dizayn

Skandinav interyerinin əsas elementləri – “EVİN İŞİ”

Baxış sayı: 194

Artıq dünyanın hər yerində çox sevilən bu interyer tərzini kosmetikadan az istifadə edən və təbii gözəlliyi ilə özünə heyran edən qadına oxşatmaq olar. Finlandiya, Norveç, Danimarka, İsveç kimi Şimali Avropa ölkələrində yaranmış və sadə gözəlliyi ilə seçilən bu tərz ötən əsrin 50-ci illərindən populyarlaşmağa başlasa da, tarixi daha qədimdir. Belə ki, XVIII əsrdə pafos və dəbdəbədən uzaqlaşmaq istəyən III Qustav həmin dövrlərin məşhur rokoko və ampir tərzlərindən imtina edərək həqiqi ev ab-havası olan bir tərzin əsasını qoymuş olur. Bəs bu günədək aktuallığını qoruyan skandinav interyerinin əsas elementləri nələrdir? “Gencaile.az” saytının “EVİN İŞİ” rubrikasında məhz bu haqda danışacağıq.

 

Funksionallıq və minimalizm

İnsan rahatlığının ən çox önə çıxdığı tərzlərdəndir. Göstəriş üçün lazımsız, heç bir funksiya daşımayan əşya demək olar ki, olmur. Dekor, mebel çox azdır. Bununla belə, otaqlarda boşluq hiss olunmur.

 

Bol işıq

Məlum məsələdir ki, şimal ölkələrində günəşli günlərin sayı azdır. Buna görə də interyerin əsas funksiyası otaqlara daha çox işıq “daşımaqdır”. Bu məsuliyyətli işi boynuna böyük pəncərələr, ağ rəngli tül pərdələr, açıq rəngli divarlar götürür və işığı dəfələrlə əks etdirərək aydın, ürəkaçan görüntü yaradırlar.

Divarların da rəngi əksər vaxt ağ, bej, açıq boz, mavi, pastel tonlarda olur. Ciddi ab-havanı isə əlvan rəngli əlavələr dəyişə bilər.

 

Təbii materiallar

Bu tərzdə ən gözəçarpan və mənim çox sevdiyim şey evə istilik verən təbii ağac rəngidir. Bu özünü sadə formalı mebellərdə, döşəmə və parket rənglərində, tekstildə özünü göstərir. Ümumiyyətlə, üstünlük ağac, daş və gips suvağı kimi təbii və ekoloji təmiz materiallara verilir.

Tekstildə isə bu yanaşma pambıq, kətan və yun parçalarda əks olunur. Çoxlu yastıq, yumşaq örtüklər, isti, yumşaq xalçalar və heyvan dəriləri ilə örtülmüş döşəmə soyuq Skandinaviya evlərinə sakitlik və rahatlıq hissi qatır. ⠀

Dəbdəbə, yoxsa rahatlıq?

 

Mebel

İlk növbədə, onu qeyd edək ki, burada mebelin və bütün əşyaların əsas vəzifəsi insanların gündəlik tələblərinə cavab vermək və bunu zövqlü şəkildə etməkdir. Sadə, yüngül və eyni zamanda eleqant mebellərdə dəqiq xəttlər və lakonik formalar öz sözünü deyir. Yerləşdirmə zamanı isə minimum sahə aparmasına diqqət edirlər. Material olaraq əsasən emal olunmamış təbii şam ağacından istifadə olunur. Bü cür materialdan olan mebelin üstünlüyü odur ki, interyer vizual olaraq yüklənmir və istirahət üçün şərait yaranır. Təbii ki, bu cür sadə tərzdə bizdəki kimi laklı mebellər görmək çətindir, mebel səthləri əsasən mat olur. Bu, həm də ona görə rahatdır ki, mat səthdə barmaq izləri və ya digər ləkələr çox qalmır.

Skandinaviya stilində əşyaların saxlanılması üçün açıq rəflərdən istifadə olunur. Bu rəfləri gözəlləşdirən isə ağacdan, parça materialdan səbətlər, rəngli qutular, konteynerlərdir.

 

Aksesuarlar

Bu qədər sadəlik yetər deyib, şimal xalqları aksesuarları ilə interyerlərinə xüsusi notlar əlavə edirlər. İlk olaraq işıqlandırma üçün fərqli lampaları vurğulamaq lazımdır – torşerlər (yerdən başlayan uca lampalar), divar lampaları, stolüstü lampalar – çox vaxt bunların hamısından və əlavə olaraq güzgülərdən istifadə edirlər. Səbəb isə çox sadədir, günəş işığı az olduğundan evi hər yolla daha çox işıqlandırmaq lazım gəlir.

Son olaraq onu da qeyd edək ki, mebel nə qədər sadə və lakonik olsa da, fərqli çərçivələr, qab-qacaq və tekstil əlvanlığı və təbii ornamentlərin müxtəlifliyi məşhur skandinav “cozy” ab-havasını yaratmağa bəs edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir