təsəvvürümdə formalaşdırdığım müsbət fikirlər idi, ancaq sən demə, heç də həmişə belə olmur. Söhbət ondan gedir ki, dünyanın bir çox ölkələrində özəl şirkətlər ərlə arvadın eyni iş yerində çalışmasına heç də müsbət yanaşmırlar. Şirkətlərin bu mənada özünəməxsus arqumentləri var. Hətta əgər eyni işdə çalışan gənclər evlilik qərarı verirlərsə, onlardan biri – tərəflərin razılığına əsasən, işdən ayrılır. Araşdırmalarımız zamanı öyrəndik ki, bu metod dünyanın bir çox ölkələrində tətbiq edilir.

Kişinin iş həyatında da həyat yoldaşını “qorumaq istəməsi”

Türkiyəli psixoloqlar bu mövzuda maraqlı araşdırma aparıblar. Onların qənaətinə görə, eyni iş yerində işləmək və haradasa, günün 24 saatını bir yerdə olmaq bəzi ailələrdə heç bir problemə səbəb olmasa da, bəzilərində ciddi münaqişələrə gətirib çıxarır. Onların qənaətinə görə də, əslində ən yaxşısı həyat yoldaşlarının eyni iş yerində işləməmələridir. Çünki belə olduqda ailə rolu ilə iş rolunu ayırmaq çətin olur. Bu isə çox vaxt tərəflər arasında anlaşılmazlıqlara gətirib çıxarır. Belə ki, xanımlar şəraitdən asılı olmayaraq, həyat yoldaşlarından qayğı gözləyirlər. Halbuki iş həyatı evlə müqayisədə daha mücərrəddir. İş həyatında qadının bəzən həyat yoldaşı ilə “üz-üzə gəlməsi” də istisna deyil. Təbii ki, belə hallar tərəflərdə incikliklərə səbəb olur və bu, bəzən evdəki münasibətlərə də öz təsirini göstərir. Digər tərəfdən, kişinin iş həyatında da həyat yoldaşını “qorumaq istəməsi” və təbii olaraq ona bəzi məhdudiyyətlər qoymağa çalışması da tərəflər arasında münasibətlərin pozulmasına gətirib çıxara bilər.

Ailədəki problemlər iş həyatındakı problemlərə qarışır

Həyat yoldaşlarının eyni iş yerində işləmələrinin başqa bir mənfi cəhəti isə tərəflər arasında “həsrət” hissinin olmamasıdır. İstər işləyən qadınlar, istərsə də, evdar xanımlar əsasən həyat yoldaşları ilə səhərlər ayrılır, axşamlar ya da iş rejimindən asılı olaraq günün müəyyən saatlarında görüşürlər. Bu isə onlarda həm fərdiyyətçilik, həm də həyat yoldaşına qarşı “həsrət” hissinin baş qaldırmasına səbəb olur. Ancaq eyni iş yerində işləyən ailələr bu hissdən məhrum qalırlar.

Dediyimiz kimi, xüsusən dövlət qurumlarında eyni iş yerlərində çalışan ər və xanımlar kifayət qədərdir. Bəs onlar nə etməlidirlər ki, yuxarıda sadalananlarla ya üzləşməsinlər, ya da az üzləşsinlər?

Psixoloqların açıqlamasına görə, hər şeydən əvvəl onlar rollarını düzgün bölüşdürməlidirlər. Başqa sözlə, ailədəki problemlərlə iş həyatındakı problemləri bir-birinə qarışdırmamalıdırlar. Onlar evdə işlə bağlı məsələlərdən danışmamalıdırlar. İşdə bir-birlərindən incisələr də, evdə bu hiss olunmamalıdır. Yaxud evdə incisələr də, aralarında bir narazılıq yaşansa da, bunu işdə hiss etdirməməlidirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir