qadin

Sosial fobiya nədir? – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 669

Sosial fobiya cəmiyyət arasında danışarkən, oturarkən, hər hansı işlə məşğul olarkən, sosial fəaliyyət zamanı ortaya çıxan, nevrotik xəstəliklər qrupuna aid olunan psixoloji problemdir. Qeyd olunan narahatlıqlar yalnız sosial mühitdə yaşanır. Məsələn, evdə tək olanda rahat şəkildə telefonda danışan biri, cəmiyyət arasında telefonda danışa bilmir və təşviş keçirir. Bu hallar artdıqca mühitdən uzaqlaşır və tamamilə özünə qapanır.

Sosial fobiyalı insanlar bu hissləri keçirməmək üçün müxtəlif müdafiə mexanizmlərindən istifadə edirlər: mühitdən uzaqlaşma, sosial ünsiyyət defisiti, göz kontaktından qaçma, xəyal qurma, alkoqol asılılıq və insanlara qarşı laqeydlik

 

Simptomları (əlamətləri):

Sosial fobiyanın əlamətləri fiziki, koqnitiv (zehni) və bihevioral (davranış) olmaqla üç kateqoriyaya bölünür:

 

a) Fizioloji simptomlar

  • Üzün qızarması
  • Tərləmə
  • Ağızda quruluq
  • Ürək döyüntüsünün artması
  • Təngnəfəslik
  • Titrəmə

 

b) Zehni (koqnitiv) simptomlar

  • Çirkinəm, bəyənilmirəm kimi düşüncələr
  • Sevilmədiyini və gücsüz olduğunu ifadə edən düşüncələr
  • “Mükəmməl olmalıyam, səhvlərim olmamalıdı”
  • “Narahatlığımı bildirməməliyəm”
  • “Rahat olmalıyam”
  • “Hamı məni bəyənməlidir”

c) Bihevioral (davranış) simptomlar

  • Qorxduğu yerə getməmək və ya həmin yeri tərk etmək
  • Göz kontaktı qurmamaq
  • Mənasız düşüncələr
  • Xəyal qurmaq
  • Mövzunu dəyişdirmək
  • Alkoqol istifadəsi

 

Sosial fobiyalı insanlar yaşadıqları narahatlıqlara görə bir çox işlərlə məşğul ola bilmirlər və zaman keçdikcə insanlarla ünsiyyətdə çox ciddi çətinliklər yaşayırlar.

 

Səbəbləri:

Problemin yaranmasında psixososial faktorların təsiri olduqca yüksəkdir. Bu kateqoriyaya həmin insanın ailəsi, ətrafı və dostları aid olunur. Ailə sosial fobik insanın təhsilində ən əhəmiyyətli rol oynayan ünsürdür.

Şəxsiyyət əksər hallarda 0-6 yaş arasında ailədən aldığı tərbiyə üsuluna görə formalaşır, fərdin sosial proseslər qarşısındakı davranışı ailədən əldə etdiyi təcrübələrə əsasən dəyişir. Tədqiqatlarda qatı, nəzarətçi, mükəmməliyyətçi, tabulara həssas yanaşan, sosial münasibət sevməyən və özünüqiymətləndirmə ilə bağlı hədsiz avtoritarlıq göstərən ailələrdə böyüyən uşaqlarda sosial fobiya riskinin daha yüksək olduğu göstərilir. Belə ailələrdə böyüyən uşaqlarla əsasən ailə üzvləri ilə ünsiyyət yaradılmır və ya uşaq özünü ifadə etmək istədikdə sərt reaksiya ilə qarşılaşır. Həmçinin bu tip ailələrdə cəmiyyətin onlar haqqında fikirləri, nə düşündükləri böyük əhəmiyyət kəsb edir. Ailə üzvləri üzərində sosial təzyiq yüksəkdir.

Sosial fobiyası olan insanların düşüncə strukturlarına nəzər yetirdikdə bəzi xüsusiyyətlər ortaya çıxır:

  • Özləri ilə bağlı dəyərsiz cümlələr qururlar
  • Hər şeyin mükəmməl olmasını istəyirlər; mükəmməllik başqaları tərəfindən sevilmək üçün lazım olan haldır
  • Gördükləri işlərlə bağlı danışarkən daha çox neqativ hisslərə köklənirlər
  • İnsanlar münasibətlə ilə bağlı xatirələri əksər hallarda mənfi istiqamətdədir
  • Sosial mühitdə olan insanların onlar haqqında mənfi düşüncəyə sahib olduqları fikrindədirlər
  • İnsanlar arasında alçaldılmaqdan, yumor obyekti olmaqdan qorxurlar.
  • Başqaları onları incitməsin deyə hər şeyi nəzarətdə saxlamağı düşünürlər, lakin daxili həyəcanlarına nəzarət etmədikləri üçün özgüvənləri yoxdur

 

Terapiyası:

Adətən bu tip insanlar psixoloqa müraciət etməkdə müəyyən çətinliklər, tərəddüdlər yaşasalar da, tez bir zamanda müsbət nəticə əldə edə bilirlər. Əsasən koqnitiv-bihevioral terapiyadan istifadə olunur. Psixoloq duyğu və düşüncə üzərində fokuslanır. Çox ağır formalarında farmakoterapiya tətbiq oluna bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir