koronavirus

Sirli koronavirus insan orqanizmini necə məhv edir?

Baxış sayı: 714

Son iki ildə dünyanı sürətlə cənginə alan koronavirus pandemiyasından (Covid-19) həkimlər də başlarını itiriblər. Virusa yoluxan xəstələrin əksəriyyəti müxtəlif ağırlaşmalardan əziyyət çəkirlər: bəziləri qoxu və dadbilməni itirir, bəzilərində mədədə yanğı hissi olur, bir qisminin isə sidiyində qan müşahidə olunur. Bəzi xəstələrdə isə yüngül simptomlar özünü göstərir və ya ümumiyyətlə heç bir simptom olmur. Virtualaz.org xəbər verir ki, nüfuzlu “Wired” nəşrinin Britaniya şöbəsi koronavirusun insan orqanizminə necə yayılması və onu necə məhv etməsi ilə bağlı geniş məqalə dərc edib.

Məqalədə Londonda, Paddinqtondakı Müqəddəs Məryəm Xəstəxanasında təxminən 20 ildir ki məsləhətçi kimi çalışan reanimasiya mütəxəssisi Simon Eşvortun müalicə üsulundan söhbət açılır. Bildirilir ki, həkim Çin və İtaliyadan gələn xəbərləri izləyib və bu ölkələrdə Covid-19-un kəskin ağırlaşması – tənəffüs çatışmazlığı ilə müşayiət olunan Kəskin Respirator Distres Sindromu (KRDS) yayılmağa başlayan zaman koronavirusu müalicə etməyin yollarını araşdırmağa başlayıb. Həkim müəyyən edib ki, bu vəziyyətdə ağciyərlər o qədər iltihablaşır ki, həyati vacib olan oksigendən məhrum olurlar. KRDS müşahidə olunan xəstələrin hər 3 nəfərindən biri vəfat edir.

 

Ağ ciyərlərdə hava kisələri dolur, xəstə sanki boğulur…

Eşvort belə xəstələrin özünün çalışdığı reanimasiya şöbəsində müalicə edirdi. Onun izah etdiyi kimi, ağciyərlərdə mikroskopik hava kisələri ağ qan hüceyrələri, ölü toxuma ilə dolur və sərtləşir. Xəstə sanki boğulur. Ağciyərləri süni tənəffüslə təmin etmək üçün nəfəs yoluna xüsusi boru daxil edilir. Lakin KRDS olan xəstələrdə süni tənəffüs risklidir. Əgər havanın təzyiqi çox zəif olsa və ya çox yüksək olsa, bu ağciyərlərə ziyan vura bilər.

Eşvortun sözlərinə görə, o, özünü buna hazırlayıb. Lakin onun virusa yoluxan ilk pasientləri müraciət edəndə onlarda tipik KRDS-ə bənzəməyən vəziyyət müşahidə olunub. Belə ki, onlara yüksək təzyiq olmadan da süni tənəffüs vermək olar.

Mənbənin yazdığına görə, qəribə burasıdır ki, KRDS-li xəstələr adi halda huşsuz olurlar və boğulma hiss edirlər, amma Eşvotrun palatasında Covid-19 xəstələri demək olar ki, normal davranırlar. Dünyanın hər yerindən gələn həkimlər belə xəstələrin eritrositlərinin həddindən az dərəcədə oksigen almasına baxmayaraq tam şüurlu olduqlarını bildirdilər – bu isə “sakit hipoksiya” adlanır.

 

Bu sirli virus həkimləri çaş-baş qoyub

Nəşrin yazdığına görə, Covid-19 həkimləri də çaşdırıb. Xəstələrin bir çoxu ağırlaşmalardan əziyyət çəkirlər. Bəzilərinin qanında sidik tapılır, mədələrində yanğı hissi olur, qoxu və dad hisslərini itirirlər. Pekin xəstəxanasında müalicə alan koronavirusa yoluxmuş 56 yaşlı bir kişidə beynin iltihabı yaranıb. Misirdən ABŞ-a qayıdan 71 yaşlı bir qadın isə bel ağrısı, qusma və qanlı ishaldan şikayətlənib. Yalnız xəstəxanada qalmasının dördüncü günündə o öskürməyə başlayıb və bundan sonra onun Covid-19 olduğu məlum olub. Nyu-Yorkdakı “Mount Sinai” xəstəxanasında çalışan bir neyrocərrah, insult keçirmiş beş xəstəni müalicə edib. Hamısının yaşı 50-dən aşağı olub və hamısında da Covid-19 simptomları müşahidə olunmayıb.

Eşvort insultdan, böyrək çatışmazlığından ölən hematomalı cəsədləri gördüyünü qeyd edir. Həkimin sözlərinə görə, elmi mülahizələr bizim bu xəstəlik haqqında nə qədər az məlumatlı olduğumuzu göstərir: “Bu çox qəribə xəstəlikdir. Bu virusun yayılması bizim qrip kimi xəstəliklərə münasibətimizi dəyişdirəcək. Tədqiqat üçün yeni baxış açacaq. Bu əvvəllər heç vaxt düşünmədiyimiz bir şeydir”.

Yoluxanların əksəriyyətində xəstəlik orta dərəcədə – yüngül hərarət və quru öskürək ilə davam edir. Ancaq xəstələrin az hissəsində, təsdiqlənmiş halların təxminən 6 faizində, Covid-19 ölümcül olur. İngiltərədə bu xəstəliklə xəstəxanaya daxil olan xəstələrin üçdə biri ölür.

 

Yoluxanların 20 faizində böyrəklər sıradan çıxır

Məqalədə həmçinin virus yayılmağa başlayanda Londonun Müqəddəs Georgi Xəstəxanasında intensiv neyrocərrahi terapiya şöbəsində çalışan həkim Əli Rezai Həddadd da təcrübəsini bölüşüb. Bir çox digər gənc həkimlər kimi o da xəstəxanada qalmağa razı olub. Reanimasiya şöbəsini Covid-19 xəstələri üçün boşaldıblar. Müqəddəs Georgi Xəstəxanası cəmi 500 xəstəni qəbul edə bilsə də, karantin səbəbindən ora əlavə çarpayılar yerləşdirilib. Həddad artıq bir aydan çoxdur Covid-19 xəstələrini müalicə edir. O, təcrübəsi zamanı müəyyən edib ki, ağciyərlərin virusundan çox zərər çəkən yeganə orqan deyil.

Həkim qeyd edir ki, onun komandası xəstələrdə böyrək çatışmazlığı ilə qarşılaşıb. Vuhanda aparılan tədqiqat nəticəsində müəyyən edilib ki, bu ağırlaşma xəstələrin 20 faizində müşahidə olunur. Covid-19 ilə xəstəxanaya yerləşdirilən xəstələrin yarıdan çoxunda sidikdə qan və ya zülal müşahidə olunur – bu böyrəklərin zədələndiyini göstərir. Kəskin böyrək zədəsi olan insanlar sağlam insanlara nisbətən Covid-19-dan 5 dəfə çox ölürlər.

Həddad deyir ki, virusun böyrəklərə birbaşa təsir etməsilə bağlı bir versiya var, ancaq bununla bağlı dəqiq sübutları yoxdur. Həkim və onun komandası müalicə zaman belə bir qərar verməli olublar, ilk bir neçə gün xəstələrə su verilməsin. Çünki xəstə maye içdikdən daha çox sidik ifraz edir. Su az içən xəstələrin ağciyərlərini havalandırmaq daha asandır, buna görə xəstələrə diuretik dərmanlar verilir. Ancaq böyrəklər zəifdirsə, bu üsul təhlükəlidir və Həddadın komandası belə halda bundan imtina edir.

Xəstələrdə böyrək disfunksiyasının olması sonradan bəzi məsələlərin aydınlaşmasına səbəb olub. Həddad xəstələri dializ aparatlarına qoşmalı idi – həkim damara iynə vurur və cihaz qanı təmizləmək üçün böyrəklərin işini görür. Ancaq borular bir-birinin ardınca tıxanır – süzmə prosesində filtr ən kiçik laxtaya görə dəyişdirilməlidir. Eyni zamanda xəstələrdə qeyri-adi dərəcədə yüksək “D-dimer” səviyyəsi müşahidə edilib. Belə ki, laxtalanma həll edildikdən sonra bu protein parçası qanda qalır. Xəstələri müayinə edən zaman başqa bir simptom tapıblar – ağciyərlərdə və damarlarda tromblar müşahidə olunub.

 

“Mən həyatım boyu belə şey görməmişdim…”

Bu vəziyyət bütün dünyada təkrarlanıb. Hollandiya və Fransadakı araşdırmalar Covid-19-dan əziyyət çəkən ağır xəstələrin 20-30 faizində belə trombların ortaya çıxdığını göstərir. Hamburqdakı həkimlər Covid-19-a yoluxan 12 xəstədə ağciyərlərdə və ayaqlarda qan laxtalanması ilə əlaqədar problemlər müşahidə ediblər. 12 ölüm hadisəsinin hamısında ölüm səbəbi ağciyərlər və ya ürək olub.

Nəşr yazır ki, müalicə üsullarından biri xəstəni antikoaqulyantlarla müalicə etməkdir: “Karyeram boyu mən belə bir şey görməmişdim. Bəli, çox güman ki, çoxları bunu görməyib”,- Həddad deyir. Amerika Kardiologiya Kollecinin jurnalından 2700 xəstənin məlumatlarının araşdırmasına görə, bu üsul ən ağır xəstələrə kömək edə bilər.

Ancaq bir çox xəstələr hələ də sağalmır. Kaliforniya Universiteti Nevrologiya İnstitutunun bir qrup əməkdaşı isə Covid-19-un beyində laxtalanma meydana gətirə biləcəyini və insulta səbəb olduğunu söyləyirlər. Süni tənəffüs aparatı zamanı laxtalanmalarda daha az sızma olur: ağciyərlərə qan axınının zəifləməsi səbəbindən tənəffüs aparatından oksigen çatmır.

 

Niyə daha çox ürək xəstələri ölürlər?

Amerika Tibb Dərnəyinin Kardiologiya jurnalında xəstəxanaya yerləşdirilən xəstələrin demək olar ki 20 faizində ürək problemlərinin olması qeyd edilib. Vuhandakı başqa bir araşdırmada isə intensiv terapiyaya alınan xəstələrin 44 faizində nizamsız ürək döyüntüsünün olduğu göstərilib. Mənbə yazır ki, bəlkə də, ürək xəstəliyi olan insanların Covid-19-dan daha çox ölməsinin səbəbi budur. Mart ayında İngiltərə və Uelsdə Covid-19-dan ölənlərin ən çox ürək xəstəsi olduğu müəyyən edilib. “Hələ ki, çox şey aydın deyil”, – London İmperial Kollecinin yoluxucu xəstəliklər üzrə professoru həkim Qrem Kuk bildirib.

“Biz ürəyin işemik xəstəliyi olan pasientlər arasında Covid-19-da ölüm dərəcəsinin daha yüksək olduğunu görürük. Bəlkə də, bu ölümlər koronar arteriyalardakı kiçik tromblara görə baş verir”, – o əlavə edib.

Xəstələri ümumi analiz etdikdən sonra Kuk, çox az sayda xroniki ağciyər xəstəliklərinə rast gəldiyinə təəccüblənib. Nyu-York ştatında oxşar bir araşdırma zamanı məlum olub ki, Covid-19-dan ölümlərin yalnız 5 faizində astma aşkar edilib. Ehtimal oluna bilər ki, bu həmin qrup insanların digərlərindən daha çox təcrid olunması ilə bağlıdır. “Yəqin ki, bu həmin şəxslərin arteriyalarında ciddi problem olmadığına görədir”, – Q. Kuk deyib.

 

İmmun sisteminin kəskin reaksiyası da insanı öldürür

Covid-19 xəstələrin orqanlarını məhv edir, lakin bəzən öz orqanizmləri onlara daha böyük zərər verir. Bunu “sitokin fırtınası” adlandırırlar. Bu immun sisteminin həddindən artıq reaksiya verməsi ilə bağlıdır. Bu bədənin infeksiyaya qarşı immun reaksiyası üçün ifraz etdiyi proteinlə əlaqədardır. Covid-19 kimi bir patogen bədənə daxil olduqda, sitokinlər hücum edəni öldürmək üçün immunitet hüceyrələrini infeksiya yerinə cəlb edirlər. Bu cavab çox vacibdir – iltihaba səbəb olur və onun köməyi ilə bədən sağalır.

Ancaq bəzi hallarda bu reaksiya nəzarətdən çıxır: sitokinlər bir yerə yığılır və immun hüceyrələrin çoxluğu meydana gəlir. Bədən virusla birlikdə məhv olur. “Xəstələr əvvəlcə özlərini yaxşı hiss edirlər”,- Həddad izah edir – “Lakin sonra qan təzyiqi düşür və onlar ölürlər. Bu pasientlər əsasən gənclər, əksərən kişilərdir. Onların arasında xeyli sayda qara dərililər, asiyalılar və etnik azlıqlar var. Artıq adət etdiyimizin əksinə olaraq, 35 və 40 yaşlılar da ölürlər”.

Ölənlərə məxsus şəxsi qoruyucu vasitələrin yanında bir dəstə ölüm sənədi də var. Məqalədə qeyd olunur ki, məhv olmuş orqanları isə nəzəri olaraq immun reaksiya ilə izah etmək olar.

“Sitokin fırtınası” əslində yeni xəbər deyil. Eynilə “H5N1” ştammı da sitokin reaksiyasına görə yüksək ölüm nisbəti qeydə alınlrdı. Bunun əsasən gənclərdə müşahidə olunması isə onların immun sisteminin daha az inkişaf etməsi ilə izah olunur.

“Bir neçə onilliklər ərzində “sitokin fırtınası” infeksiyaya uğursuz cavab hesab edildi. Lakin onun əsas xüsusiyyətləri zəif öyrənilmişdi” – Avstraliya Kral Tibb Kollecinin prezidenti, pulmonoloq Con Vilson izah edir.

“Koronavirus infeksiyası zamanı bu proses niyə baş verir? Bu hələ cavablandırılmamış sualdır. İltihab effekti ilə dərman vasitəsilə mübarizə aparmaq mümkündürmü?” – həkim sual edir.

Nəzəri olaraq, bu reaksiya orqanlara çoxlu zərərlər vura bilər. Ancaq hələ hu hamısı deyil”, – Eşvort deyir. “Bunun təkcə “sitokin fırtınası” ilə məhdudlaşmadığından şübhələnirəm. Bəzi hallarda bunun ağciyər tromboembolizmi və ya bakterial infeksiya olduğuna əminəm. Bir neçə şey eyni vaxtda baş verə bilər”, – həkim qeyd edir.

Covid-19-un bu qədər geniş yayılmasının başqa bir səbəbi “Sars-CoV-2” virusudur. Bilirik ki, virus insan hüceyrələrinə nüfuz edir, qan təzyiqi tənzimləyən Ace-2 reseptorlarına yapışır və çoxalmağa başlayır. Bu reseptorlar virusun ilk daxil olduğu yuxarı tənəffüs yollarında çox olur, eyni zamanda ağciyərlərdə, ürəkdə, böyrəklərdə və bağırsaqlarda da var. Virus ilk daxil olduğu yerdən bu orqanların reseptorlarına keçə bilər – “The Lancet” jurnalında yayımlanan elmi mıqalədə qeyd olunur.

 

Cəsədləri yaranda dəhşətlər ortaya çıxır

Ace-2 reseptorları virusun beynə çatmasına kömək edə bilər. “Sars-Cov-2” virusunun izləri serebrospinal maye daxilində də aşkar edilib. Koronaviruslu 214 xəstə üzərində aparılan tədqiqatda xəstələrin 36,4 faizində nevroloji simptomlar müşahidə edilib. Covid-19-un bəzi simptomları- qıcolmalar, insultlar, dad və qoxunun itməsi, nəfəs darlığı və ya ürək aritmiyası və “Giyen-Barre sindromu”, orqanizmin immun sisteminin sinir sisteminə hücumu ilə izah olunur.

Covid-19 qurbanlarının cəsədləri virusun niyə bu qədər dəhşətli olması ilə bağlı vacib məlumatlar verə bilər. Maykl Osborn koronavirusdan ölmüş şəxsin meyitini yarıb. Ölüm səbəbi məlum olduqda, otopsiya (meyit yarma) ümumiyyətlə həyata keçirilmir, lakin Osborn və London İmperial Kollecindəki komandası vaxtında və optimal müalicə tapmaq üçün Covid-19 səbəbindən baş verən ölümü araşdırmağa çalışıblar. Həkimin sözlərinə görə, daha dolğun və detallı araşdırma üçün hələ müəyyən sayda razılaşdırılmış otopsiyanın tamamlanması vacibdir.

Osborn hesab edir ki, Covid-19-un kompleks təsiri virusun özü ilə daha az əlaqəlidir, bu daha çox bizim genetikamızla bağlıdır. Həkimə görə, bu günə qədər Covid-19 simptomlarının yayılmasının səbəbləri aydın deyil. Burada səbəb irsiyyət, digər yoluxucu xəstəliklər və s də ola bilər.

Osborna görə, Covid-19 digər tənəffüs yoluxucu xəstəliklərdən bir xüsusiyyətində – ciddiliyində əsaslı şəkildə fərqlənir. Daha az ağır infeksiyada – məsələn, sətəlcəmdə ağciyər ləkəli ola bilər, xəstələrdə rentgendə qara nöqtələr görünə bilər. Ancaq Covid-19 ağciyərləri tamamilə məhv edir.

Bu acı həqiqəti həkim bir daha vurğulayır ki, hələ Covid-19 üçün bir müalicəmiz yoxdur. Həkimlər, sıradan çıxmaqda olan orqanlara süni tənəffüs və dializ aparatları ilə yardım etməyə çalışırlar. Lakin ümumilikdə virusun özünə qarşı gücsüzdürlər.

Covid-19-un müalicəsinə ümidlər iki yerə bölünür – antiviral və iltihab əleyhinə müalicə. Birincisi virusla birbaşa əlaqəlidir, sonuncusu isə bədənin iltihabi reaksiyası ilə bağlıdır. Antiviral dərmanlar arasında “Gilead” vacib seçim hesab olunur.

Digər qrup dərmanlar isə iltihaba qarşı yönəldilib. Britaniyanın “The Lancet” tibb jurnalında son araşdırmaya görə, iltihab əleyhinə dərmanlar bədənin reaksiyasını yatırmağa kömək edə bilər. Yəqin ki, bunlardan ən məşhuru tocilizumabdır”, – həkim Kuk deyir. Onun sözlərinə görə, adətən bu dərmandan revmatoid artritin müalicəsində istifadə edirlər. Keçən ay bütün sınaqlar tamamlanıb. Hesab olunur ki, bu dərmanlar “sitokin fırtınası”nın inkişafına mane ola bilər.

Həkim hesab edir ki, bu dərman kritik xəstələrin sayını azalda bilər. Onun sözlərinə görə, xəstəliyin yeddinci günündə insanları bu dərmanlarla müalicə etmək mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir