usaq

Şok təsbit: döyülən uşaqlar vicdansız olur – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 365

Döymək – uşaqları nəzarətdə saxlamaq üçün tez-tez istifadə edilən üsullardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq əvəzinə, daha asan olan fiziki güc tətbiq etməyi seçirlər.

Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda vicdan və əxlaqın zəif formalaşmasına gətirib çıxarır. Müasir dövrdə insan sərbəst düşünə bilməli, hər vəziyyətə uyğunlaşmağı bacarmalıdır. Döyülən uşaqlarda isə bu, alınmır. Belə uşaqlar daha kinli olur.

 

Uşağın döyülərək cəzalandırılması vicdanının zəif formalaşmasına gətirib çıxarır. Çünki:

– Uşaq dəcəllik edərkən döyülərsə, etdiyinin qarşılığını artıq ödədiyini düşünür və bu zaman hərəkətlərini, davranışını düzəltmək üçün səy göstərməyi vacib saymır.

– Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Uşaq etdiyinin pis bir şey olduğunu bilib, özünü günahkar hiss etmək əvəzinə, onu döyəni günahlandırır.

– Uşağın valideynlərindən daha zəif, gücsüz, aciz olduğunu bu formada öyrənməsi onu utandırır və sarsıdır. O, valideynlərinə qarşı güvənini itirir.

– Uşaq valideynlərinin davranışlarını təqlid edərək, problemlərini təcavüzkarlıqla həll etməyə çalışır. Əsəbləşəndə döyməyə əl atır. Beləliklə, fiziki cəza uşağa vicdanlı olmamağı öyrədir!

Bəzi hallarda valideynlər uşağı səhv bir hərəkətdən qorumaq üçün vurmaqdan başqa çarə tapa bilmirlər. Əgər valideynlər uşağı döyməyə məcbur qalırlarsa, heç olmasa aşağıdakı qeydləri nəzərə alsınlar:

– Deyilən sözü başa düşən 6 yaşdan yuxarı uşağı vurmağın gərəyi də, faydası da yoxdur.

– Sözlə anlamayan uşağın arxasından və ya əlindən bir-iki sillə vurmaq bəsdir. Başa-üzə sillə vurmaq, kəmər, çubuq kimi şeylərlə döymək çox zərərlidir. Bu, ana-ataya deyil, zülmkara yaraşır.

 

Uşağı döyməyin əslində zərərli olduğunu anlamaq və buna ancaq aşağıdakı hallarda son çarə kimi əl atmaq olar:

– Uşaq başqasına qəsdən və bilərək zərər verərsə.

– Davamlı xəbərdarlığa baxmayaraq, pis hərəkətində israr edərsə (məsələn, elektrik cərəyanı ilə, qazla oynamaq).

Yenə də, əsas qaydamızı təkrarlayaq:

 

Əlinizdən gəldiyi qədər uşağı döyməkdən uzaq olmağa, söz başa düşən yaşda sözlə izah etməyə, döyməyi faydası olduğu zaman seçməyə, əsəb və gərginlik keçirdikdə fiziki gücü qəti tətbiq etməməyə çalışın.

Sonda isə onu demək istəyirəm ki, uşaq sahibi olmaq böyük bir məsuliyyətdir. Ana və ata uşağın tərbiyəsinə birlikdə ciddi şəkildə fikir verməlidirlər.

İnanın, nə qədər mümkünsüz görünsə də, uşağı ona xətər yetirmədən böyütmək mümkündür.

 

 “NARINC” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir