bosanma

Sonsuzluq səbəbi ilə boşanmalar niyə çoxalıb?

Baxış sayı: 1. 771
Azərbaycanda ər-arvad boşandıqdan sonra əsas problemlər uşaqlı ailələrdə yaranır. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. Onun sözlərinə görə, ər-arvad ayrıldıqdan sonra ortaya çıxan əsas problemlər uşaqların hansı valideynin yanında qalması, alimentin ödənilməməsi, qeydiyyatla bağlı olur.
Komitənin belə ailələrdə uşaqlara psixoloji baxımdan yardımlar göstərdiyini nəzərə çatdıran E.Səfərov əlavə edib ki, Azərbaycan ailələrində boşandıqdan sonra əsas ortaya çıxan problemlərdən biri də birgə əmlakların bölüşdürülə bilməməsi səbəbindən yaranır: “Boşanan zaman ən çox rast gəlinən problemlərdən biri də tərəflərin rəsmi nikahının olmamasıdır. Buna görə də məsələhətimiz odur ki, tərəflər nikaha daxil olarkən dini nikahla bərabər, rəsmi nikah da bağlasınlar”.
E.Səfərov əlavə edib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2016-cı ilin ilk 6 ayı ərzində Azərbaycanda 6281 boşanma faktı qeydə alınıb. Komitə rəsmisinin sözlərinə görə, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması boşanmaların əsas səbəbləri arasındadır. Qeyd edək ki, Azərbaycanda uşaqlı ailələrdə boşanmaların sayı artıb. Statistik məlumatlara əsasən, 2015-ci ildə Azərbaycanda 12764 boşanma qeydə alınıb. Onların 6950-si uşaqsız, 5814-ü uşaqlı ailələrdə qeydə alınıb ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur. 2015-ci ildə boşanmış uşaqlı ailələrdə 9378 uşaq olub. Azərbaycanda uşaqsız ailələrdə də boşanma halları artır. Uşaqsız ailələrdə boşanma hallarının sayı 2009-cu ildə 4634, 2010-cu ildə 5527, 2011-ci ildə 7368, 2012-ci ildə 7575, 2013-cü ildə 7972, 2014-cü ildə 6840, 2015-ci ildə, 6950 olub.
Statistik rəqəmlərə baxdıqda, boşanmaların böyük bir qisminin məhz sonsuzluqla bağlı olduğunu görə bilərik. Elm və texnikanın bu qədər inkişaf etdiyi cəmiyyətdə bu problemə görə dağılan ailələr var. Bəs görəsən sonsuzluq problemi niyə getdikcə daha da artır? Ümumiyətlə, sonsuzluq ailənin dağılmasına əsas olmalıdırmı? Niyə bizdə süni mayalnmaya birmənalı yanaşılmır?
Ginekoloq Naibə Həsənova deyir ki, sonsuzluq probleminin geniş arealı əhatə etməsinin əsas səbəblərindən biri də maddi vəziyyətlə bağlıdır: “Bir çox ailələrin maddi durumu imkan vermir ki, onlar vaxtında  tələb olunan müalicəni etsinlər. Bəzən sonsuzluğun bəzi növləri cərrahi əməliyyat tələb edir. Bu da kifayət qədər maddi vəsait tələb edir. Həmçinin bizdə milli mental dəyərlərə görə sonsuzluq zamanı daha çox qadının üzərinə düşülür. Lakin qeyd edim ki, kişilərin özünün nəsil artırmaq qabiliyyətinin aşağı olması da burada əsas rol oynayan  faktorlardan biridir”.
Ginekoloq bəzi məqamlara da aydınlıq gətirdi: “Sonzuluğun son dövrlərdə geniş yayılmasının bir səbəbi də ekoloji faktorlardır. Əlverişli mühitin olmaması, iş stressləri, beyinin çox yüklənməsi də burada müəyyən mənada rol oynayır. Bu zaman gənc ailələr bir çox hallarda süni mayalanmaya razılıq vermirlər. Bu da qeyd etdiyim kimi, bizim milli-mental dəyərlərimizlə birbaşa bağlı olan bir problemdir. Hesab edirəm ki, insanlar maariflənərsə və bu haqda geniş məlumat əldə edərlərsə, bu problem aradan qalxa bilər. Lakin bir şeyi vurğulmaq lazımdır ki, süni mayalanma sonsuzluğun çarəsi deyil. Çünki təkcə süni mayalanma ilə iş bitmir. O cümlədən süni mayalanma ilə bütün qadınlar sonsuzluqdan azad ola bilmirlər. Onun da faizi çox aşağı səviyyədədir. Məsələn, hər 10 xəstədən 5-də bu, effekt göstərirsə, yerdə qalan 5-də  təsir göstərmir. Bəzi ailələr süni mayalanma üçün 2-3 dəfə müraciət etsələr də, yenə də uğurlu alınmır. Bundan sonra isə əksəriyyət davam etmir. Təbii ki, hər şeyin başında ilk növbədə maddiyyat dayanır. Ümumiyyətlə, sonsuzluğa səbəb olan 5 amil var ki, bunlardan birincisi və ən önəmlisi hormonal faktorlar hesab olunur. Həmçinin cinsi yolla keçən infeksiyalar da sonsuzluğun geniş yayılmasına səbəb olan əhəmiyyətli faktorlar sırasındadır. Bu infeksiyalar iltihab törədir və mayalanmaya imkan vermir. Sonsuzluğun başqa bir səbəbi isə irsi faktorlardan irəli gəlir. Genetik amillər burada mühüm rol oynayır”
 
Sosioloq Lalə Mehralı da deyir ki, boşanmaya ən çox rəvac verən amillərdən biri məhz sonsuzluq hesab olunur: “Ötən ilin ikinci yarısında da bu mövzu mətbuatda çox müzakirə edildi: “Mən onda da boşanma səbəbləri arasında ən birinci səbəbin erkən nikah, buna bağlı olaraq sonsuzluq olduğunu göstərmişdim Məlumdur ki, yetkinlik yaşına çatmayan qızların nəsilartırma qabiliyyəti məhdud olur və saysız-hesabsız dərman, iynə müalicəsi təyin edən həkim “səy”i nəticəsində az faizlik doğuş payı da yox olur. Bu da təbii ki, ailələrdə söz-söhbətə səbəb olur, nəticə boşanmalaradək gedib çıxır. Bu fikrimə bir çox ekspert etiraz etdi, amma açıqlanan statistika onu göstərir ki, bu gün həqiqətən də boşanmaların əksətiyyətində bu amil asas rol oynayır. Səbəblər arasında qeyri-düzgün həyat tərzi, zərərli vərdişlər və s. də var. Amma bu səbəblər içində boşanmaya ən çox rəvac verən əsas amil sonsuzluqdur. Bizim mentalitetdə “uşaq olmasa olmaz!” düşüncəsi hakim olduğu üçün övladı olmayan qadını və ya kişini ailəli görmək istəmirlər”.
L.Mehralı deyir ki, çox vaxt valideynlər qızını və ya oğlunu övladı olmayan biri ilə yaşamağa qoymur: “Bizdə belə bir fikir var ki, əgər övladın yoxdursa, sənin ailəli olmağa haqqın da yoxdur. Bu düşüncə tərzi Azərbaycanda ailə institutunu dağıdır. Süni mayalanma yolu ilə övlad sahibi olan ailələrimiz də çoxdur, amma onlar ətrafları tərəfindən çox qınağa məruz qalırlar. Ailədə doğulan uşağın kişidən olmadığını, donor vasitəsi ilə doğulduğunu, atasının məlum olmadığını, hətta daha da aqressivləşib “bic” doğulduğunu qulaqdan-qulağa fısıldayırlar. Ata övladının bioloji atası olduğunu bilir, amma bu fısıltılar onu da narahat edir. Dost məclisində, xeyir-şərdə iki nəfər söhbət edəndə onun ailəsini müzakirə edirlər deyə düşünür. Bu pıçıltılar səbəbindən də süni mayalanma fikri bizim cəmiyyətdə o qədər də xoş qarşılanmır. Qonşusunun ailəsindəki bu söz-söhbəti eşidən, süni mayalanma etdirərək övlad sahibi olmaq istəyən başqa bir övladsız ailə də fikrindən daşınır. Daha doğrusu, əsasən kişilər istəmir. 5 il, 10 il boşanmayıb müalicələrin effekt verəcəyini gözləyən cütlüklər var ki, sonunda boşanırlar, amma süni mayalanma etdirmirlər. Uşaq evindən körpə götürüb saxlamaq məsələsi boşanmalardan qurtuluş yolu ola bilərdi, amma övladlığa götürmə şərtlərinin ağır olması da bunu əngəlləyir. Doğrudur, şərtlər yüngül olsaydı, dövlət himayəsində olan uşaqların sonrakı taleyi müəmmalı olardı, hər yoldan ötən uşaq övladlığa götürüb istədiyi əməl üçün onu istismar edə bilərdi. Şərtlərin ağır, daha doğrusu, ciddi olması bu problemin qarşısını alır. Amma təəssüf ki, bizim ailələr də uşaq evindən övlad götürməyi sevmirlər. Özləri istəyəndə böyüklər mane olur, “qanı qanımızdan deyil” kimi bəhanələrlə gəncləri fikirlərindən yayındırırlar. Uşaq ailənin iki təməl fərdi – ata və ana arasındakı körpüdür.O körpü ailənin daha möhkəm, daha sağlam olmasına xidmət edir. Cütlük öz aralarında bəzən yola getməsələr də, körpə üçün ən optimal yolu seçə bilirlər, ona görə bir-birinə güzəştə gedirlər. “Sevgi, eşq, məhəbbət – bunlar olan yerdə bu körpü olmasa da fərq etmir” deyənlər çoxdur, amma onların dediyi ailələr də cəmiyyətin çox az hissəsini təşkil edir. Yəni qurulan bütün ailələrimizdə mental dəyərlərdən qaynaqlanan bir istək var ki, bu da övlad istəyidir”.
Psixoloq Könül Mikayılzadənin sözlərinə görə bizdə ailələr fərqli stereotiplər və kriteriyalar üzərində qurulur: “Bizdə oğlanlar və qızlar ailə qurarkən müxtəlif  kriteriyalara diqqət yetirirlər. Onlar dərk etmirlər ki, əslində hər şeydən önəmlisi qarşı tərəflə olan uyğunluqdur. Qərbdə gənclər ailə həyatı qurarkən qarşı tərəflə bütün cəhətlərin üst-üstə düşüb-düşmədiyinə çox önəm veririlər. Onlar hətta bir-birlərinin cinsəl həyatında uyğun gəlib-gəlmədiyinə belə önəm verirlər. Bizdə isə milli mentalitet buna qətiyyən imkan vermir. Əksinə, qızlar oğlanın imkanına, evinə, maşınına, oğlanlar isə bu qızın həyatında ilk olub-olmadığına önəm verirlər. Evlənəndən sonra gənclər bu ailəni saxlaya biləcəklərmi deyə əmin olmaq lazımdır. Cəmiyyətimizdə el-oba nə deyəcək kimi və s. fikirlər hər zaman önəmli olur. Bir çoxları fikirləşir ki, ailə quran kimi, uşaq dünyaya gəlməlidir. Yoxsa qohum-əqrəbaya nə deyərik? Belə ailələr süni mayalanmaya ümumiyyətlə getmirlər. Çünki bu, psxioloji bir şeydir. Onlar dərk etmirlər ki, əslində bu eyni prosesdir. Sadəcə, biri təbii yolla, biri isə kliniki yolla həyata keçirilir. Gənclərin bir çoxu psixoloji olaraq buna ümumiyyətlə hazır deyillər. Daha doğrusu, onlar süni mayalanmanın nə olduğunu dərk etmirlər. Buna görə də xeyli sayda  ailələr dağılır”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir