online

Şopinq edək, amma evdən çıxmayaq

Baxış sayı: 2. 438

Bu yaxınlarda cəmiyyət mühəndislərindən biri müsahibəsində insanların sosiallaşmaq adına həyati əhəmiyyət daşıyan bəzi vərdişlərindən vaz keçdiklərini demişdi. Bunlardan biri də alış-veriş vərdişi idi. Belə ki, artıq müasir dünya insanı onlayn bazarlığa önəm verməyə başlayıb. Evindən çıxmadan, internetin, kompüterin başında mağazadan özünə geyim, evinə əşya, hətta yemək, bazarlıq edir. Məhsulu gözü ilə görmədən, necə deyərlər, toxunmadan, keyfiyyətini yoxlamadan, paltardısa əynində necə qaldığını bilmədən, yeyinti məhsuludursa, qoxusunu hiss etmədən… onu almağa çalışır.

 

Ən məşhur saytlar və aralarındakı rəqabət…

Son illər Azərbaycanda da onlayn alış-veriş saytlarının sayı çoxalıb. Tezbazar.az, bazarlıq.com, bazarolsun.com, bizimmarket.com, bookstore.com, ekskluziv.az, quqqu.com, eniqma.az, torg.az, florist.az, ae-magaza.com,  shop.az, topshop.az, gerek.az, fulal.com tipli saytlar tez-tez sosial şəbəkədən bizlərə boylanır. Artıq milli adlanan bu saytlarla yanaşı, Türkiyə və Rusiya saytlarında da sözügedən xidmətlər populyardır və milli alıcılar onlara da müraciət edir.

Amma dünya üzrə məşhur olan onlayn alış-veriş saytları amazon və ebay-dır. Bundan başqa olanlar əsasən lokal ərazilərdə tanınan saytlardır və ölkələr-bölgələr üzrə kifayət qədər tanınmış saytlar var. dhgate.com saytı da bu qəbildəndir. Amma orda əsasən Çin mallarıdır. Çinin ən böyük elektron alış-veriş portaldır. Burada bir mal-a baxdıqda onun hansı express-lə göndərilə biləcəyi və qiyməti yazılır. SpiderBuy.com saytında da qiymətlər amazon və ebayla rəqabətdədir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, sözügedən həcmin artım tendensiyası, e-ticarətə müraciət edənlərin sayının sürətlə çoxalması ölkə rəhbərliyinin diqqətini cəlb edib və bu sahədə vətəndaşlarımızın rahatlığının təmin edilməsi və maddi maraqlarının qorunması istiqamətində Azərbaycan hökuməti tərəfindən mühüm addım atılıb.

Belə ki, elektron ticarət yolu ilə daha qiymətli mal və əşyaların gətirilməsinə şərait yaratmaq məqsədilə müvafiq gömrük qaydaları yenidən işlənib. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları” təsdiq edilib.

Yeni qaydalarda öz əksini tapmış əsas prinsipial məqamlardan biri də ondan ibarətdir ki, beynəlxalq poçt göndərişləri vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən qeyri-kommersiya, yaxud qeyri-istehsal xarakterli mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməklə poçt vasitəsilə gətirilə bilər.

Məlumdur ki, əvvəllər bu güzəştin məbləği 200 ABŞ dolları ekvivalenti təşkil edib. Digər bir yenilik isə ondan ibarətdir ki, əgər gətirilən malın dəyəri təyin olunmuş həddi (1000 ABŞ dollarını) aşarsa, gömrük rüsumu yalnız həmin həddən artıq olan məbləğə tətbiq ediləcəkdir. Bundan əvvəlki qaydalara görə isə, gömrük rüsumu dəyəri 200 ABŞ dollarından yuxarı olan malın tam dəyərinə tətbiq edilirdi. Sözügedən dəyişikliklər vətəndaşlara daha böyük imkanlar yaratmaqla onların vəsaitlərinə qənaət etməsinə gətirib çıxardıb. Bu qərar artıq cari ilin noyabr ayının 27-dən qüvvəyə minib. Hesab edilir ki, vətəndaşların hökumətin onlar üçün yaratdığı bu imkanlar barəsində məlumatlarının artması alış-veriş zamanı elektron ticarətə üstünlük verəcək, bu da öz növbəsində poçt göndərişlərinin həcminin daha da artmasına təsir edəcəkdir.

Bununla yanaşı, yeni qaydalar vətəndaşlarımıza şəxsi istifadəsi üçün daha geniş çeşidli və dəyəri nisbətən yüksək olan mal və əşyaların beynəlxalq poçt göndərişləri vasitəsilə gətirilməsinə şərait yaradacaq.

Qeyd olunmalıdır ki, bu sahədə poçt müəssisələrinin üzərinə də ciddi vəzifələr düşür. Ona görə də “Azərpoçt” MMC tərəfindən artıq bəzi tədbirlər həyata keçirilməkdədir. Belə ki, internet sifariş əsasında ölkəyə daxil olan poçt göndərişlərinin çatdırılma keyfiyyətini yüksəltmək məqsədilə “Azərpoçt” MMC-də yeni “SMS-bildiriş” xidmətinin tətbiqinə başlanılıb.

Poçt müəssisələrinə daxil olan beynəlxalq göndərişin üzərində alıcının telefon nömrəsi olduqda, həmin nömrəyə operativ olaraq “SMS-bildiriş” göndərilir və bildirişdə vətəndaşın adına poçt göndərişinin daxil olması və göndərişi almaq üçün xidmət göstərən poçt şöbəsinə müraciət etməyin zəruriliyi barədə məlumat verilir.

Yeni xidmətin tətbiqi artıq ilk müsbət nəticələrini verib və beynəlxalq kiçik paket və bağlamaların çatdırılmasını xeyli dərəcədə sürətləndirib.

 

Arzularla reallıq üst-üstə düşmür

Bu günlərdə sosial şəbəkədə onlayn alış-verişin fəsadları ilə bağlı maraqlı bir fotosessiya paylaşılmışdı. Həmin fotosessiyada insanlara onlayn alver saytlarında təqdim edilən parıltılı paltarların sifariş verilib, ünvana çatdırılandan sonrakı görüntüləri təqdim edilmişdi. Yəni ki, müxtəlif effektlərin və onları daşıyan manekenlərin köməyi ilə olduqca cəlbedici görünən paltarların sifarişdən sonra… “ağlamalı” görüntüsü hər kəsi şoka salmışdı. Əslində isə problem təkcə bu görüntünün pisliyində deyil. Onlayn alış-verişin müsbət cəhətləri ilə yanaşı inanılmaz fəsadları da var. Bu barədə bir qədər sonra.

 

Bu sektorun “əli” milyardlarla oynayır

Ondan öncə isə xatırladaq ki, yuxarıda sadaladığımız saytlarda təklif olunan mallar əsasən geyimlər, elektronika malları, ev əşyaları, mətbəx avadanlıqları, aksesuarlar, gəlinliklər, qızıl və gümüş əşyalar, şirniyyat, bəzi növ dərmanlar, məlhəmlər, ətirlər, kosmetika, kitablar, disklər, ev, maşın və daşınmaz əmlak, uşaq əşyaları, musiqi alətləri, velosiped və bu tipdən bir çox əşyalardır.  Bəzi saytlarda (bazarolsun.com) hətta ev heyvanlarının alış-verişi də təklif olunur.

Dünyada isə elektron ticarət çox inkişaf edib. Rəqəmlərə inansaq, 2012-ci ildə Qərbi Avropada internet vasitəsilə satılan mal və xidmətlərin ümumi məbləği 160 milyard avroya yaxın olduğu halda, 2013-cü ildə 175 milyard avroya, 2014-cü ildə isə 190 milyarda çatıb. İl ərzində regionda 100 milyondan çox istehlakçı ən azı bir dəfə onlayn alış-veriş edir. Böyük Britaniya, İrlandiya, Fransa, Belçika, Niderland və Lüksemburq kimi ölkələrin daxil olduğu Qərbi Avropa ticarət baxımından qitənin vacib regionu hesab olunur. Belə ki, Qərbi Avropanın ümumavropa bazarında payı 51 faiz təşkil edir. Elektron ticarətdə ən yüksək göstəriciləri Böyük Britaniya nümayiş etdirir. Reytinqdə ikinci və üçüncü yerləri Fransa və Niderland tutur. Avropada elektron ticarət bazarının ən sürətli inkişafı İrlandiyada müşahidə olunur. Bu ölkədə onlayn ticarətin həcmi ildə orta hesabla 25 faiz artaraq 5 milyard avroya çatıb. Lakin qeyd etmək lazımdır ki, irlandiyalıların internetlə etdikləri alış-verişin təxminən dörddə bir hissəsi xarici mağazaların payına düşür. Belçikanın elektron ticarət bazarında artım 20 faizə bərabərdir, lakin burada satış həcmi nisbətən azdır.

Qərbi Avropada elektron ticarətin yüksək səviyyədə inkişaf etməsinin səbəblərindən biri kimi internetin nüfuzetmə səviyyəsi göstərilir. Region əhalisinin 83 faizi daimi internetə çıxış imkanına malikdir.

 

Aldanmamaq üçün 10 qızıl məsləhət

Mütəxəssislər isə elektron alış-verişdə müştərilərin aldadılmaması üçün bir neçə maraqlı tövsiyələr verir. Bunları bir-bir sadalayaq:

 

1)Alış-veriş saytı haqda araşdırma aparın.

Online alış-veriş edəcəyiniz saytın kimə aid olduğu və nə qədər müddətdir fəaliyyətdə olduğuna dair bir araşdırma aparın. Saytın rəsmi qeydiyyatının olması, etibarlılıq dərəcəsini isə onun “əlaqə” bölməsini araşdırmaqla müəyyənləşdirmək mümkündür. Heç bir halda tanınmamış, adı duyulmamış, məşhur olmayan saytardan alış-veriş etmək olmaz.

 

2) İstifadəçilərin rəyləri ilə tanış olun.

Alış-veriş etmədən öncə forumlarda və ya sosial şəbələrdə o markaya aid paylaşılan məlumatları oxuyun, istifadəçi rəyləri ilə tanış olun. Bununla dad aha öncəki təcrübələri oxuyub, özünüz üçün müəyyən nəticələr çıxara bilərsiz.

 

3) SSL sertifikatı olub-olmadığını yoxlayın.

Online alış-veriş xidməti təqdim edən bütün saytlar dünya miqyasında kredit kartı etibarlılığı üçün bir standart olan SSL sertifikatından istifadə etməyə məcburdur. SSL sertifikatı olmadan heç bir bankdan onlayn pos almaq imkanı yoxdur. Saytın bu sertifikata sahib olub olmadığını mütləq yoxlayın.

 

4) Ortaq kompüterləri istifadə etməyin.

Ortaq istifadə edilən kompüterlərdən alış-veriş etməyin. Bu kompüterlər üzərindən kredit kartı və şəxsi məlumatlarınızı əsla paylaşmayın.

 

5) Asan təxmin edilə bilməyəcək bir şifrə seçin.

Online alış-veriş üçün bir sayta üzv olarkən başqaları tərəfindən asanlıqla təxmin edilə bilməyəcək bir şifrə seçməyə çalışın.

 

6) Uzaqdan məsafəli müqavilə yoxdursa…

Online alış-veriş saytları uzaqdan məsafəli satış müqaviləsi və ön məlumatlardırma formu təqim etməkdədir. Əgər alış-veriş həyata keçirən e -ticaret şirkəti bu müqaviləni təqdim etmirsə, bu saytlardan alış-veriş etməyin.

 

7) Qiymətlə bağlı məlumatlara diqqət edin.

Alış-veriş etdiyiniz saytdakı məhsulların qiymətləri sizə inandırıcı gəlmirsə, şübhələrinizi ciddiyə alın, araşdırma aparın. Saytda göstərilən qiymət isə məhsulu onlayn səbətə atdığınız zaman görünən qiymətin eyni olub-olmadığına nəzarət edin.

 

8) 3D ödəmə sistemindən istifadə edin.

3D ödəmə sistemi (şifrəli ödəmə), e-ticaret əməliyyatlarının etibarlılığını artırmaq məqsədilə inkişaf etdirilmiş özəl bir sistemdir. Daha dəqiq desək, həm satıcı, həm də alıcı üçün qoruyucu bir etibarlılıq mərhələsidir. Ona görə də 3D ödəmə variantını təqdim edən saytları seçin.

 

9)Fırıldaqçı onlayn alverçilər daha çox arıqlamaq üçün vasitələr, ucuz kosmetika və işlənmiş elektronika təklif edir. Bir çox hallarda tanınmış firmaların mallarının saxtasını təklif edirlər.

 

10) Alacağınız malın haqqında təsnifatlı məlumat öyrənin, çünki malı bəyənmədiyiniz təqdirdə geri qaytarmaq üçün tutarlı əsaslarınız olmalıdır.

 

Bundan başqa, mütəxəssislər qeyd edir ki, saytda onlayn ödəmə edərkən Ödəmə etdiyiniz bölməni tıklayanda saytın üzərində deyil, kənardan əlavə səhifə açılırsa ödəmə etməyin. Ödəmə səhifəsi dərhal açılmamalıdır, açılma prosesi saytın yüklənməsi prosesi kimi olmalıdır.

 

*****

Azad İstehlakçılar Birliyinin sədri  Eyyub Hüseynov isə mediaya açıqlamasında bildirib ki, onlayn alış-veriş ticarət bazarında əsl rəqabətdir. Onun fikrincə, bəzən online alış-verişin uğursuz olduğu barədə sözlər istifadə olunur, amma əslində bu sahədə ildən-ilə vəziyyət yaxşılaşır: “Onlayn alış-veriş edərkən insanlar çox diqqətli olmalıdır. Çünki bəzən mal keyfiyyətsiz olduqda onu geri qaytarmaq mümkün olmur. Buna görə də, bütün şərtləri dəqiq öyrənmək lazımdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir