siyasetciler

Siyasətçilərin idman məşğuliyyəti – “At çapmışam”, “Basketbola getmişəm”

Baxış sayı: 1. 568

Həmkarlar bunu nəzərə alaraq, Azərbaycanın tanınmış siyasətçilərinin hansı idman növü ilə məşğul olduqlarını və hansı idman növünə azarkeşlik etdiklərini öyrənməyə çalışıb.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyir ki, güləş üzrə idman ustasıdır. YAP-çı deputat 10 yaşından güləşlə məşğul olub. O, 1988-ci ildə hətta SSRİ çempionu da olub. Siyavuş Novruzov indinin özündə də arabir idmanla məşğul olur.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə 1987-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri arasında ağırlıqqaldırma üzrə ikinci yeri tutmaqla yanaşı, idman ustası da olub. Amma o, hazırda  ağırlıqqaldırma ilə məşğul deyil.
İqbal Ağazadə indi hər gün 7-8 km yolu qaçmağı sağlamlıq kimi dəyərləndirir.

Ədalət Partiyasının sədri  İlyas İsmayılov boyunun hündür olmasından yararlana bilib. “Cavanlıqda çox ciddi şəkildə basketbolla məşğul olmuşam. İndi isə yaşlanmışam. Ona görə də  güləşən, top oynayan vaxtım deyil. Sadəcə, bu yaşda azarkeşlik etdiyim idman növü futboldur”.

AMİP  lideri Etibar Məmmədov məşğul olduğu idman növündən danışarkən bunları deyib:
Məktəb illərində gimnastika ilə çox məşğul olmuşam. Ondan sonra tələbəlik illəri gəldi və özümün siyasətdə aktiv olduğumu gördüm. O illər ərzində üzgüçülük və tennis idman növü ilə məşğul olmuşam. Bu iki idman növü ilə indi  də məşğul oluram. Xüsusi azarkeşlik etdiyim idman növü yoxdur. Çünki hər bir idman növü ilə müntəzəm olaraq maraqlanıram”.

Müsavat Partiyasının başqanı Arif Hacılının başı siyasətə yaman qarışıqdır. “Uzun illər futbolla məşğul olmuşam. İndi isə müəyyən səbəblər üzündən futbolla məşğul olmuram. Futbol həm də azarkeşlik etdiyim idman növüdür”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər zamanında idmanla məşğul olub:
“Əvvəllər  sərbəst güləşlə məşğul olmuşam. İndi hər hansı idman növü ilə məşğul olmuram. Sadəcə olaraq, hər gün bir saat açıq havada gəzirəm. Xüsusi azarkeşlik etdiyim idman növü yoxdur. Maraqlı futbol, basketbol oyunlarını, boks yarışlarını izləyirəm”.  

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət  isə hələ uşaqlıqdan kişi xarakterli olması ilə seçilib. Partiyanın sədri Əvəz Temirxan Lalə Şövkət haqqında bunları deyib: 

“Lalə Şövkət çox yaxşı at çapmağı bacarır. 1965-ci ildə Lalə xanımın 14 yaşı olanda atası Şövkət bəy onu dünya şöhrətli futbolçu, braziliyalı Pelenin oyununu izləmək üçün Moskvaya aparıb. Lalə Şövkət yaxşı maşın sürməyi də  bacarır. İndi isə elə bir şərait olmadığından heç bir idman növü ilə məşğul olmur”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı idmanın hansı növü ilə məşğul olmağından danışarkən belə deyib:
“Universitetdə oxuduğum illərdə güləşlə ciddi məşğul olmuşam. Müəyyən uğurlar qazanmışam. Ancaq sonradan bu idman növü ilə obyektiv səbəblərə görə vidalaşdım. Çünki qəzaya uğramağım nəticəsində ayağımdan aldığım yara imkan vermədi ki, güləşə olan marağımı davam etdirim. Voleybolla da məşğul olmuşam. Deyərdim ki, bu idman növünün həvəskarı olmuşam. Hətta, 44-45 yaşıma qədər həftədə 2-3 dəfə voleybolla müntəzəm məşğul olmuşam. İndi isə üzgüçülüklə məşğul oluram. Bu idman növünü indi daha çox sevirəm”.

modern.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir