SAHIB ALTAY

Sosial izolyasiya qaydalarına niyə əməl edilmir?

Baxış sayı: 289

Verilən rəsmi məlumatlardan belə məlum olur ki, son günlər koronavirusa yoluxanların sayı artıb. Bu, artıq ikinci dalğanın gələ biləcəyinə işarədir. Amma insanlar karantin qaydalarının yumşaldılmasından sui-istifadə edərək sosial izolyasiya qaydalarına əməl etmir, o cümlədən tibbi maska taxmır, sosial məsafəni qorumurlar. Niyə?

 

Sosioloq Sahib Altay bunun bir neçə səbəbi olduğunu deyir:

“Əvvəla onu bildirim ki, azərbaycanlılar irrasional düşüncəyə malikdirlər. Yəni biz hər şeyi qeyri-ciddi qəbul edə, ən ciddi xəbərləri belə zarafata sala bilərik. Çünki elmi-nəzəri düşüncə tərzinə sahib deyilik. Sosial izolyasiya qaydalarına əməl etməməyimizə təsir edən ən mühüm məqam məhz budur”.

Sosioloq bəzən qeyri-dəqiq informasiyaların verilməsinin də  mühüm rol oynadığınmı dedi: “Hərdən dezinformasiyalar, şayiələr yayılır. Hətta məndə olan məlumata görə, bəzi adamlara vəfat edən yaxınlarının ölüm səbəbi kimi pul qarşılığında koronavirusu  yazmalarını təklif ediblər. Bu kimi hallar insanlarda pandemiyaya olan inamı azaldır”.

Koronavirus

S.Altayın fikrincə, insanın sosial varlıq olmasını da nəzərə almaq lazımdır:

“İnsan təkcə bioloji yox, həm də sosial varlıqdır. Yəni, o, mütləq sosial fəaliyyətlə məşğul olmalıdır. İnsanı insan edən budur. Ona görə də vətəndaşlar evdən çölə çıxmağa, işə gedib-gəlməyə can atırlar. Uzun müddət evdə qalmağın ciddi fəsadları ola bilər. Təsəvvür edin, həbsxanadan çıxan dustaq cəmiyyətə adaptasiya olmaq üçün neçə il əziyyət çəkir. Təsadüfi deyil ki, artıq bir çox Avropa ölkəsində vətəndaşlar karantin qaydalarının aradan qalxmasını tələb edirlər. Çünki iki aydan artıq evdən qalmaq, cəmiyyətdən tədric olunmaq assosiallaşmaqla nəticələnir. Və bu, heç kimin ürəyincə deyil. Onlayn ticarətin üstünlüklərindən danışanlar da məhz bu məqamı- assosiallaşma təhlükəsini unudurlar. Çünki vətəndaş-bazar münasibətləri sosiallaşmanın əsas şərtlərindəndir. Bu mənada sosial izolyasiyaya əməl etmək çətindir. Hökumət bunu lazım bildiyi təqdirdə, qaydaları sərtləşdirməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir