Siyasət və dəb: Avropa kraliçaları necə geyinir? – FOTOLAR

Baxış sayı: 1. 450

Yeni ildə qarderobunuzda dəyişiklər etməyi planlaşdırır, tamamilə yeni əhvala köklənmək istəyirsiniz? Bu mənada Avropa kraliçaları sizin üçün ən yaxşı ilham pərisi ola bilər.

“Publika.az”-ın  “9 don” layihəsinin bu rubrikasında müasir dövrün kraliçalarının geyim tərzini təhlil etmişik.

Böyük Britaniya kraliçası  II Yelizaveta

II Yelizaveta müasir dövrün ən məşhur kraliçasıdır. Bu il o, kraliça-rekordçusu olaraq qalır. Belə ki, II Yelizaveta sentyabrda Böyük Britaniya tarixində hakimiyyətdə ən uzun müddət olan kraliça seçilib.

Doğum tarixi: 21 aprel 1926-ci il (89 yaş)

Kraliça vəzifəsi: 1952-ci ildən

Üslubunun əsas xüsusiyyətləri

Uzun illər hakimiyyətdə olan II Yelizevetanın geyim tərzi hər zaman nümunəvi olub. Kraliçanın qarderobunu əsasən, birrəngli kostyumlar, paltar-futlyarlar və əlbəttə ki, şlyapalar tutur. Deyilənlərə görə, II Yelizavetanın, təxminən 5000 cürbəcür baş örtüyü və şlyapa kolleksiyası var. Kraliça obrazından başqa, II Yelizaveta  alternativ sadə geyim üslubunda tez-tez görünür. O, şəhərətrafı gəzintiyə gedən zaman birrəng paltolarını rəngbərəng pərqu gödəkcələrə dəyişir.

Vətənpərvər kraliça ənənəyə görə, yalnız britaniyalı dizaynerlərdən geyinir. Müxtəlif illərdə kraliçanın qarderobu üzərində  Hardi Emis, Yan Tomas, Morin Rouz, Con Anderson və Stüart Pərvin kimi dizaynerlər çalışıb.

İspaniya kraliçası Letisiya

İspaniya kralı IV Filipp  Avropanın ən gənc və yaraşıqlı krallarından biridir. Bundan başqa onun həyat yoldaşı Letisiya aristokrat nəslin nümayəndəsi deyil. O, taxtın varisi ilə ailə qurmazdan əvvəl televiziyada jurnalist kimi fəaliyyət göstərib.

Doğum tarixi: 15 sentyabr 1972-ci il (43 yaş)

Kraliça: 2014-ci ildən

Üslubunun əsas xüsusiyyətləri

Letisiya müxtəlif ola bilir. O, kübar tədbirlərə təmkinli klassik kostyumlar, yaxud da döşəməyə qədər uzanan ziyafət libaslarında gəlir. Yeri gəlmişkən qeyd edək ki, kraliça paltarının ətəyini nadir hallarda dizdən yuxarı qaldırır. Çünki protokol qaydalarına əsasən, bu, qadağandır. Kraliça, adətən, çox açıq pastel rəngləri seçir. Buna baxmayaraq, bəzən qara geyməyin də əleyhinə deyil. Letisiya krujevalara qarşı da xüsusi maraq göstərir.

Kraliça gündəlik həyatında özünə rahat geyimlər icazə verir: cins şalvar, bricilər, puloverlər və boş bluzlar onun qarderobunda özünə yer tapıb.

Letisiya da II Yelizeveta kimi ispan dizaynerlərinə üstünlük verir. Kraliçanın moda sahəsində pərəstiş etdiyi brend “Felipe Varela”-dır. VI Filippin gözəl həyat yoldaşı ucuz moda evlərindən geyinməyin də əleyhinə deyil.

Danimarka kraliçası  II Marqrete

Danimarka kraliçası Ülyahəzrət II Marqrete yaradıcılığa olan böyük həvəs və marağı ilə tanınır. Onun ən sevimli məşğuliyyətləri siyahısında səhnə tərtibatı, rəngkarlıq, qrafika, tikmələr, kitab illüstrasiyası var. Müxtəlif illərdə o, balet, dram tamaşaları və teleşoular üçün kostyumlar və səhnə tərtibatı hazırlayıb, eləcə də, “Üzüklərin hökmdarı” rəsm seriyasını yaradıb.

Doğum tarixi: 16 aprel 1940-ci il (75 yaş)

Kraliça: 1972-ci ildən

Üslubunun əsas xüsusiyyətləri

Yaradıcılığa böyük meyli olan II Marqretennin qarderobunun da səhnə kostyumlarına yaxın olması heç də təəccüblü deyil. Əlbəttə ki, hakimiyyətdə olduğu illərdə kraliçanın gözəl və təmkinli geyimləri də olub. Ancaq o, paltarlarını bəzəkli sancaqlarla, parlaq elementlər, yumşaq xəzlərlə rəngləndirməyin əleyhinə deyil. Danimarka kraliçası aristokratlara xas olan lələkli şlyapalar barədə də unutmur. Onu hətta ən əcaib baş örtüklərində də görə bilərik. Yeri gəlmişkən qeyd edək ki, öz üslubu ilə həyatsevər kraliça ölkə əhalisinin də rəğbətini qazanıb.

İsveç kraliçası Silviya

İsveç kralı XVI Karlın həyat yoldaşı əla zövq duyumu və xeyriyyəçilik fəaliyyəti ilə məşhurdur. Kraliça Kral fondunun sədridir, habelə Beynəlxalq Uşaq Fonduna rəhbərlik edir, həmçinin də əlil idmançılara kömək edir.

Doğum tarixi: 23 dekabr 1943 (72 yaş)

Kraliça statusu: 1976-ci ildən

Üslubunun əsas xüsusiyyətləri

Kraliça Silviya mürəkkəb bəzəklərə, dizdən aşağı geyimlərə üstünlük verir. Onun geyim üslubunun əsas xüsusiyyətlərindən biri şlyapaların olmamasıdır. “Həmkarlarından” fərqli olaraq  Silviya baş örtüklərini sevmir. Lakin saçını taclarla bəzəməyi çox xoşlayır.

Belçika kraliçası Matilda  

Belçika kralı II Albertin həyat yoldaşı Matilda əsl aristokratdır. Onun atası belçikalı qraf Patrik Anri Dudek  Dakoz, anası isə polşalı qrafinya  Anna Komorovskadır. Belçika kraliçası ixtisasca psixoloqdur, amma onun əsas vəzifəsi xeyriyyəçilikdir. Matilda aztəminatlı ailələrə, həmçinin HİV xəstələrinin müalicəsinə yardım edir.

Doğum tarixi: 20 yanvar 1973 (42 yaş)

Kraliça statusu: 2013-ci ildən

Üslubunun əsas xüsusiyyətləri

Kraliça Matilda çox sadə, lakin parlaq paltarlara üstünlük verir. Digərlərindən fərqli olaraq, belçikalı kraliça əlvan rənglər və çiçək naxışları ilə eksperiment aparmaqdan qorxmur. Üstəlik, krallığın nizamnaməsini pozaraq dizdən yuxarı ətəklər geyinməyə cəsarət edir. Təəccüblüdür ki, həyat yoldaşı II Albert onun qısa yubka geyinməsindən qətiyyən narahat deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir