derman

SOS: İnternet üzərindən satılan dərmanlar dərdinizə dərd qata bilər

Baxış sayı: 1. 556

Bu gün müxtəlif internet saytlarında qurd əleyhinə, bəzi ağrıkəsici dərmanların reklamı gedir. Hansı ki, bu dərmanlar yalnız sifarişlə gətizdirilə bilər. Çünki onlar Azərbaycanın aptek şəbəkəsində yer almır. Müxtəlif ölkələrin istehsalı adı ilə satılan bu dərmanların səhhətimizə xeyir və zərəri isə sual altındadır.

Bir sıra ekspertlər bu cür dərmanların keyfiyyətinin ürəkaçan olmadığını və online sifariş edilməklə ölkəyə gətirilən dərmanların Səhiyyə Nazirliyi tərəfdən heç bir yoxlamadan keçmədiyini bildirirlər. Bu dərmanlar ölkəmizə bir növ qaçaqmal kimi daxil olur.

Son vaxtlar nəinki xaricdən online dərman sifarişi, hətta ölkədaxili də online dərman sifariş etmək mümkündür. Onlayn dərman satışında resept əsasında təyin edilən dərmanlardan başqa, digərlərini reseptsiz olaraq ünvanlara göndərirlər. Online dərman satışı həyata keçirən saytlardan biri də aptekonline.az saytıdır. Bu saytda hətta xəstəliklərin kataloqu var və orada hər bir xəstəliyə uyğun dərman adları yerləşdirilib. Ancaq unutmaq olmaz ki, xəstəlik eyni olsa da, hər kəsin orqanizmi fərqlidir. Həkim təyinatı olmadan online məsləhətlə bu dərmanlardan sifariş etmək sağlıq durumunuzu daha da pisləşdirə bilər.

Qeyd edək ki, dərman sifarişiniz əgər çoxdursa, sizdən əlavə çatdırılma pulu alınmır. Amma sifariş etdiyiniz dərmanların dəyəri 10 manata qədər və az olarsa, sizdən 5 manat çatdırılma haqqı alınacaq.

 

Liya Bayramova: “Qeyri-rəsmi yollarla ölkəyə daxil olan dərmanları yoxlaya bilmirik”

Liya Bayramova ile ilgili görsel sonucu

Maraqlıdır, xaricdən ölkəmizə online sifarişlə gətirilən dərmanlar yoxlamadan keçirmi? Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova ölkəyə qeyri-qanuni yollarla gətirilən dərmanların heç bir yoxlamadan keçmədiyini bildirdi: “Ölkəyə gətirilən dərmanlar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin laboratoriyalarında mütləq şəkildə yoxlanılır. Amma qeyri-rəsmi yollarla ölkəyə daxil olan dərmanları yoxlaya bilmirik”.

 

Esmira Ələkbərova: “Biz yalnız tövsiyə edə bilərik ki, online dərman vasitələrini almasınlar”

Səhiyyə Nazirliyinin Dərmanların Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova ile ilgili görsel sonucu

Səhiyyə Nazirliyinin Dərmanların Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova isə insanlara online dərman almamağı tövsiyə etdi: “Azərbaycanda online dərman satışı tənzimlənmir. Bizim bu barədə bir səlahiyyətimiz yoxdur. Biz yalnız tövsiyə edə bilərik ki, online dərman vasitələrini almasınlar. Daha yaxşı olar ki, resept əsasında apteklərdən alsınlar. Azərbaycanın aptek şəbəkəsində olan dərmanlar laborator sınaqlardan keçirilir. Laborator keyfiyyəti nəzərə alınaraq qeydiyyata düşür və apteklərdə satışa buraxılır. İnternetdə online olan dərmanların satışının tənzimlənməsi bizim səlahiyyətimizdə deyil. Azərbaycan daxilində fəaliyyət göstərən hansısa aptekin dərmanı online formada satması isə artıq kommersiya məsələsidir. Bu, artıq onların özlərinin təşkil etdiyi bir xidmətdir. Dərman aptekdə var və onun online satılması, evə çatdırılması bir xidmətdir. Bu dərmanların qeydiyyatının olub-olmaması isə ayrı bir mövzudur. Ümumiyyətlə isə bir daha qeyd edim ki, Azərbaycanda online dərman satışı tənzimlənmir və biz bu cür satılan dərmanların keyfiyyətinə cavabdeh deyilik. Online satış çox vaxt resept əsasında həyata keçirilmir. Kimsə qohum, qonşunun məsləhəti ilə internet üzərindən dərman sifariş edirsə, heç kim deyə bilməz ki, bu dərman ona hansı səviyyədə təsir edəcək”.

 

Adil Qeybulla: “Dərmanların reklam edilməsi, internet üzərindən satılması tam anormal bir şeydir”

Adil Qeybulla ile ilgili görsel sonucu

Tibb elmləri doktoru, professor Adil Qeybulla bunun anormal bir hal olduğunu bildirdi: “Ümumiyyətlə, dərmanların televiziyada reklam olunub, xəstələrə satılması absurd bir şeydir. Bu, yalnız Azərbaycanda ola bilər. Əslində dərman maddəsi nə reklam oluna, nə də özbaşına satıla bilər. Dərman yalnız həkim resepti əsasında satılmalıdır. Dərmanların reklam edilməsi, internet üzərindən satılması tam anormal bir şeydir. Xarici ölkələrdən internet üzərindən online gətirilən dərmanlar dərman dövriyyəsindən kənar daxil olur”.

 

 

Günel MANAFLI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir